Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Samir Şərifov “qurban verilir”: Maliyyə nazirinin istefa planı nəyə xidmət edir?



Hökumət “maliyyə komandasını” yeniləyir 

Manatın ucuzlaşması, iqtisadi dayanıqlığın olmaması, böhranın getdikcə daha da dərinləşməsi və hökumətin ölkəni bu vəziyyətdən çıxara bilməməsi rəsmilərin işini çətini salıb. Təbii ki, ölkədə yaranan bu vəziyyət hökumətin uzun illərdir apardığı yanlış siyasətinin nəticəsidir. Aparılan yanlış siyasət sonunda ölkəni ağır iqtisadi böhranla üz-üzə qoydu. Ancaq ölkəni bu vəziyyətə salan hökumət rəsmiləri məsuliyyət altına girmək istəmirlər. Ölkə böhran keçirir, vəziyyət günü-gündən ağırlaşır, ancaq “günahkar” yoxdur. Bu fonda ölkənin maliyyə sektoruna rəhbərlik edən Samir Şərifov deyir ki, lazım gələrsə, istefa verməyə hazıram. 

Maraqlıdır, Samir Şərifov istefa verməklə vəziyyət düzələcəkmi? Uzun illərdir aparılan yanlış pul siyasəti maliyyə naziri dəyişilərsə, həll olacaq? Əslində heç nə düzəlməyəcək. Vəziyyət daha da ağırlaşacaq. Samir Şərifovun istefa vermək istəyi yalnız məsuliyyətdən boyun qaçırmaqdır.

Şərifova “qurulan oyun”

Məlumata görə, Maliyyə Nazirliyində yoxlamalar aparılır. Təbii ki, yoxlamaların nəticəsi ictimaiyyətə açıqlanmayacaq. İddia olunur ki, bütün bunlar Samir Şərifova qarşı qurulan oyunun bir hissəsidir. Bir müddət öncə də hökumətin “qara bazar” əməliyyatında hədəfə gələn Samir Şərifov oldu. Belə ki, maliyyə nazirinin ən yaxın adamı olan Elmar Məmmədov “qara bazar”a valyuta ötürdüyü üçün Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırılıb. Analitiklər də hesab edirdilər ki, bu əməliyyat birbaşa olaraq Samir Şərifova qarşı qurulan oyunun tərkib hissəsidir.

Digər tərəfdən son günlər maliyyə naziri ilə bağlı  cəmiyyətdə də müəyyən mənfi  fikirlər formalaşıb. Ancaq bütün bunların fonunda Samir Şərifovun istefa vermək niyyətində olduğunu dilə gətirməsi məsələni tamamilə fərqli rakursa yönəldir. Əgər bu iddialar doğrudursa, o, zaman Samir Şərifov istefa verməklə məsuliyyətdən yayınmaq istəyir. Ancaq məsələnin digər tərəfi hələ də açıq olaraq qalır. Əgər Samir Şərifov həqiqətən də günahkardırsa və ölkənin düşdüyü vəziyyətlə birbaşa əlaqəsi varsa, o zaman nazir postuna gələcək şəxs bütün bu problemləri necə aradan qaldıracaq? Əslində nazirlərin istefa verməsi və hökumətin tərkibinin dəyişməsi yaxşı haldır. Ancaq bir nazir gəlib problem yaradacaqsa və sonra istefa verib məsuliyyətdən azad olacaqsa, ölkə bundan da ağır böhrana düşəcək.

Şərifov “yox” cavabı aldı

Samir Şərifovun istefa vermək istəyinə yuxarı instansiyalardan “yox” cavabının gəlməsi isə heç də təəccüblü olmadı. Ehtimal olunur ki, Maliyyə Nazirliyində aparılan yoxlamaların nəticəsinə uyğun olaraq Samir Şərifov haqqında son qərar veriləcək. Bu gün nazirliklərin bir çoxunda ciddi problem var. Bir müddət öncə hökumətin ciddi islahatlara gedəcəyi haqqında xəbərlər yayılırdı. Bu islahatların ilk növbədə məhz nazirlikləri əhatə edəcəyi bildirilirdi. Bu günlərdə Maliyyə Nazirliyində aparılan ciddi yoxlamaların da bununla əlaqasi var.

Ekspertlər də iddia edirdilər ki, hökumətin bu gün əsas problemi maliyyə komandasıyla bağlıdır. Hətta maliyyə komandasının yenilənməsi də gözlənilən addımdır. Ölkədə baş verən iki kəskin devalvasiyanın günahı da məhz maliyyə komandasının üzərində qaldı. Hökumətin indi apardığı yoxlamalar da günahkarların cəzalanmasına hesablanmış addımdır.

Vilayət Muxtar

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı