Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Paşinyana ilk xəbərdarlıq gəldi: İrəvanda əksinqilab hazırlanır



Ermənistanda yenidən etirazlar başlaya bilər. “Məxməri inqilab”dan sonra ikinci cəhddə baş nazir postunu ələ keçirən Nikol Paşinyan bu dəfə özü etirazların hədəfinə tuş gəlib. Artıq etirazların ilk işartıları görünür və proseslərin gedişatında bunun böyüyərək əks inqilaba çevriləcəyi istisna olunmur.

Paşinyanın baş nazir seçilməsinə baxmayaraq hələ də Ermənistanın siyasi elitasında birmənalı şəkildə qəbul olunmur. Bəllidir ki, hələ də Ermənistanda keçmiş prezident Serj Sarkisyanın partiyası daha güclüdür. Parlamentdə keçirilən baş nazir seçkilərindən sonra Respublika Partiyasının bəyanatında da göstərilirdi ki, Paşinyana qarşı müxalif mövqedə dayanacaqlar. 

Onların parlamentdə çoxluğa sahib olması isə Nikol Paşinyanın işinin çətin olacağını deməyə əsas verir. Nəzərə alsaq ki, Paşinyan baş nazir olmaq üçün ilk seçkidə lazımi səsi ala bilmədi və sonradan müəyyən dəyişikliklərdən sonra ikinci cəhddə baş nazir seçildi. Bu, Sarkisyanın rəhbərlik etdiyi siyasi qüvvənin o qədər də zəif olmadığını göstərir. Paşinyanın əleyhinə işləyən digər bir amil isə onun Qərbyönümlü olmasıdır. Məlumdur ki, Ermənistan bütün dövrlərdə Rusiyanın bir əyaləti kimi yaşayıb. Bu baxımdan Paşinyanın özünü Rusiyaya sevdirməsi önəmli məsələdir. Nəzərə alsaq ki, Rusiya prezidenti Vladimir Putin Paşinyanı ilk dəfə canlı olaraq 14 may tarixində görüb. Paşinyanın özünü Putinə sevdirməsi elə də asan olmayacaq. Burada əsas məsələ Putinin “tapşırıqlarının” necə yerinə yetirilməsidir. Əgər Paşinyan da Putin üçün “Sarkisyan” olacaqsa, ən azından növbəti seçkilərə qədər hakimiyyətdə qala biləcək. Yox, əgər deyildiyi kimi Paşinyan Qərbə meyillənəcəksə, onun hakimiyyətinin uzun sürməyəcəyi aydındır. Kremlin “məxməri inqilab”ın liderinə o qədər də inanmadığı bəllidir.

Maraqlıdır, Moskva İrəvanda əksinqilabı gücləndirə bilərmi?

Siyasi-şərhçi Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında Paşinyana qarşı əksinqilabın olacağını istisna etməyib: “Reallıq ondan ibarətdir ki, Paşinyan özünü Sarkisyan kimi aparsa, ölkəni bu vəziyyətdən çıxara bilməsə, heç bir məsələni həll etmək iqtidarında olmasa, əlbəttə ki, həmin o, meydan onu çox asanlıqla devirə bilər. Biri var küçələrdə qəhrəmancasına bəyanatlar vermək, əhaliyə hakimiyyətə qarşı qaldırmaq, təhrikedici çağırışlar etmək, biri də var dövləti idarə etmək, daxili, xarici siyasətdə prioritetlər cızmaq və onları yerinə yetirmək. Artıq hiss olunur ki, müəyyən təbəqə Paşinyana qarşı etiraz edir. Məsələn, Ermənistanda siyasi məhbuslar var ki, onların azad olunması ilə bağlı tələblər artıq güclənir. Paşinyan isə bunu etmir. Baxmayaraq ki, Paşinyan özü onların siyasi məhbus olduğunu, azadlığa buraxılmasının vacib olduğunu deyirdi. İndi isə deyir ki, onların işlərinə əvvəlcə hüquqi müstəvidə baxılmalıdır, ancaq ondan sonra siyasi məhbuslar azadlığa buraxıla bilər. Bu artıq ziddiyyətli bir yanaşmadır. Paşinyan bununla özünü inkar edir. Əlbəttə ki, belə davam edərsə, etirazlar ona qarşı da yönələ bilər”.

Fikrət Sadıqov hesab edir ki, Paşinyan Sarkisyan kimi davranarsa, onun hakimiyyəti qısa sürəcək: “Paşinyan kimin adamı olursa-olsun, o, Rusiyaya bağlı bir ölkəyə rəhbər gəlib. Bu ölkə Rusiyasız dolana bilməyəcək. Çünki Ermənistanın əsas donoru, sponsoru, hərbi-siyasi müttəfiqi Rusiyadır. Hətta Ermənistanın iqtisadiyyatı belə hələ də Rusiyaya bağlıdır. Hazırda Rusiyanın özündə də ciddi iqtisadi problemlər mövcuddur. Sanksiyalarla üz-üzədir. Bu baxımdan onların Ermənistan iqtisadiyyatına nə qədər effekt verə biləcəyi sual altındadır. Ona görə də əgər Paşinyan düşünülmüş siyasət aparmasa, heç nəyə nail ola bilməz. Paşinyanın Qərblə münasibətləri yaxşıdırsa, bunu bundan sonra da inkişaf etdirməlidir. Qərbdən kömək istəməlidir. Əminəm ki, Qərb Rusiyanın hazırkı durumundan istifadə edib Ermənistanda nəsə edə bilər. Amma hələ ki, Paşinyanın bu istiqamətdə Qərbə müraciət ünvanladığı görünmür. Əgər vəziyyət bundan sonra da belə bir müstəvidə davam edərsə, düşünmürəm ki, Paşinyanın hakimiyyəti uzun sürəcək”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений