Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qayaları sıldırım, düşməni qarı Laçın...



Qədim Azərbaycanın qərb hissəsinin düşməndə qalan əraziləri (İrəvan quberniyasının əraziləri) ilə hazırda sərhəd təşkil edən inzibati-ərazi vahidləri (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları) XX əsrin əvvəllərində Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının tərkibində olmaqla təbii və canlı səngər kimi düşmənə göz dağı idi. Qəzanın mərkəzi olan Gorus şəhəri hay kilsəsinin nəzdində olan silahlı-quldur daşnak hayların qanlı yuvası, Azərbaycan xalqına qarşı nifrət hissinin və qəddar düşmənçilk ideyalarının mayalandığı yer kimi tarixdə yer tutur.

1905-1907-ci, 1915-1920-ci illərdə Azərbaycan dövlətçiliyinə qarşı hayların silahlı təcavüzü məhz bu daşnak ocağından istiqamət alıb. Qeyd etmək lazımdır ki, təkcə Zəngəzur qəzasının müsəlman-türk əhalisi olan 115 kəndi həmin illərdə yerlə-yeksan olunub, 8-10 minə qədər dinc sakin vəhçicəsinə qətlə yetirilib, 60-70 min nəfər əhali doğma yurdundan-ocağından didərgin salınıb. Onlar Naxçıvan, Gəncə, Yevlax, Şəki, Şirvan şəhərlərinə, Cəbrayıl, Ağdam, Bərdə, Tərtər rayonlarına, eləcə də Cənubi Azərbaycan mahallarına köçüblər.

Bu sırada düşmən hücumlarına layiqli sinə gərən və igid oğulları ilə onu geri oturdan Laçın rayonunun yeri xüsusilə, yada düşür. Və Laçın bölgəsi xatırlananda bu yurdun tarixən igid oğulları sırasında xalq qəhrəmanı Sultan bəy Əlipaşa bəy oğlu Muradovun (1871-1942), onu qardaşı, Azərbaycan Cümhuriyyətinin ilk hərbi naziri, 15 yanvar 1919-cu ildən Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Paşa bəy oğlu Sultanovun (1879-1943) adını çəkməmək olmaz. Bu iki qardaşın hünəri hesabına (müzəffər türk ordusu ilə birlikdə) XX əsrin əvvəllərində Qərb bölgəmizin, ilk növbədə Zəngəzur, Yeni Bəyazid, Şuşa qəzalarındakı müsəlman-türk yaşayış məntəqələrinin tamamilə düşmənin cənginə keçməsinin qarşısı alınıb, minlərlə dinc sakinin həyatı xilas edilib. 1919-cu ilin fevralında təkcə Zabux kəndi yaxınlığındakı Tat dərəsində (Laçın şəhərindən 15-16 km aralıda) düşmənin 30 min qulduru xüsusi taktiki gediş nəticəsində məhv edilib, quldurbaşı A. Ozanyanın Qarabağ bölgəsinə təcavüzünün qarşısı igidliklə alınıb. Deyilənə görə, bu dərədən axan Zabux çayının suyu bir müddət qanlı-köpüklü axdığından sonralar “Qanlı dərə” adlanan yerdə bitən xartut ağacının meyvəsinə toxunan olmayıb ki, bu yerlər murdar qanı ilə sulanıb...

Laçın bölgəsində daha çox təcavüzə məruz qalmış yaşayış məntəqələri sırasında (ümumilikdə bu mahalda 5 minə qədər dinc sakin haylar tərəfindən qətlə yetirilib) Sadınlar, Mişni, Cağazur, Hacılar, Quşçu, Minkənd, Qarıqışlaq, Mirik kəndlərinin adları çəkilr. Bu kəndlərə hücumlar qonşu Gorus-Sisyan ərazilərində yaşayan Xənəzək, Xonzavar (əslində bu toponim türk mənşəli “Xəzinə var” sözündən rayanıb, torpağının bol bərəkətli olmasına işarədir), Bayandur, Xınzirək, Dığ kəndlərində məskunlaşan sulahlı hay quldur dəstələri tərəfindən həyata keçirilib. Nəticədə təkcə Sadınlar kəndində 30 nəfər sakin haylar tərəfindən bir gecədə qətlə yetirilib.

Yerli özünümüdafiə dəstələrinin təşkilatlanması Sultan bəy tərəfindən keçirilib, bölgədə “əli silah tutan cavanlar” vahid nizami dəstə halında birləşərək düşmənə qarşı igidliklə vuruşublar.

Seyidlər kəndindən Seyid Həmidin, Camal bəy Həzrətqulubəyovun, Əsgər bəy Rüstəmbəyovun, Mənsum Məmmədyar oğlunun, Güləbird kəndindən çal Aslanın, Mişni kəndindən Kərbəlayi Ramazanın (7 dəfə Kərbəla ziyarətində olub), Qənbər Cəfər oğlunun, Sadınlar kəndindən Həmzə Kərim oğlunun, Rüstəm Əhməd oğlunun, Süleyman Kərbəlayi Yusif oğlunun, Laçın şəhərindən Bığlı Həşimin və bir çox başqalarının adları indi də hörmətlə anılır.

Mişni kəndi (o vaxtlar bu kənddə 70-80 ev olub) Həkəri çayının sağ sahilində Ər Təpənin ətəyində yerləşir. Yaxınlıqdakı Soyuqbulaq Daşı (yüksəklik anlamına gəlir, köksündən buz kimi suyu olan bulaq qaynayır) ilə Ər Təpə arasında geniş düzəngah mövcuddur, həmişə orada əkin-biçin işləri görülüb. Qanlı-qadalı həmin illərdə el qəhrəmanı Sultan bəy bu düzəngahda durbinlə düşmən tərəfə baxırmış kəhər atının üstündə. Anl olaraq oradan uzaqlaşır. Bir azdan onun durduğu yer düşmənin top atəşinə məruz qalır. Mişni kəndinə hücum olmazdan əvvəl hay silahlıları Seyidlər kəndində də qırğınlar törətmişlər.

Laçın nahiyəsinin özünümüdafiə qüvvələrinin döyüş səngərlərindən biri də Qarıqışlaq kəndinin yaylağ yeri-Qaragöl olub. Bu gölü 1988-1989-cu illərdə damarlarında hay qanı axan yerli-milli məmurlar haylara veriblər. Gölün özəlliyi odur ki, həm yüksək dağ gölüdür, həm də qışda donmur. Haylar indi bu göldə balıq yetişdirilər, ilboyu dünya bazarına öz məhsulları kimi çıxarıb siyasi və iqtisadi üstünlük əldə edirlər. Qaragölün ətrafı strateji ərazi baxımından üstün mövqeyə malik olduğundan, eləcə də Gorus şəhəri və Sisyan nahiyəsi ilə qonşu olduğuna görə 1918-1920-ci illərdə silahlı hay quldurları Gorus şəhərindən Sisyana, oradan isə bu ərazilərə, Laçın torpaqlarına ayaq aça biliblər.

Qaragöl-Çalbayır vuruşmalarında Mişni kəndinin igid oğlu Əhməd Yusif oğlu xüsusi fəallıq göstərib. O, həmçinin həmkəndlilərini də ətrafında toplayaraq sərt və sıldırmlı qayaların təbii səngərində aylarla quldurlara qarşı döyüşüb, onları geri otuzdura bilib.

Həmin dövrdə ayaqları dəyən yerdə haylar qırğınlar törətməklə yanaşı-qədim türk yurdunun əvəzsiz maddi abidələrini də dağıtmağı, yerlə-yeksan etməyi unutmayıblar. Mahalın Vəliobası kəndi yaxınlığında Ağoğlan məbədini haylar dağıtsalar da, Əhmədli, Sonasar və Hocaz kəndlərində Alban məbədlərini “tarixi soyqırım” qurbanı olmaqdan yerli döyüşçü dəstələri, başda Sultan bəy olmaqla qoruya biliblər.Sultan bəyə sui-qəsd olanda onun sədaqətli köməkçisi Qənbər Cəfər oğlu bir müddət Qırxqız dağındakı Gordagah meşəsindəki kühüldə (kahada, mağarada) ona qulluq etmiş, sonra Kəlbəcər ərazisindən keçib Əliyanlı bəylərinin qonağı olmuş, oradan isə Cənubi Azərbaycanda təhlükəsiz məskunlaşa bilib.

Deyilənə görə, 20-30-cu illərdə laçınlı Bığlı Həşim 4 nəfər dəstəsi ilə Qum şəhərində Qənbər Cəfər oğlu ilə görüşürlər. Məscidlərin birində məskunlaşan molladan şübhəli olduqlarından onun tədbirini Qənbər Cəfər oğlu özü görür. Məlum olur ki, həmin məlun hay əsilli imiş...

1918-ci ilin oktyabr ayında Gorus şəhəri yaxınlığında qalın Qafan meşəliyindəki bir binada gecələyən 80-100-ə qədər türk döyüşçülərini haylar amansızcasına qətlə yetiriblər...

(Yazı Laçın rayonu, Mişni kənd sakini, təqaüddə olan müəllim Ramazan Məcid oğlu Qarayevin 1933) söhbəti əsasında qələmə alınıb.)

Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений