Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Neftdə “100-lük” sürət: NƏ ZAMANA QƏDƏR?



İran neftinin azalmasına dair narahatlıqlar hər keçən gün neftin qiymətini artırır. Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) istehsal məhdudiyyətləri ilə əlaqədar neftin qiyməti 80 dolları keçdi. Mayın 18-nə olan məlumata görə, Brent markalı neftin qiyməti 2014-ci ilin noyabr ayından bu yana ilk dəfə 80 dollara çatıb. ABŞ-ın yüngül neft qiymətləri isə 2014-cü ilin noyabr ayından etibarən ilk dəfə 72,13 dollar səviyyəsində olub. Azərbaycan nefti də 2 dollardan çox bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 2,21 dollar və ya 2,8 faiz artaraq 81,03 dollar təşkil edib. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çəkiləcəyini açıqladıqdan sonra neft qiymətləri artmağa başladı.

Bu ay neft qiymətləri, Orta Şərqdə artmaqda olan gərginliklə əlaqədar olaraq da yüksəlib. ABŞ-ın rekord səviyyələrdə neft istehsalına davam etməsinə baxmayaraq, Beynəlxalq Enerji Agentliyi, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaqla qlobal təklif artıqlığının nəhayət ortadan qalxdığını açıqlayıb.

Maraqlıdır, neftin qiymətinin 80 dollar olması son hədd sayıla bilərmi, yoxsa siyasi proseslər nefti hələ çox qaldıracaq?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, son qiymət artımları əsasən İran və Yaxın Şərq ətrafında artan geosiyasi gərginliklə bağlıdır: “Gərginliyin nə qədər davam edəcəyini əvvəlcədən proqnozlaşdırmaq olmaz. Amma neftin qiymətində sürətli artımlar sonradan müəyyən fəsadlar törədə bilər. Çünki neftin qiyməti o vaxt yüksək olur ki, neft bazarlarında tarazlıq bərqərar olur. Yəni, tələb və təklif prinsipi bərabərləşəndə neftin qiymətində uzun müddət tarazlıq yaranır. Hazırda Vyana sazişinin iştirakçısı olan potensial neft ixracatçısı olan dövlətlər beynəlxalq bazarlarda tarazlığın bərqərar olmasına nail olmayıblar. Bunu özləri də etiraf ediblər. Hazırda Liviyada, Venesuelada, Anqolada və Nigeriyada sutkalıq hasilat həcmlərinin azalması müşahidə olunur.

Bu baxımdan neft bazarlarında tarazlıq bərqərar olmasa, neftin qiymətində sabitliyə və son həddə nail olmaq mümkün olmayacaq. Çünki neftin qiymətini bazar müəyyən edir. Tələbat çoxdursa, qiymətdə artımlar olacaq, tələbat azdırsa, qiymətdə enmələr müşahidə olunacaq. Bunlar bazara təsir edən əsas amillərdir. Son artımlar isə İran ətrafında baş verən proseslərlə əlaqəlidir. Hələ ki, İranın ixrac həcmlərində azalmalar müşahidələr olunmur. Çünki İrana tətbiq olunacağı gözlənilən sanksiyalara hələ 6 aya yaxın bir müddət var. Keçid dövründən sonra ABŞ-ın İranın hansı sahələrinə sanksiya tətbiq edəcəyini öncədən demək mümkün deyil.

Rəsmi Tehran da, ABŞ da İran neftinin idxal və ixracı ilə bağlı potensial müştərilərlə danışıqlar aparırlar. İran danışıqlar aparır ki, sanksiyalar qüvvəyə mindikdən sonra həmin dövlətlərlə əməkdaşlığa son qoymasın. Əldə etdiyim məlumatlara görə, İran Çinlə apardığı danışıqlarda uğurlu nəticə əldə bilib. ABŞ dünyanın ən inkişaf etmiş ölkəsidir, o hansı dövlətə sanksiya tətbiq edirsə, həmin dövlətin iqtisadi durumu çox gərgin olur”.

Analitik 2012-ci ildə ABŞ-ın və Avropa Birliyinin İrana tətbiq etdiyi sanksiyaları da xatırladıb: “Həmin dövrdə İran neftinin idxalında müştərilərə indiki qədər təzyiqlər olmurdu. Çünki o dövrdə İranın gündəlik neft ixracı 1.1 milyon bareldən yuxarı idi. İndi tamamilə fərqli sanksiyalar qoyacaqlar. Bu baxımdan İran öz müştəriləri ilə danışıqlar aparır. ABŞ da rəsmi Tehrandan neftini tədarük edən dövlətlərə mesajlar göndərir ki, idxala son qoysunlar. Hesab edirəm ki, son anda ABŞ öz məqsədinə nail olacaq. Çünki İranın həm xarici siyasət idarəsindəki diplomatların, həm də milli neft şirkətinin aparıcı nümayəndələrinin Asiya bazarlarında apardıqları danışıqlar hələ ki, müsbət nəticə verməyib. Bu yöndə çox böyük tərəddüdlər var”.

Ekspertin sözlərinə görə, qarşıdakı aylarda neftin qiyməti arta bilməz. O hesab edir ki, əgər dünyada iqtisadi göstəricilər normal olarsa, tələbat yüksələrsə, rezervlərdə götürülmüş neft həcmləri azalarsa, neftin qiyməti də artacaq: “Əgər neftin qiyməti artmaqda davam edərsə, əsasən iqtisadi əməkdaşlıq və inkişaf təşkilatının üzvü olan dövlətlər hökumət səviyyəsində dövlət büdcəsindən soba yanacağının və digər neft məhsullarının tədarükünə ayrılan subsidiyaları ləğv edəcəklər. Əgər bu ləğvolma olarsa, o zaman neftin qiyməti aşağı düşəcək”.

Ötən gün İran, ölkənin cənub-qərbindəki bir neft sahəsinin işlənməsi üçün Böyük Britaniyanın konsorsiumu ilə ilkin müqavilə imzaladı. Müqavilə, ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasından sonra Avropanın nüvə sazişini qorumaq üçün atdığı ilk addım olaraq xarakterizə edilir. Layihəyə təxminən 1,2 milyard dollarlıq sərmayə tələb olunur. "Kerenj" neft sahəsindən gündəlik 200 min barel xam neft hasil olunacaq. Bəzi məlumatlara görə müqavilə avro ilə bağlanıb. Bu, İranın ABŞ-a qarşı bir təmkinlilik nümayiş etdirməsidirmi, yoxsa, Avropanın Vaşinqton rəhbərliyi olmadan nüvə sazişini qorumaq üçün atdığı ilk addımdırmı?

Zəfər Vəliyevin sözlərinə görə, İrana sanksiyalar tətbiq olunacağı təqdirdə rəsmi Tehranın xam neftinin avro və yaxud tədarükçü ölkənin milli valyutası ilə alqı-satqısı böyük uğur qazanmayacaq: “Çünki 2012-2015-ci illərdə belə alqı-satqı sxemi özünü doğrultmadı. Dünyada neftin alqı-satqı vasitəsi əsasən dollarla həyata keçirilir.

Böyük Britaniyanın İranla bağladığı sazişə gəlincə, əvvəla İngiltərə rəsmi Tehranla neft sazişi imzalaya bilməz. Çünki o Amerikanın ən yaxın müttəfiqlərindən biridir. İranın neft sektorunda fəaliyyət göstərməyi qərar kimi qəbul etmiş aparıcı şirkətlər ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra tərəddüd edirlər. Artıq “Total” şirkəti İranın Cənubi fars yatağındakı payından çıxıb. İtaliyanın neft şirkəti “Eni” də imzaladığı memorandumdan imtina edəcək. Bu şirkətlərin heç biri İranın neft sektoruna daxil olmayacaq. Tutaq ki, hansısa bir şirkət İranın neft sektoruna daxil oldu. O, hansı avadanlıqların İrana gətirəcək? Axı bu avadanlıqların böyük bir hissəsi, o cümlədən, mühəndis xidmətləri əsasən ABŞ-a məxsus olan şirkətlərin əlindədir. Bu, mümkün olan şey deyil. İngiltərə heç vaxt ABŞ-ın üzərindən keçib İranla hər hansı neft anlaşmasına gedə bilməz”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений