Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Deputatın əcaib məntiqi



“Yaxşı eləmişəm, amma düz eləməmişəm”

Son günlər gündəmi zəbt edən, ictimaiyyətin müzakirəsinə səbəb olan məsələ bir sıra deputatların sərsəm çıxışları oldu.Onların bu çxışları isə birbaşa xalqı təhqir etmək idi.Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat “seçilən” Astan Şahverdiyev də “qonşudan qalma dala” prinsipilə xalqı təhqir etdi. Azərbaycanda özünə iş tapa bilməyib, xarici ölkələrdə işləməyə gedən azərbaycanlılar və Biləsuvardan “Azərişığ”a qarşı keçirilən etiraz aksiyasının iştirakçısı olan  Rusiyaya işləməyə gedən soydaşlarımızı cəmiyyətin “otxodları” adlandıran deputat hələ özünü müdafiə etməyə də çalışdı. Təbii ki, deputat hər zaman olduğu kimi belə bir söz işlətmədiyini və mətbuat nümayəndələrinin məsələni şişirtdiyini deyib.

Deputat cəmiyyətin “otxod”larını içki düşkünü olmalarıyla əlaqələndirsə də Astan Şahverdiyevin qardaşı oğlunun verdiyi açıqlama daha “maraqlı” müzakirələrə səbəb olub.Qardaşı oğlunun dediyinə görə, əmisi bu sözləri deyəndə “içkili” olub.Maraqlıdır, içkili ola-ola içki içənləri cəmiyyətin “otxod”u adlandırmaq özündə hansı mənanı ehtiva edir?İlkin olaraq belə təəssürat yaranır ki, deputat bu fikirləri güzgüyə baxıb deyib.Yəqin deputat özünü içkili vəziyyətdə bəyənməyib və fikirləşib ki, Rusiyaya işləməyə gedənlər hamısı içir və mənim kimi görünür.

Təhqirə təhqirlə cavab vermək düzgün deyil.Mənim də kimisə təhqir etmək fikrim yoxdur. Amma “xalqın səsilə” seçilən birinin xalqı təhqir etməsinə heç kim səsiz qalmamalıdır. Ümumiyyətlə, bu deputatın timsalında xalqı təhqir edən hər kəs, vəzifəsindən, tutduğu mövqeyindən və oturduğu kreslonun qiymətindən asılı olmayaraq ciddi şəkildə cəzalandırılmalıdır.Xalq dövlətin var olmasının ilk şərtidir. Əgər xalq yoxdursa, heç kim dövlət qura bilməz. Amma indi görürük ki, xalqı təhqir edənlər elə xalqa xidmət etməli olanlardır.Bu cür məsələlərdə Milli Məclis üzvləri ya susur, ya da söhbəti “malalamaqla” məşğul olurlar.Amma bu cür məsələlərdə elə ilk səsini çıxaran elə millətin vəkilləri olmalıdır.Xalqı təhqir edən deputatın cəzasız qalması necə deyərlər “digərlərinə də yol olacaq”. “Onsuz da heç kim cəzalanmır, mən də nə istəyirəm, deyə bilərəm” prinsipi işə düşəcək.

Təbii ki, bəzi vəzifə sahibləri deputatın üzr istəməsindən sonra, daha doğrusu dediklərini təkzib etdikdən sonra bunun texniki səhv olduğunu dedilər.Elə bu cür texniki səhvlərin ucbatından bu gün Milli Məclis xalqın gözündə lazımsız bir quruma çevrilib.Belə demək mümkündürsə, bu gün Parlament üzvləri müzakirələrə çıxarılan məsələləri qəbul etmək üçün düymə basmaq funksiyası yerinə yetirir. Düymə basmağa görə ayda 2200 manat əmək haqqı alan deputat isə cəmiyyətin probelmlərini məhz xalqda görür. Əslində bu təbii haldır.Depuatlar üzərinə düşən bütün funksiyaları tam məsuliyyətlə yerinə yetirir, ancaq cəmiyyət buna adekvat deyil.Deputat da əsəbləşir və çəkdiyi əziyyətin qarşılığını almadığı üçün xalqı “otxod” adlandırır.

Təbii ki, Astan müəllim də dediklərinə görə peşman olub və üzrxahlıq etmək istəyib.Amma deyilən söz artıq deyilib.Yenə də deputat cəzasız qalacaq, cəmiyyət də deyilənləri yaddan çıxaracaq.Ya da başqa bir deputat çıxıb nəsə deyəcək, bu məsələ də köhnələcək.

Depuatatın üzr istəməsi də elə dediklərinə uyğun olub.Astan müəllim deyir ki, mən qəbahət etməmişəm ki, üzr də istəyim.Amma dediklərinə görə Astan müəllim təəssüfləndiyini də dilə gətirib.Yəni, dediklərini təkzib etmir.Bir sözlə, Astan müəllim deyir ki, “demişəm yaxşı eləmişəm, amma düz eləməmişəm.Gərək camaat da azğınlaşmasın”.

 

 










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı