Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

MÜHARİBƏ ASTANADA: ABŞ və Rusiya arasında “diplomat savaşı”



ABŞ hökuməti Rusiyanın Nyu York və Merilenddəki diplomatik nümayəndəliklərini bağlayıb, 35 rus diplomatına ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Bundan başqa, Rusiyanın əsas kəşfiyyat strukturları FTX-yə, QRU-ya, bir neçə informasiya texnologiyaları şirkətlərinə, FTX-nin kibercinayətkarı adlandırılan Yevgeni Boqaçov və Aleksey Belana qarşı sanksiyalar tətbiq edilib. ABŞ-ın Maliyyə Nazirliyi Rusiya hərbi kəşfiyyatının rəis müavini İqor Kostyukovun da adını sanksiya tətbiq edilən şəxslər siyahısına salıb. Ancaq Rusiya tərəfi bunu təkzib edir. Səbəb seçkilərdən əvvəl Rusiyanın ABŞ demokratlarına qarşı həyata keçirdiyi kiberhücumlardır. 

ABŞ Dövlət Departamentinin məlumatına görə, məhşur “WikiLeaks” və “DSLeaks” saytlarına informasiyalar Rusiya xüsusi xidmət orqanları tərəfindən sızdırılıb. Bununla da Ağ Ev rəhbəri noyabrın 8-də ABŞ-da keçirilmiş prezident seçkilərinin Rusiya hakerləri tərəfindən dəyişdirildiyini rəsmən təsdiq edib. Halbuki, bir müddət öncə ilin yekununa dair mətbuat konfransı keçirən Barak Obama hakerlərin seçkiyə müdaxiləsini təsdiq edən sübutlara mailk olmadıqlarını bildirmişdi. Lakin həm Demokratlar Partiyasının namizədi Hillari Klintonun seçki qərargahından təqdim olunan materiallarda, həm də prezident Obamanın göstərişi ilə Mərkəzi Kəşfiyyat İdarəsinin apardığı araşdırmalar zamanı hakerlərin Kremlin sifarişi əsasında seçki prosesinə müdaxilə etdiyinə dair faktlar ortaya çıxdı. 

ABŞ-ın dövlət adminstrasiyasının bir sıra nümayəndələri mediaya açıqlamasında prezident seçkilərində Hillari Klintonun əleyhinə kiberhücumların təşkilinin arxasında birbaşa Vladimir Putinin dayandığını bildirmişdi. ABŞ kəşfiyyatının iki nəfər yüksək rütbəli nümayəndəsi NBC telekanalına açıqlamasında Demokratlar Partiyasının serverlərin sındırılmasına Putinin cəlb olunması barədə məlumata malik olduqlarını bildiriblər. Mənbənin açıqlamasına görə, Putin haker hücumları ilə ABŞ Demokratlar Partiyasının məxfi sənədlərini əldə etməyi tapşırıb. Bu məlumatı ABŞ xüsusi xidmət orqanları Avropadakı müttəfiqlərindən alıb. Demokratların qapalı yazışmalarının sızmaları seçkiqabağı kampaniyanın qızğın çağında Wikileaks saytında yer alıb və partiyanın imicinə zərbə vurub. Nəticədə Demokratlar Partiyasının Milli Komitəsinin rəhbəri Debbi Vasserman-Şuls istefa verib. Rusiyanın serverlərin sındırılması və səslərin sayılmasına müdaxilə etmək üçün ART 28 və ART 29 kodlu haker sistemlərindən istifadə etdiyi barədə məlumatlar yayıldı. 

Görünür, Mərkəzi Kəşfiyyat İdarəsinin dövlət başçısına təqdim etdiyi hesabatda Rusiyanın seçki prosesinə kiberhücumlarını təşkil etdiyi rəsmən təsdiqini tapıb. Hətta diplomatların ABŞ-dan qovulması Rusiya səfirliyinin də bu təxribatda iştirak etməsi ehtimalını yaradır. Prezident Barak Obama seçkilərin nəticələri ilə barışmalı olsa da baş vermiş hüquq pozuntusuna görə Rusiyanı cəzalandırmağa üstünlük verib. Çünki Kremlin bu hərəkəti başqa dövlətin daxili işlərinə birbaşa müdaxilə və beynəlxalq hüququn prinsiplərinə zidd hesab olunur. Ona görə də ABŞ-la Rusiya arasında baş vermiş siyasi skandalın bununla bitməyəcəyi, Moskvaya qarşı daha ağır sanksiyaların tətbiq olunacağı gözlənilir. Böyük ehtimalla Rusiya da ABŞ-a qarşı adekvat cavab addımları atacaq. Artıq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerikanın bu qərarının cavabsız qalmayacağını bəyan edib. Hətta dünən Moskvada ABŞ məktəblərinin bağlanmasına dair məlumatlar yayılsa da sonradan Rusiya Xarici İşlər Nazirliyi bunu təkzib etdi. 

Dmitri Peskovun sözlərinə görə, Obama administrasiyası öz davranış modelini Rusiyaya sanksiyalar tətbiq etməklə Donald Trampa qəbul etdirmək istəyir. “Gələcək administrasiyaya və seçilmiş prezidentə zorla davranış modeli qəbul etdirirlər”-Rusiya prezidentinin köməkçisi belə deyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Barak Obamanı xarici siyasətdə uğursuzluqda ittiham edib: “Səkkiz ildir “Ağ Ev”də oturmuş bu adamlar administrasiya deyil, xarici siyasətdə uğur qazana bilməyən, qəzəbli və dayaz qrupdur. Obama bunu bir daha sübut etdi. Ancaq ikitərfli münasibətlər diplomatik əlaqələrin kəsilməsi həddinə qədər çatıb. Bu situasiyada Moskvanın hansı mövqe sərgiləyəcəyi diqqətlə izlənir. Əslində Rusiyanın sərt cavab tədbirlərinə əl atması seçkilərə kibermüdaxilə məsələsini beynəlxalq səviyyədə diqqət mərkəzinə gətirə bilər. Prezident Vladimir Putinin ABŞ diplomatlarını ölkədən çıxartmamaq qərarı da bununla izah edilə bilər: “Rusiya Federasiyası mətbəx diplomatiyasına qədər enməycək”-deyən Putin baş verənləri ABŞ-la münasibətlərin gələcəyinin bərpasına qarşı törədilmiş təxribat adlandırıb:“Bu, həm Rusiya, həm də Amerika xalqının köklü maraqlarına açıq-aşkar ziddir, həmçinin qlobal təhlükəsizliyin qorunub saxlanmasına görə xüsusi məsuliyyət nəzərə alınmaqla Rusiya və ABŞ-ın beynəlxalq münasibətlərin bütün kompleksi də ziyan vurur”. 

Ona görə də Kreml böyük ehtimalla yanvarın 20-də fəaliyyətə başlayacaq Tramp administrasiyasının yaranmış qalmaqalla bağlı mövqeyini gözləyəcək. Moskvada Donald Trampın Rusiya ilə yaranmış diplomatik qarşıdurmadan imtina edəcəyinə ümid edirlər. Ancaq prezident Tramp dekabrın 19-da Seçicilər Kollegiyasının zəruri olan 270 səsini aldığı üçün legitim sayılır. Bu baxımdan, Trampın mövcud kursu davam etdirəcəyi gözləniləndir. İkincisi, hakimiyyə gəlmiş Respublikaçılar Partiyası Rusiyaya qarşı sərt siyasi kursu ilə tanınır. Konqresdə və ABŞ dövlət aparatında yer alan Mayk Pens, Maykl Fillilin, Bob Korker, Mitt Romni, Nyut Qinqriş, Jon Makkeyn, Ceyms Pətt kimi Rusiyaya mənfi münasibəti ilə seçilən nüfuzlu siyasətçilər təmsil olunur.

Bu səbəbdən Donald Trampın Rusiya ilə barışıq siyasətinin mühafizəkar mövqeli Respublikaçıların müqaviməti ilə qarşılaşacağı şübhə doğurmur. Nəhayət, Barak Obama hakimiyyəti təhvil verməzdən öncə Rusiyaya qarşı sanksiyalaşdırma siyasətini davam etdirmək üçün ciddi hüquqi baza formalaşdırıb. Bir neçə gün öncə prezident Obama “Qlobal Maqnitski Aktı” adlanan qanunu təsdiqləyib. Bundan dərhal sonra isə həmin qanunu əsas götürərək 2017-ci ildə “Pentaqon”a Rusiya ilə hərbi sahədə əməkdaşlığı qadağan edən qanun imzalayıb. İndi də çoxlarının gözləmədiyi bir hadisə baş verib. Respublikaçıların Rusiyaya münasibətdə loyal siyasət yürütməkdə və ABŞ-ın geosiyasi mövqelərini güzəştə getməkdə ittiham etdiyi Barak Obama Moskva ilə diplomatik böhran yarada bilən əmr verib. Bu, hadisə Karib böhranından sonra ABŞ-la Rusiya arasında yaranmış ən gərgin diplomatik qalmaqal hesab edilir. 

Prezident Tramp həmin qanunların üzərindən adlamaq mümkün olmayacaq. Ona görə də Rusiya ilə siyasi münasibətləri isti məcraya salmaq üçün Konqresin qərarı tələb olunur. Ali qanunverici orqanda təmsil olunan Respublikaçılar arasında isə Rusiyaya düşmən dövlət kimi baxanların sayı üstünlük təşkil edir. Əlavə olaraq, Konqresdəki Demokratların da anti-Rusiya mövqedən çıxış etdiyini nəzərə alsaq, prezident Trampın ciddi müqavimətlə üzləşəcəyini söyləmək olar.

Hər iki tərəfin senatorları 2017-ci ildə Rusiyaya qarşı əlavə sanksiyalar irəli sürməyin tərəfdarıdır ki, bu da Tramp adminstrasiyası üçün potensial münaqişə vəziyyəti vəd edir. Demokratlar Partiyasının xarici əlaqələr komitəsinin rəhbəri, senator Ben Kardin bildirib ki, cümə axşamı o, ABŞ-dakı seçkilərə müdaxiləyə, Siriyada və Ukraynada davam edən münaqişələrə görə yanvar ayından Rusiya üzərində "hərtərəfli gücləndirilmiş sanksiyalar"ı işə salan qanunvericiliklə tanış edəcək. Yeni seçilmiş prezident Tramp isə Rusiyaya qarşı sanksiyalar məsələsini ABŞ-ın hazırkı kəşfiyyat orqanlarının nümayəndələri ilə müzakirə etmək qərarına gəlib:

“Ölkəmizdə nəyin doğru, nəyin daha yaxşı olduğunu bilməyin vaxtı gəlib. Buna baxmayaraq, ölkəmizin və böyük xalqımızın maraqları naminə mövcud faktlarla bağlı mənə verilən məlumatlarla əlaqədar kəşfiyyat qurumlarımızın liderləri ilə görüşəcəm”- Trampın bəyanatında belə deyilir. ABŞ-ın “The New York Times” qəzeti yazır ki, prezident Obama və administrasiyası hadisələrin inanılmaz seriyasına “proporsional sanksiyalar”ın nə vaxt və hansı şəkildə tətbiq edilməsinin uyğun olmasını, eləcə də hansı səviyyədə açıqlamağın vacibliyini bir ay müzakirə edib. Bir sıra rəsmi şəxslər, o cümlədən vitse-prezident Cozef Bayden bəyan edib ki, gizli cavab cavab tədbiri ictimaiyyətə deyil Putinin özünə aydın olardı. Bu cavab addımı effektiv və nəticəli olmalıdır. Bəzi ekspertlər isə hesab edir ki, bu sanksiyalar güclü ictimai rezonans yaratmaq üçün kifayət etmədən prezident Putinin, onun hökumətinin və kəşfiyyat aparatının fəaliyyətini durdurmağa kömək etməyəcək.

Müşfiq Abdulla

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı