Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

DÜNYA YENİ DÜZƏNDƏ: “Suriya tortu” ABŞ-sız bölünür



Əsəd müvəqqəti qalır, ölkə federallaşır

Suriyada atəşkəs rejiminin təmin olunmasına dair Türkiyə və Rusiya arasında əldə olunmuş razılaşma dekabrın 29-da qüvvəyə minib. Xatırladaq ki, atəşkəs rejiminə nail olunması və sülh danışıqlarına başlanılması barədə sənəd üç bənddən ibarətdir. Birinci sənəd Suriya hökuməti ilə silahlı müxalifət arasında atəşkəsin əldə edilməsini, ikinci hissəsi atəşkəs rejiminə əməl edilməsinə tam nəzarəti, üçüncü bənd isə Suriya böhranının nizamlanması üzrə sülh danışıqlarına hazırlıq prosesini əks etdirir. 

Bu arada “Reuters” Agentliyi Moskva görüşünün məxfi detalları ilə bağlı bir sıra açıqlamalar yayıb. Məlumatda Suriya ərazisinin Rusiya, Türkiyə və İran arasında təsir zonalarına bölünməsinə dair sövdələşmənin əldə olunmasından bəhs edilir. Halbuki, Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri dekabrın 20-də Moskvada keçirilən görüşdə Suriyanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyinə dair birgə sənəd imzalamışdılar. 
“Reuters”ə görə, Suriya regional güclər arasında təsir zonalarına bölünəcək, Bəşər Əsəd isə Rusiya, Türkiyə və İran arasındakı razılaşmaya əsasən ən azı bir neçə il hakimiyyətdə qalacaq. Bu razılaşma Suriya ərazisində yaranmış federallaşma Əsədin mənsub olduğu ələvilərin muxtariyyətinə nəzarəti mümkün edəcək. İlkin mərhələdə əsədə və üsyançılara göstərilən dəstək dəyişə bilər. Məlumata görə, sənəd artıq hazırlanıb və onu Suriya hakimiyyəti, silahlı müxalifət, Fars körfəzi ölkələri, ABŞ-la razılaşdırmaq qalıb. Yeni plan ölkənin federasiyaya çevrilməsini, Bəşər Əsədin hakimiyyəti altında bölgələrə muxtariyyat verilməsini ehtiva edir. Planın icrası üçün indiki məqamda əsas maneələrdən biri Bəşər Əsəd hesab olunur. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bundan bir müddət əvvəl verdiyi bəyanatda “Bütün dünya bilir ki, Bəşər Əsədin hakimiyyəti dövründə Suriyada problemi həll etmək mümkün deyil” deyə vurğulamışdı. İndi isə Əsəd silahlı müxalifətlə danışıqlara cəhd göstərir.

Xəbəri şərh edən Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının direktoru Andrey Kortunov kompromisin əldə edilməsinə baxmayaraq, yekun razılaşmanın çətinliklə təmin olacağını deyib. Hər üç dövlət arasındakı anlaşmaya əsasən Əsədin səlahiyyətləri azaldıla bilər. Bəşər Əsəd növbəti prezident seçkilərinə qədər hakimiyyətdə qalacaq, sonra isə postunu ələvilərin başqa bir namizədinə təhvil verəcək. İranı buna hələ inandırmaq lazım gələcək. Lakin Əsəd istənilən halda, sonda özünün reputasiyasını saxlamaq, özünə və ailəsinə zəmanət almaq şərti ilə getməli olacaq. 

Kortunovun fikrincə, Əsədin adları hələ məlum olmayan bir neçə siyasi varisi ola bilər. “Heç kəs düşünməsin ki, Suriyaya dair hərtəfli sülh müqaviləsinə tezliklə çatmaq mümkün olacaq. Dünya ictimaiyyəti ona təminat verilmədən uzun illər uğur qazana bilməz. Məlumdur ki, Rusiya prezidenti Vladimir Putin münaqişənin sülh yolu ilə nizamlanmasında Türkiyə və İranla birlikdə həlledici rol oynayır. Bu, Rusiyanın fövqəldövlət statusunun özünə qaytarmaq və Yaxın Şərqdə ciddi oyunçuya çevrilmək barədə ritorikasına kömək edə bilər”.

 “Əgər onlar ön cəbhədə dünyanı dəyişdiklərini göstərə bilsələr, böyük uğur qazana bilərlər” - Böyük Britaniyanın Moskvadakı sabiq səfiri Reuter Toni Brenton belə deyib.  “Biz həmişə “Bunu ABŞ edir” deməyə adət etmişik. Ancaq Rusiyanın əvvəllər də eyni səviyyədə oynadığını unudublar”. 

Əgər Rusiya istədiyinə nail ola bilsə, yanvar ayında Astanada Suriya hakimiyyəti və müxalifəti arasındakı yeni danışıqları başlayacaq. Ehtimal olunur ki, BMT-nin təşəbbüsü və ABŞ-ın iştirakı ilə ilə keçirilən bu müzakirələr digər danışıqlardan ayrı-ayrılıqda aparılacaq. Rusiya, Türkiyə və İranın sülh yaratmaq niyyəti ilk baxışdan ciddi görünür. İran Əsədin etibarlı müttəfiqidir və qiyamçılara qarşı mübarizədə Suriya prezidentinə kömək edir, Rusiya havadan zərbələr endirir,Türkiyə isə Əsədə qarşı çıxan müxalifətə dəstək verir. 

Putin özünün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mövcud şəraiti yüngülləşdirməklə bağlı bir sıra pərdəarxası razılaşmalar imzalayıb. Onların sözlərinə görə, Moskva üçtərəfli əməkdaşlıq ideyasının dünyaya kömək olduğuna üçün İranı inandırmağa və Türkiyəni Əsədin təcili istefaya getməsi tələbindən imtina etməyə məcbur edə bilib. 

“Bizim prioritetimiz Əsədin getməsi deyil, terrorizmlə mübarizədə qalib gəlməkdir”-adının çəkilməsini istəməyən yüksək vəzifəli bir türk məmuru belə deyib. 

“Bu o demək deyil ki, biz Əsədi bəyənirik. Sadəcə olaraq, biz razılığa gəlmişik. “İslam dövləti” məhv ediləndə, Rusiya Rusiya Suriyada PKK-nı məhv etmək üçün Türkiyəyə dəstək göstərə bilər”. Moskva və Ankaranın mövqeyinin dəyişməsi ideologiyaya deyil, real siyasətə əsaslanan praktiki mülahizələr yaradır. Rusiya uzun sürəcək müharibəyə batmaq istəmir və öz müttəfiqi kimi Suriyanın ərazi bütövlüyünü saxlamağa çalışır. Türkiyə qeyri-formal şəkildə Suriyanın şimal hissəsinə qaçqınların yerləşdirilməsi üçün təhlükəsizlik zonası yaratmaq məqsədilə nəzarət etmək istəyir. Həmçinin orada Əsəd rejiminə qarşı çıxan müxalifətə dəstək və kürd yaraqlılarının təsirindən müdafiə olunmaq üçün baza yaratmaq fikrindədir. İŞİD-in nəzarətində olan və Hələbdən 40 km şimal-şərqdə yerləşən Əl-Bab şəhərinin taleyi də mühüm əhəmiyyət daşıyır. Ərdoğan istəyir ki, şəhərin ələ keçirilməsində Türkiyəni dəstəkləyən yaraqlılar kürd silahlı dəstələrinin də qarşısını alsınlar. Bir sıra mənbələrə görə, Ankara və Moskva Əl-Babın tutulması müqabilində yaraqlıların Hələbi tərk etməsinə dair razılığa gəliblər. 

İranın maraq dairələrini cızmaq çətin hesab olunur. İranın ali dini lideri Ayətullah Əli Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Hələbin tutulması bölgədə böyük dəyişikliklərə gətirib çıxaracaq. Hələbin Əsədə qaytarılmasına şərait yaratmaqla İran Tehranı Beyrutla birləşdirən quru dəhlizi əldə edib. Bu isə ona Livanın “Hizbullah” təşkilatını silahla təmin etmək imkanı yaradır. 
Rusiya və Qərbin diplomatik mənbələri isə bildirrlər ki, Əsəd hakimiyyətdə qaldıqca, İran da bu dəhlizi əlində saxlamaqda israr edəcək. Əgər əsəd hakimiyyətdən getməli olsa, o zaman Tehran şiələrə yaxın olan ələvilərin başqa bir nümayəndəsinin onu əvəz etməsinə çalışacaq. Tehran böyük sülh sazişinin əldə edilməsində əsas maneə ola bilər. İranın müdafiə naziri Hüseyn Dehqan bir müddət əvvəl bəyan edib ki, Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı Astana danışıqlarında iştirak etməməlidir. Ər-Riyad isə Suriya prezidentinin istefasını tələb edir. Ona görə də çoxları genişmiqyaslı sazişin baş tutacağına inanmır. Çünki Səudiyyə Ərəbistanı daha bir ələvinin hakimiyyətə gəlməsinə çətin ki, razı olsun. ABŞ prezidentinin müşaviri işləmiş, hazırda Vaşinqtonda Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Denis Ross Suriyada tezliklıə sülhün bərqərar olacağına inanmadığını deyib: 

“Mən şübhə edirəm ki, Suriyada Hələbdən sonra müharibəyə son qoyulacaq”- Ross Reyter belə deyib. “Əsədin iştirakı ilə müxalifət münaqişənin mənbəyi olaraq qalacaq”.

 Qeyd edək ki, Suriyanın gələcək taleyi ilə bağlı son dövrlər Moskvada aparılan razılaşmalar Rusiyanın diplomatik korpusuna hücumla müşahidə olunur. Dekabrın 20-də üçtərəfli formatda Moskvada keçirilmiş görüşdən bir gün öncə Rusiyanın türkiyədəki səfiri Andrey Karlov qətlə yetirildi. Sergey Lavrovun Mövlud Şavuşoğlu ilə anlaşmasından dərhal sonra, yəni dekabrın 29-da isə Rusiyanın Dəməşqdəki səfirliyi iki dəfə atəşə tutulub.

Müşfiq Abdulla

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı