Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

İnamı sarsılanlar



Bütün fəlakətlər qarnın tox olmamasından doğur. Oğul ataya söykənə bilmir, qardaş qardaşa. İnsanların arxayın olacağı, oturub dərindən nəfəs alacağı bir guşə, bir məkan yoxdur. Hətta deyərdim ki, hökumətə də güvənc yeri qalmayıb. Ən azından ona görə ki, güzəran ağırlaşdıqca, əhali ümidsizləşdikcə, başbilənlərimiz vəziyyəti sanki bir az da çətinləşdirirlər.

Məncə, ən təhlükəli hal budur ki, güvənc olmadığından insanlar bir-birinə inamını itirir. Üstəlik, bu inamsızlıqla gələcəyə, arzulara, gecələrin, yuxuların doğurduğu ideya və hədəflərə inam da tükənir. Yaşlılarımız sovet dönəminin xiffətini ona görə çəkir ki, o vaxt konkret günlərdə konkret məvacib alırdılar. Kiminsə 30 manat borcu vardısa, arxayın idi ki, ayın sonunda 180 manatını alacaq və borcunu da dərhal qaytaracaq. O vaxt adi bir süpürgəçi, sıravi bir kolxozçu, savadsız bir fəhlə rayon rəhbərindən şikayət yazardısa, dərhal məsələ respublika səviyyəsində, bəzən hətta SSRİ rəhbərliyi səviyyəsində müzakirəyə çıxarılar, partiya iclası çağrılar və şikayət sübuta yetirilərdisə, katibi (yəni, icra başçısını) ən yaxşı halda vəzifəsindən bayıra atardılar.

Bəs bu gün necədir? Adi bir sahə müvəkkili, JEK müdiri özünü padşah kimi aparır, rüşvət almağı norma kimi qəbul edir, sıravi insanlarla rəiyyət kimi davranır. Görün, o zaman ondan yuxarıda və lap yuxarıda dayananlar hansı mövqedədirlər?!

Vəziyyəti o həddə çatdırıblar ki, yaşlıların dediklərinə qarşı əsaslı arqument gətirməkdə çətinlik çəkirik və onların sovet sevgisini sarsıda bilmirik. Belə məqamlarda onlara yalnız bunu deyə bilirik ki, elə indi də hökumət nümayəndələrinin böyük əksəriyyəti sizin kommunistlər və ya Rusiyameylli insanlardır. Vəziyyəti kritikləşdirən də məhz budur. Amma sovetmeylli bu adamları heç bir vəchlə inandıra bilmirəm. Çox fikirləşəndən sonra onlara bənd-bənd izahat vermək üçün bunları deyirəm: 

Dünya təcrübəsi göstərir ki, ölkələri ya milli hökumət, ya da demokratik qüvvələr nicata aparır. Belə idarəetmələrdə rüşvət olmur, yaxud minimuma enir; 
Güc nazirlikləri cinayətkar dəstələr yaratmır; 
Məhkəmələr sifariş yerinə yetirmir; 
Tibb işçiləri narkotik ticarətilə məşğul olmur; 
Müəllimlər şagird və tələbələrdən rüşvət yığmır, seçki saxtakarlığına cəlb olunmur; 
Vəzifədən sui-istifadə və ya səlahiyyətləri aşmaq halları nəzərə çarpmır; 

Məmurlar bizneslə məşğul olmur; 
Nazirlər, icra başçıları ölkədə və xaricdə milyonlarla dollarla ölçülən mülklərə sahib olmur; 
Qəlbi azadlıq eşqi ilə yanan, insanları müqəddəs amallara səsləyən aydınlar şər-böhtanlara tuş gəlib qazamata salınmır; 
Siyasi mövqeyinə və ya mənsubiyyətinə görə nəinki özü, bütün sülaləsi işsiz qalmır; 

Sənətkar olmaq üçün qadınlar bədənini, kişilər abrını satmır; 
Heç bir insani dəyəri olmayan fırıldaqçılar şöhrətli alimi, istedadlı yazıçını, siyasi xadimi məsxərəyə qoymur; 
Özünü və ailəsini idarə etməyi bacarmayanlar millətə dərs keçməyə həvəslənmir; 
Müharibə yolu keçmiş, şikəst olmuş kişilər təhqirlərə, hüquq pozuntularına mübtəla olmur, intihara sürüklənmir; Əsgər valideynləri zabitlərə kontur yükləmək məcburiyyətində qalmır; 
Televiziyalar ucdantutma şoulaşmır; 

Jurnalistlər reketlik etmir; 
Falçı və cadugərlər TV-lərə hörmətli qonaq kimi dəvət olunmur; 
Dini inanclara hörmətsizlik edilmir, ibadət mərasimləri polis gücünə dağıdılmır, məscidlər az qala kütləvi şəkildə inhisara alınmır... 

Bütün bunları sadalayandan sonra sovet yönümlü həmsöhbətlərim bir qədər susub fikrə gedirlər. Amma bu, müvəqqəti olur. Çox keçməmiş onlar "sovet dönəmində heç olmasa, qarnımız tox olardı, kurortlara gedərdik, pul dərdi çəkməzdik" deyirlər. Göründüyü kimi, insanları ilk növbədə qarın toxluğu düşündürür. Yəqin bu yazıma da çoxlarının qarnını doyurmadığı üçün mənasız bir şey kimi baxacaqlar...










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı