Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Putinin azərbaycanlı “serjant”ı “Rembo”



Avtobus hərəkətə keçəndən dil boğaza qoymur. Rabitəsiz, sınıq-sökük, kobud jarqonla, hadisələri qarışdıra-qarışdıra Dünya Müharibəsində iştirak etdiyi döyüşlərdən danışır. Deyir ki, əsgər yoldaşları ona “Rembo” deyirdilər. Əsgərliyini də “Rusyet”də - Litvada keçirib. Polşada döyüşüb, Hitler özünü zəhərləyib öldürdükdən sonra Reyxstaqın binasının üstünə qalxaraq bayrağı o asıb. Həmin Reyxstaqa zəfər bayrağını sancan o məşhur Sovet əsgəri də məhz odur. Putin də onun manqasında olub. Yəni, o, Putinin “serjant”ı olub.

Dediyinə görə, “Rembo” kiçik Putini “nemes”lərin əlindən qurtarıb. Gecə yarısı alman düşərgəsinə hücuma keçərək, sıx mühasirədən Volodyanı qurtarıb. Bu qəhrəmanlığından sonra ona “Rembo” adını veriblər. Nədənsə bu “Rembo” məsələsinin üzərində çox dayanırdı. Bir demir, iki demir, üç demir, axırda dözəmmədim. Dedim ki, a müharibə veteranı, “Rembo”nun atası Dünya Müharibəsində “karşok”da oturub, ulduzları sayırdı, Putin də qənddandan qənd oğurlayırdı. Eşitmədi, valı fırladı.

Kəndimizdəki Tariyel kişi yadıma düşdü. Bekar adam idi. Bütün günü kənd meydanında oturub gəlib-gedəni yoldan etməklə, çənəsinin altına salmaqla məşğul idi. Camaatı inandırmağa çalışırdı ki, Putin İmişlidəndir. Diqqətlə ağzına baxıram. Dodaqları ara vermir. İmkan tapdıqca da gülür. Protez dişlərinə düzülmüş metal, qızıl dişləri yalanlarına kədərli və ölgün işıq salırdı. Danışırdı ki, Sovet ordusu Berlini alanda o da hərbi birliklərin sıralarında olub. Bir neçə gün şəhərdə qalıblar. Bir gün şəhərin xarabalıqları arasında gəzəndə dağıntılar altından səs eşidir. Yaxınlaşır. Görür ki, sarışın bir alman qadın uçmuş evin damı altına qalıb, çıxa bilmir. Qadını xilas edir. Düşərgəyə gətirir, yemək verirlər, tibb bacıları sağaldırlar. O da sonradan bu yaxşılığının əvəzi olaraq “Rembo”ya vurulur. Qadının adı dediyinə görə, Lena olub. Lena göy gözləri, sarı saçı, boyu hündür, gözəl bir qadın idi. Bizim müharibə veteranı ilə sevgili olub. Sovet ordusu yavaş-yavaş Berlini tərk edənədək “Rembo”yla şəhərin xarabalıqlarında sevgi həyatı yaşayıb. Üç gün Berlində qalıblar, “Rusuyet”ə (Litva) qayıdanda da Lena ondan 2 aylıq hamilə qalıb. “Rembo” deyir ki, hətta Əfqanıstanda da döyüşüb. Burada da Vəsilə adlı bir əfqan qadınla sevgi yaşayıb. Marixuana tarlası hər gecə bizim “Rembo”yla Vəsilənin görüş yeri olub. Vəsilə də bundan hamilə qalıb.

Müharibə veteranı Əfqanıstandan vurub Qarabağdan çıxıb. Vaxt tapıb Qarabağda da ermənilərlə döyüşüb. Çoxlu erməni öldürüb. Hətta deyir ki, Serj Sarkisyanı da öldürməyə yaxın olub, amma qəfildən öskürməyi onu ələ verib və Serjik qaçıb.

Çox qəribə burnu vardı. Danışdıqca burnu yumşaq xəmir kündəsi kimi silkələnirdi. Elə bil plastilin idi, ehmalca sifətinə yapışdırmışdılar. Serjikin adını çəkdikcə əsəbiləşir, bu vaxt elə bilirdim, burnu indicə yerindən qopub avtobusun döşəməsinə yuvarlanacaq. Əlimlə burnundan tutub, əzişdirmək istəyirdim ki, müharibə veteranı ömrünün bu qürub çağında bir də burunsuz qalmasın. Vəsilə və Lenayla kədərli sevgi hekayəsinin yerindən oynatdığı bu burun həyat eşqi hələ sönməyən qocaya lazım idi.

Danışır, yalan və həqiqətlərlə dolu hekayələri ət yeri sallanmış qaşlarının altında itmiş, kapilyarların ağını hörümçək toru kimi şəbəkəyə aldığı gözlərini yandırırdı. Həyat eşqi daha da güclənirdi. Elə bilirdim ki, bu dəqiqə yerindən qalxaraq sürücü qarışıq avtobusdakıların hamısını Hitlerin, Serjikin adına boğazlayacaq. Vaxtilə Stalin uğrunda döyüşmüş bu veteranın üzünə qatıq tökmək istəyirdim. Çünki söhbətləri mənə çatmırdı. Səbət-gilas məsəli, qulaqcıqlardan birini çıxarmışdım ki, söhbəti boş yerə getməsin. Amma qatıq bankası da yadımdan çıxmırdı. Özümü “Bəxt üzüyü”nün “Hüseyni kimi hiss edirdim. Qatığı üzünə töküb demək istəyirdim ki, a müharibə veteranı... sarkazm, yarısına zarafat, yarısına ciddiyyət qatılmış bu xitabın sonrasını tamamlaya bilmirdim. 

“Preles, preles”, qatıq bankası...

“Rembo” dilinə “dur” demirdi. Avtobus Bakıya şütüyür. Şəhərə çatmağa hələ 3 saatdan çox vaxt vardı. Maqnitofonda Nəriman Mingəçevirli oxuyur: “Gəl ol anam gəlini, sən ol anam gəlini”.

Mənsur Rəğbətoğlu
Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı