Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cəmi 70 km gedin... peşman olmayacaqsınız



Həftə sonunu şəhərdən bir az kənarda keçirmək təklifi alanda ilk olaraq nə düşünərsiz? Elə mən də siz düşünəni düşündüm.  Dərhal da gedəcəyimiz yerin Zirədəki Abşeron Milli Parkı olduğunu eşidəndə sevindiyimə üzüldüm. Amma artıq gec idi, əgər təklif geri çevirə bilməyəcəyin birindən gəlibsə, o zaman “dost yolunda boran olar, qan olar” deyib yola çıxırsan.

Mən də belə elədim, səfərdən əvvəl kiçik bir araşdırma apardım, Abşeron Milli Parkında məni gözləyən “sürprizlərlə” maraqlandım. İlk öncə diqqətimi ilanlar çəkdi, elə bütün yol boyu da bu sürprizlə qarşılaşmamaq üçün nə etməli olduğumu qara-qara düşündüm. Üstünə isti havanın verəcəyi “əzabı” da xatırladıqca, düşünclər daha da qatılaşdı. Amma elə ki, mərkəzdən o qədər də uzaq olmayan bu Milli Parka çatdıq, üzümə vuran sərin dəniz küləyi ilk yanlış düşüncəni silməyi bacardı. Ardınca başqa yanlışlar gəldi. Mənim “ilan sürprizi” ilə bağlı düşündüklərim də özünü qorxutmaqdan başqa bir şey deyilmiş. İlan nə ilan- suilanı. Hər halda mən suyun içinə girmədikcə, məni çalmaq kimi bir lüksləri yoxdur. Üstəlik indiyə qədər də bilmirəm ki, suilanı adamı çalır, yoxsa yox. Bu da mənim ekologiyaya dair bilgim...

Burda çox şey görəcəksiniz. Dəniz Bakıdakından daha təmiz. Havası da elə. Suyun içində istənilən vaxt maraqlı nəsə görə bilərsiniz. Amma hamısından şəhanəsi insan ömründə bircə dəfə də olsun xəritədəki qartalın ən son nöqtəsində dayanmaq istəməzmi? Əlbəttə, istəyər, bu  imkanı siz ancaq Abşeron Milli Parkini ziyarət etməklə qazana bilərsiniz. Bircə buna görə 70 km yol getməyə dəyər...

Mən burada Abşeron Milli Parkının gözləriniz qarşısında açılan 783 ha ərazisindən, bəxtiniz gətirərsə,  görə biləcəyiniz  Xəzər suitisindən, tısbağasından, gürzəsindən, gümüşü qağayısından, fısıldayan ququşundan, ceyranından danışa bilərəm, onları görə bilmək üçün səfərinizi əsasən axşam saatlarına salmağı da tövsiyə edərəm. Hətta bir az da irəli gedib hansısa alman turistinin bu parkda dünyada nadir tapılan bitkilərdən birini aşkarladığını deyib sizi daha da həvəsləndirərəm. Amma öz gözlərinizlə görməsəniz, mənim dediklərimin sizə heç bir faydası olmayacaq. Ən yaxşısı, cəmi 70 km yol qəti edib bir həftə sonunu Abşeron Milli Parkında keçirməkdir. 

Burada sizin istirahətiniz üçün hər cür şərait yaradacaqlar. Qiymətləri bəhanə etmək imkanınız da olmayacaq, bilet cəmi 2 manatdır. Əgər çox ehtiyatlı deyilsinizsə, zibil torbasına qədər verəcəklər. Yetər ki, gedəsiniz.

Amma... Ammasız işimiz hələlik keçmir. Milli Parkdan “selfie” edib Facebook-da anında paylaşmaq, ya da canlı yayım etmək arzunusu sonraya saxlamalı olacaqsınız. Çünki Milli Park ərazisində mobil operator şirkətlərinin xidməti yox səviyyəsindədir. Çox vacib olsa, inzibati binanın pilləkanının yanını məkan seçə bilərsiniz, amma turistə məhşur filmdə (“Bəyin oğurlanması”) deyildiyi kimi, “burdan eşit, ordan da oyna da” demək olmadığı kimi, bəxtiniz gətirib görə biləcəyiniz təqdirdə suitinə də “burda gözlə, set gəlsin” deyə bilməzsiz. Yəqin bunun da bir çarəsi tapılar... 

Hələlik isə bir neçə saatlıq şəhərin hay-küyündən də, gündəlik qayğılardan da, dünyanın əcayib siyasi mənzərəsindən də qaçmaq üçün cəmi 70 kilometrlik yolda bir parkımızın olduğunu ilk fürsətdə xatırlayın. Peşman olmayacağınıza zəmanət verirəm...

Elnarə Kərimova

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений