Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Paşinyanın “küçə uşaqları”: Qəribə adamların hökuməti:  İddialı xanımdan mikrafon daşıyana qədər... 



Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsiylə ölkəyə maraq həm artıb, həm də müzakirələr bir-birindən fərqli məcralara yönəlib. Diqqəti çəkən əsas məsələ həm də Paşinyan hökumətində təmsil olunan kadrlardır. O kadrlar ki, onların vəzifəyə təyinatı heç ölkə daxilində də birmənalı qarşılanmayıb.

Dəyişiklik istədiklərini deyən ermənilər üçün də bu kadrlar deyəsən, çox gözlənilməz olub. Paşinyanın kadrları barədə əvvəlcədən fikir yürütmək, təxmin vermək demək olar mümkün olmayıb. Məsələn, hələ də erməni cəmiyyəti anlamır ki, antaqonist kimi tanınan İrəvan polisinin rəis müavini Valeri Osipyan birdən-birə necə bütün ölkə polisinin rəhbərliyinə gətirildi? Baxmayaraq ki, onu çoxları yaxşı tanıyır, bununa belə birdən-birə nazir səviyyəsinə yüksəlməsi ermənilər üçün sürpriz oldu. Yaxud Ermənistanın əsas maliyyə mənbəyi, siyasi dəstəkçisi olan neçə milyonluq diaspora 28 yaşlı nazir rəhbərlik edəcək. Bunu xaricdəki erməni oliqarxları necə qəbul edəcək? Bir “uşağın” sözü ilə oturub- durmağı özlərinə sığışdıracaqlar, yoxsa nazirin vəzifəsinin əslində onları razı salmaq olduğunu düşünüb susacaqlar? Cebhe.info xəbər verir ki, Rusiya mətbuatında yer alan məqalələrdə Paşinyan hökumətində kadr təyinatlarına müxtəlif aspektlərdən yanaşılıb. 

Paşinyanın 11 dostu

Aprelin sonuna qədər ölkəyəyox, ancaq bir qrup müxalifə rəhbərlik edən Nikol Paşinyan bir neçə gündə vəzifə pilləsində xeyli irəlilədikdən sonra ölkədə kadr təmizliyi aparacağını vəd etdi.  Hökumət başdan-başa yeniləndi. Köhnədən qalan bəzi vəzifə sahibləri isə məcbur yerdəyişməyə razılaşmalı oldular. Hazırda Ermənistan hökumətində 22 nəfər təmsil olunur. Bura Aparat rəhbəri, baş nazir və 3 müavini də daxildir. Qalanları isə nazirlərdir. 3 kreslo “Çarukyan” blokuna nəsib olub. 2 kresloda “daşnaklar” oturub. Daşnaksütyun Paşinyana “məxməri inqilab”da dəstək verib və bu dəstəyi Paşinyan onlara nazir kreslosu ilə qaytarıb. Qalan yerlər isə Paşinyanın tərəfdarları və kənardan dəvət edilənlərə ayrılıb. Paşinyan kənardan 11 nəfər dəvət edib. Elə Paşinyan özü də kənardan gəlmədir. Ölkədə siyasi güc hesab edilən Respublika Partiyası isə yeni hökumətin formalaşması ilə kreslolara “əlvida” deməli olub. Amma bu, o demək deyil ki, onlar bütünlüklə hökumətdən gediblər. Hələlik müdafiə naziri David Tonoyan Respublika Partiyasında rəsmən təmsil olunmasa da, köhnə qvardiyadandır. Əvvəlki hökumətdə Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edib. Ona qədər isə müdafiə nazirinin müavini olub. Ölkədə peşəkar kadr kimi tanınır, buna görə də təyinat alması o qədər də gözlənilməz olmayıb.  

Paşinyana rəhm etdi, nazir oldu

Polis şefi Valeri Osipyan isə Paşinyanla tez-tez görüşüb. Doğrudur, bu görüşlər Paşinyanın rəhbərlik etdiyi etiraz aksiyaları ilə bağlı olub.  O günlərdə İrəvanda polis rəisinin müavini olan bu adam Paşinyanla az qala gündəlik görüşlərindən sonra onun komandasına daxil olmağı bacarıb. Onların münasibətinin dostluq üzərində qurulduğunu demək olmaz, amma düşmən də deyillər. Osipyanın yeni vəzifəyə təyinatında onun aksiyalar zamanı Paşinyana və tərəfdarlarına  rəhmli davranmasıyla yanaşı şəxsi keyfiyyətlərinin də rol oynadığı deyilir. Ermənistanda deyirlər ki, küçədə insanlardan iki təmiz peşəkar polis əməkdaşının adını çəkməyi istəsən, ilk olaraq Osipyan yada düşər. İkincisi barədə isə çox erməni susacaq, çünki yoxdur. 

Köhnə qvardiya “sürünür”

Köhnə qvardiyadan olanlardan biri də təbiətin mühafisəzi naziri Erik Qriqoryandır. O, əvvəl Energetika Nazirliyində ikinci adam olub və keçmiş baş nazir Karen Karapentanın adamı sayılıb. Köhnələrdən daha 2 nəfər yeni hökumətdə qalmağı bacarıb, ancaq müəyyən vəzifə dəyişikliyilə. Bunlar “Çarukyan” blokundan olan, formal olaraq partiya mənsubiyyəti olmayan Qraçya Rostomyan və daşnak Arsvik Minasyandır. Birinci idman və gənclər naziri idi, indi isə fəvqəladə hallara cavabdehlik daşıyacaq. İkinci isə təbiəti mühafizə naziri postunu iqtisadi inkişafa dəyişməli olub.  Hakumətdə təmsil olunan digərləri isə əvvəllər yüksək vəzifələr tutmayıblar. 

“Bu ki, bizim ingilis dili müəllimimizdir”

“Mədəniyyət- bu mənəm, o məndədir, necə ki ,sizlərdən hər birinizdə var”. Bu sözləri mədəniyyət naziri postuna təyinatından dərhal sonra Lilit Makunts Facebook səhifəsində yazıb. Ancaq bir neçə gün sonra da yazdıqlarını silməli olub, çünki hər kəs bu sözlərə görə yeni naziri atəşə tuturdu. Onun kim olması, bu vəzifəyə təyinatını şərtləndirən səbəblərlə bağlı çoxları yazırdı. Cavabı isə Rus-Erməni Universitetinin tələbələri tapdı. “Bu ki, bizim ingilis dili müəllimimizdir”,-deyə tələbələr hamının intizarına son qoydular. Daha sonra məlum oldu ki, o, hələ əvvəldən Paşinyanın tərəfdarı olub və 2012-ci ildə bu blokdan deputatlığa namizədliyi irəli sürülüb. 34 yaşı var, liberal xanımdır və məhz bu partiyada təmsil olunur. Maraqlıdır ki, Paşinyanın komandasının üzvlərinin əksəriyyəti məhz bu düşərgədəndir. Xanım nazir özü vəzifəyə təyinat almasının necə baş verməsinə aydınlıq gətirməkdə az da olsa maraqlı olub. Amma ona inanıblarmı? Bu mübahisəlidir.  

Atasının restoranlarında tanınırdı, indi hökumətdə “at oynadır”

Ondan fərqli olaraq  30 yaşlı DJ Ed Ward kimi tanınan Eduard Ağacanyan heç bunu da etməyib. Halbuki ona hökumətin aparat rəhbərliyi həvalə edilib. Paşinyanın çoxdankı tərəfdarıdır, yeni təyinatına qədər İrəvana nəzarət edən qurumda təmsil olunub. Atası iş adamıdır, İrəvanda çox sayda elit restoranları var. Özü isə cibində Manoko Beynəlxaq Universitetinin iki diplomunu gəzdirir. Hərçənd ki, onu siyasətdə demək olar ki, tanımayıblar, amma atasının adına və puluna görə İrəvanda adından bəhs etdirib. 

Paşinyanın mikrafon daşıyanı indi pul daşıyacaq 

Ondan fərqli olaraq diasporun yeni naziri Mxitar Ayrapetyanın bəxti daha çox gətirib. O, yürüşlərdə Paşinyanla bir addımlayıb, onun üçün bəzən hətta mikrafon da daşıyıb. Onu “tribunadakı o oğlan” deyə tanıyıblar, adını belə bilmədən. İndi isə ölkənin pul dağarcıqlarına- diaspora rəhbərlik edəcək. 27 yaşı var, nazirdir və dediyinə görə, Ermənistanda ikipalatalı parlament üçün lobbiçilik edəcək. Vədini də verib, birinci palatada deputatlar ölkə əhalisindən seçiləcək. İkinci palatada isə diaspor  nümayəndələri təmsil olunacaq. 

Bir-iki xəstənin tanıdığı nazir

Ermənistanda Səhiyyə Nazirliyinə Arsen Torosyan rəhbərlik edir. Həkim olsa da, onu yəqin ki, ancaq xəstələri tanıyıb və bir anda nazir olub.  Sosial şəbəkə istifadəçiləri onun Facebook-dakı səhifəsini tapıblar. Səhifəsində həkim olduğu zaman immunlaşdırma proqramına qarşı çıxanlara maraqlı məsləhət də verib- tabut istehsalı ilə məğul olub pul qazansınlar. Ermənistanda 2 aylıq uşaq valideynlərinin peyvəndən imtinası nəticəsində öləndə də indiki nazir, o zamankı həkim tənqid hədəfi olubmuş. Çünki həkim adına yaraşmayan ifadələr işlətmişdi: “Uşağın ölümü Allahın ailəyə cəzasıdır”. Həkim olduğu zaman dediyi sözlərinə görə nazir olduqdan sonra üzr istəyib. Mətbuat katibi açıqlama yayaraq o zaman ifadələrin kontekstdən çıxarıldığını iddia etdi. 

Aksiyaçılara “bomj” deyib vəzifə aldı

Paşinyanın hökumətindəki ən maraqlı təyinat isə şübhəsiz ki, baş nazir müavini vəzifəsini alan Tiqran Avinyan və ədliyyə polkovniki vəzifəsindən nəqliyyat naziri kürsüsünə yüksələn Aşot Akopyan olub.Birinci Paşinyanın mətbuat katibi kimi tanınıb.  Hökumətin maraqlı üzvlərindən biri də energetika naziri Artur Qriqoryandır. Bu, o adamdır ki, bir zaman aksiya edənləri “bomj” adlandırmışdı.

Qəribə adamların hökuməti 

Bu qədər qəribə adamın bir hökumətdə təmsilçiliyini ekspertlər müvəqqəti adlandırır. Deyilənə görə, Paşinyan yeni seçkilərə qədər bu kadrlarla idarə etmək məcburiyyətində və niyyətindədir. Ancaq unutmaq olmaz ki, bu, o qədər də asan olmayacaq. Qanunvericiliyə görə, növbədənkənar seçki ancaq o zaman təyin edilə bilər ki, deputatlar yeni hökumətin proqramlarını qəbul etməsinlər. Proqram isə 11 iyunda təqdim ediləcək. İndilik görünən odur ki, proqramın nə olmasından asılı olmayaraq deputatlar onu qəbul edəcək. Çünki kreslolarını itirmək niyyətində deyillər. Əgər parlament özü istefaya getməsə, onu formal olaraq buraxmaq mümkün olmayacaq. Buna görə də Paşinyan böyük ehtimalla bu “küçə oğlanları” ilə işləməli olacaq. 

Baş nazir hər gecə canlı yayımda

Hələlik isə ölkədə ən məşhr fiqur Paşinyan özüdür. İlk xarici səfəri olan Soçiyə getməzdən əvvəl Facebook-da canlı yayıma çıxıb. Hətta uçduğu təyyarəni əhaliyə göstərib, stüarddan yerinin harada olduğunu soruşub. Bu kadrlara 2 gündə 600 min nəfər baxıb. Paşinyan indi hər gün canlı efirə çıxır, iş gününün sonunda hesabat verir. Oturduğu binanı göstərir, zarafat edir. Qərarlarını açıqlayır, az qala məşhur videobloqqerə çevrilib. İndi hər kəs gecə yarısı onun” Salam, əziz xalqım, bu ,baş nazirdir. Ümid edirəm ki, sizdə hər şey yaxşıdır” seriyasından növbəti seansı gözləyir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений