Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cinayətlərin daha bir səbəbi: Bayağı şou proqramlar - Şəmsəddin Əliyevdən  II yazı



İnsanın zinəti geyimində yox, davranışındadır

Hz. Əli (ə.s)

Qanunların keyfiyyəti bütün ictimai formasiyalarda insanları düşündürmüş, onun hansı məqsədlə müzakirəyə çıxarılmasından çox, qəbul olunan dildə necə anlaşılması maraq doğurmuşdur. Müəyyən sahələrdə qanunların çoxluğu həm icraçılar, həm də vətəndaşlar üçün çaşqınlığa və mübahisələrə yol açdığından, son nəticədə əziyyət çəkən yenə vətəndaşlar olur. Cəmiyyətə zidd davranışların anlayışı özündə inzibati və cinayət məsuliyyəti yaratmayan bir şəxsin, digər şəxsin qanuni maraqlarına və hüquqlarına, hamılıqla tanınan davranış qaydalarına və mənəvi normaların pozulmasına yönələn hərəkətlərini ehtiva edir.

(Əvvəli ötən sayımızda http://www.cebhe.info/oxu.php?id=99338)

2015, 2016 və 2017-ci illər ərzində ölkə ərazisində ictimai münasibətlərə zidd davranışlar nəticəsində cinayət qanunvericiliyi ilə qadağan edilən (hər il) 26 mindən çox, bəzən az ictimai təhlükəli əməllər (ictimai münasibətlərə zidd davranışlar) qeydə alınır. Bu dövrlər ərzində həyata keçirilmiş əməliyyat-axtarış, profilaktik və xəbərdarlıq xarakterli tədbirlərin təzahürü olaraq 2015-ci il ilə müqayisədə 2016-cı ildə 1,1%, (-305 fakt) az cinayətlər qeydə alınmışdır. Qeydə alınmış cinayətlərin (2016-cı il ərzində) 12798-i şəxsiyyət əleyhinə olan faktlar olmuş, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə isə 6835 cinayətlər dinamikada diqqət çəkir. 2017-ci ildə də baş verən cinayətlərin ümumi sayı 2016-cı il ilə müqayisədə 2,7%, cinayətlərin ağır və xüsusilə, ağır növləri 9; qəsdən adam öldürmələr 9,5; quldurluqlar 23,6; qarətlər 16,6; dələduzluqlar 11,8; odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 12,5 faiz müvafiq olaraq azalıb. Həyata keçirilmiş prosesual hərəkətlər, çevik əməliyyat-axtarış tədbirləri, qətiyyəti ilə seçilən və peşəkarlığın nəticəsi olaraq 26 mindən artıq (bəzən az) baş verən cinayətlərin 86%-nin açılması təmin edilib.

Polis orqanlarının fəaliyyətini rəğbətlədirən digər diqqət çəkən müsbət hal Dünya İqtisadi Forumunun “2017-2018 illər üzrə qlobal rəqabətlilik” hesabatına əsasən “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə Azərbaycan polisinin (ötən illərlə müqayisədə) 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşmasıdır. Bu,çox diqqətəlayiq faktdır.

Göründüyü kimi, real mənəvi həyatda tərbiyəvi şüur - düşüncə hər şəxsin müstəqil davranışlarına sahib çıxır, onun hərəkətlərinə hakimlik edir. Bu dəyərlərə hörmət edib, onu qoruya bilən şəxslər davranışlarını tənzimləyə bilir, xeyirlə şəri, ədalətli mövqeyi ilə ədalətsizliyi üstələyə bilir, ləyaqəti ilə ləyaqətsizliyə qalib çıxır, ictimai münasibətlərə, vətəndaşların hüquq və azadlıqlarına qarşı hörmətsizlik, qanunlara münasibətdə isə itaətsizlik hallarına yol vermir.

Hərəkətlərinə hakimlik edə bilənlər xeyirxah düşüncələrinin lokomotivinə çevrilirlər. Amma təəssüflə qeyd edim ki, hamı bu sayaq davrana bilmir. Mən, bunu ictimai həyatın çox sahələrinə aid edə bilərəm. Bu gün ictimai mənəviyyata təsir edən, bəzən ona rəvac verən, mənəviyyatsızlığı ictimai şüurda təsdiq edəcək addımlar atılır, əxlaq prinsipləri pozulur. Daha çox televiziya verilişlərində, seriallarda, aparıcıların efirdə qəlibə sığmayan, qayçılanmayan davranışları ikrah doğurur. Tanınmış, ictimai nüfuza malik, eyni zamanda mənəvi dəyərlərin qorunması üçün çalışan fərdlərin çıxışlarına, filoloqlara, təcrübəli psixoloq-həkimlərə, hüquqşünaslara, tanınmış yazıçılara az yer verilir (verilmir). Tele-şoular çox vaxt mənəvi dəyərlərlə üst-üstə düşmür, müsbət əxlaqi nəticə doğurmur.

Vətənpərvərlik hissinin, vətənə sədaqət ruhunun yüksəldilməsi istiqamətində, Cumhuriyyətimizin 100 illiyi ərəfəsində debatların və verilişlərin keçirilməsi daha məqsədəuyğun olardı. Efirdə səslənən bayağı, şit, mənasız, poetik ruhdan və lirikadan uzaq, “standartlara” cavab verməyən subyektiv təxəyyülün zay məhsulu olan sözlərə bəstələnmiş mahnıların ifası və yaxud geyiminə sahib çıxa bilməyən bəzi xanımların telesəhnədəki hərəkətləri mənəviyyatdan uzaqdır. Aparıcılar, dəvət olunanlar istədiyi geyimdə, istədiyi kimi danışırlar. Belələri, inciməyin, “Onlara baxırlar” sözünün mənasını anlamırlar! Qız kimi əzilib-büzülən kişilərin mənəviyyatdan dərs deməyə mənəvi haqları yoxdur. Bir də axı, nə qədər çalıb-oxumaq olar?! Başqa dərdimiz-sərimiz yoxdur?!

Belə olmaz! Cəmiyyət üçün, mənəvi dəyərlərin qorunması və gənc nəslin sözün həqiqi mənasında inkişafı üçün öyüd, nəsihət verən verilişlər hazırlanmalı, o verilişləri intellekti ilə idarə edə bilənlər aparmalıdırlar. Bu mənada Az.TV nümunə ola bilər. Kanalların bəzilərində spirtli içkilər hədsiz reklam olunur. Təbliğat gücü ilə müştərilərə “gəlin alın və ləzzətini də dadın” çağırışı edilir, ictimai qaydanın pozulması, gözləmədiyimiz və arzulamadığımız ağır halların baş verməsi üçün təbliğat kampaniyasının coğrafiyası böyüyür...

Bu hərəkətlərlə də cəhalətin meyvəsi olan pis əxlaq və vərdişləri təbliğ edirik. Cəmiyyətə qarşı törədilə biləcək hər hansı bir kobudluq hallarından çəkindirmək vəzifəsinə mükəlləf ola bilmirik. Əmin- amanlıqdan daha gözəl nemət nə ola bilər? Bu neməti təmin edənlər və siyasəti formalaşdıranlar var. Onların qədrini bilək. Xalqın rifahı ölkədə təhlükəsizliyin təmin olunmasındadır. Şükür Allaha, bu da var. Hamı vəzifəsini və hüquqlarını bu sayaq anlasa və icra etsə, pis vərdişlərə və davranışlara da yer qalmaz.

Seriallar daha çox ssenari müəlliflərinin həyatını əks etdirir (belə düşünmək olar). Aparıcılarda aktyorluq qabiliyyəti demək olar ki, ya yoxdur, varsa da yalnız özlərini nümayiş etdirmək təəssüratını yaradır, tamaşaçı üçün əsla yaşamırlar. Zənnimcə, əsl gözəllik etibar edilən işdən zövq almaqda, ona sədaqət nümayiş etdirməkdə ifadə oluna bilər. Aparıcı “verilişi” özününküləşdirməklə sui-istifadə hallarına yol vermiş olur. Unutmayaq ki, televiziya verilişlərində yayımlanan hər hansı xoşa gəlməz davranışlar və ifadə tərzləri hər bir tamaşaçının sanki evindən başlayır...

Digər narahatlıq doğuran hal psixoloji gərginlik yaradan iyrənc reklamların tez-tez yayılması ilə bağlıdır. İki nəfərin ehtiyat edib pıçıltı ilə bir-birilərinə söyləmək istədiklərini bəzi televiziya kanalları reklam edir, car çəkir. Az qala hamıya məsləhət görülür ki “bundan alın, qorunarsız”. Yəqin bildiniz nədən söhbət gedir. Bəzən ailə ilə süfrə arxasında şam edərkən verilişlərin müəyyən hissəsində həmin o “bezlər” reklam olunur. Uşaq soruşur: O nədir elə? Cavab vermək olmur! Ayıbdır axı...

Məni qınamayın, bir vətəndaş kimi bunları yazmaya bilməzdim. Sırf vətəndaşlıq mövqeyindən çıxış edərək, bir valideyn və pedaqoq kimi fikirlərimi oxucularla bölüşmək istədim.

Həyat qanunlarına, mənəviyyatımızı, əxlaqımızı əks etdirən, öyüd, nəsihət və tərbiyə kəsb edən dəyərlərə hörmət etsək keçmişimizi qoruyarıq. Allah millətimizi qorusun!

Şəmsəddin Əliyev

Hüquqşünas - publisist

“Qızıl Qələm” media

mükafatı laureatı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений