Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Əziz müəllimimin ruhu ilə SÖHBƏT



Səndən yazmaq istərkən Xudu Məmmədovun ölüm gününü xatırladım, Famil müəllim. 1988-ci il oktyabrın 17-ni. Qəfil xəbər sarsıtmışdı ölkəni, amma bu dərdi sən daha ağır yaşayırdın. Dostun, qardaşın, canından parçan getmişdi, Qarabağın qarlı dağları yıxılmışdı, elinin-obanın, millətinin sayılıb. seçilən ziyalısı getmişdi həyatdan, həm də gözünün önündə. Ölümün əlindən ala bilmədiyin üçün Xudu müəllimi aciz-əlacsız ağlayır, millətindən utanırdın, elm dünyasından utanırdın. Qarabağ dərdi ilə Xudu dərdi bükmüşdü qamətini. “Bu gün dərs olmayacaq, Xudu Məmmədovun dəfn mərasiminə gedəcəyik”, dedin fakültəmizdə. 

...Akademiyanın böyük zalında hər kəsin üzündə heyrət, buza dönmüş sükut vardı. Azərbaycan xalqı yerini doldura bilməyəcəyi böyük itki vermişdi. Səadəti oğurlanmış millətimizin dahi övladının həyatı da oğurlanmışdı. İçin yanırdı Famil müəllim, bu haqsız ölümü sinirə bilmirdin. Ağdamlı xanəndə Paşanın Zəminxarə üstündə çəkdiyi minacat sözləri ağızlarda qarsaladı, diri-diri yandırırdı insanları. Akademiyadan son evinə qədər Xudu Məmmədovu çiyinlərində apardın. Ən çətin, ən böyük dərsini keçdin bizə həmin gün - həyat dərsini. 

Bu harasıymış... Xudu Məmmədovla başlayan faciələrimiz sıralandı sonralar, matımız-qutumuz qurumuşdu, qəfil yaxalanmışdıq qara donlu, qara günlü günlərə. Ağrılar-acılar Səni anan kimi, balan kimi qucaqlamışdı. Bir sözün vardı, heç unutmuram: “Fəsli dəyişik salıb ağaclar da, dəymiş dura-dura kallar tökülür”. Bu fikrin yaşadığımız cəmiyyətin tablosunu ən güclü rəssam kimi çəkmişdi, başqa sözə gərək qalmırdı. Millətinin yesir gününə salınması ziyalı qüruruna toxunurdu, şərəfini zədələyirdi. Bir susmağın vardı həyata, haqsızlığa, ədalətsizliyə, yerə-göyə, elə susurdun ki, içindəki üsyan ərşi yandırırdı, Sən də xəzan olub içinə tökülürdün, bu xəzanın içində ömrün də solub gedirdi Famil müəllim. Polisin bir köçkün qadına əl qaldırmasına dözməmişdin bir dəfə. Küçənin ortasında bu qədər vüqarına, təmkininə rəğmən səbr kasan dolmuşdu, polisin üstünə qalxmış, etiraz etmişdin, mətbuat da bunu dəfələrcə yazmışdı. Aradan çox keçmədən Milli Məclisin tribunasından dedilər ki, Famil Mehdini qarabağlıları qızışdırır, dövlətə qarşı hazırlayır, deyirdilər. Sən isə Vətən dərdindəydin, Xocalı, Daşaltı, Şuşa, Ağdam dərdində. 

Beləcə qovrulurdun, istidə üşüyür, soyuqda yanırdın, ölümə belə hazırlaşırlarmış. Dilin-dodağın qarsalanmış kimi özünü tez-tez Ağdama, Şuşaya təpərdin, orada yanğınını söndürəcək su varmış kimi. Əsgərlərlə görüşürdün, döyüş nöqtələrinə gedirdin, camaatla görüşürdün. Bir gün onlar da getdi əlimizdən. Susuz, yurdsuz, elsiz, kimsəsiz qaldıq. Yaşadığımız müsibətlərdən qurumuş dodağımızın çatlarını dolduracaq güclü yağışa ehtiyacımız varkən göylərdən üstümüzə bəla yağırdı yağış yerinə, Famil müəllim.Bu gün daha betər gün idi, daha betər sabah açılırdı üzümüzə. Hər qaranlıq günümüz yeni bir qaranlıq gün doğurdu ertəsi bizə. Yaranın kəsiyi hər gün biraz duzlanırdı, hər gün ölümünə doğru daha sürətlə gedirdin. Hərdən universitetin qarşısında rastlaşardıq, başını qaldırıb salam verməyə də taqətin qalmamışdı sanki. 
Dünya gözündə öləzimişdi, batmağa gedən ay işığı kimi. Gözümün önünə Ağa körpüsündən keçən ağayana, ağa duruşlu bəylər, ağalar, bir də Ağa körpüsü uçmuş, tifaqı dağılmış Qarabağın mənzərəsi gəlirdi Sənin bəmbəyaz üzündə.  

Beləcə günləri yola verirdik, hər sabah oxuduğumuz Jurnalistika fakültəsinə ümidlə gəlirdik hər şeyə rəğmən. Auditoriyaya girəndə gözümüz üzünüzdə qalırdı, Qarabağdan yenicə gəlmişdiniz, mütləq ümidli danışacaqsınız, bizi sevindirəcək söz deyəcəksiniz. Sən bizdən utanırdın sevindirə bilmədiyin üçün, biz də Səndən utanırdıq, umutla üzünə baxdığımız üçün. Yolu-rizi, baxtı bağlanmış, işığı kəsilmiş, suyu qurumuş, günü qaralmış Qarabağın başından girib ayağından çıxmaq, evlərə girib sönmüş işıqları yandırmaq istəyirdin, qıfılları qırıb sahiblərini çağırmaq istəyirdin. Amma hamısı getmişdi, yağının əlindəydi, Sənin əlində qalan isə yumruq boyda ürəyin idi. 

O da sanca-sanca hər gün doğranırdı. Şuşanı, Laçını, Ağdamı bəlkə də son dəfə sənin ürəyin çəkmişdi lentə. Bəlkə də sənin ürəyin o yerlərin qara qutusuydu, qarala-qarala bitdi bir gün o da. Əl-qolu doğranan cana bənzədirdin Qarabağı, hər tərəfindən qan axır yurdumun, deyirdin. Bəlkə ürəyinlə çəkdiyin o görüntünü göstərə bilsəydin, dəhşətdən biz ölərdik, Sən buna razı olmadın özün ölməyi seçdin. 

Çəkdiyin dərdlərin yükü azmış kimi bir də haqsız ittihamlarla, təzyiqlərlə yüklənirdin, mükafat yerinə, təltif yerinə. Ömrün boyu dövlət tərəfindən ən adi bir mükafatla, fəxri-fərmanla da təltif olunmadın. Əksinə, kitabların mətbəələrdən yığışdırıldı, məqalələrin qəzetlərdən, şeirlərin jurnallardan çıxarıldı. Qürurun, “mən”lərin tapdalandığı dünyada qürrələnəcək bir şey yoxdu - deyirdin, mükafat nə gərək?! Özün bu mənzərəni daha aydın ifadə etmişdin, Famil müəllim. 

Nə yaxşı mükafat almadım Allah,
Mükafat alanlar susur, lallaşır.
Mükafat alanlar liberallaşır.
Qəfil ürəklərin odumu sönür,
Mükafat alanlar quzuya dönür.
Yamandır insanın quzulaşması,
Özündən qaçması, uzaqlaşması.
Nə yaxşı mükafat almadım, Allah,
Dilin bir söz deyir, ürəyin bir söz.
Tələsmə, bacara bilirsənsə, döz,
Mükafat alanlar qurulaşırlar,
Sellər daşanda da durulaşırlar.
Təzə köynək kimi ütülənirlər,
Hər zaman irəli itələnirlər.
Nə yaxşı mükafat almadım, Allah,
Mükafat alanlar sonra pis yazır,
Əsəbsiz, qəzəbsiz, ürəksiz yazır.
Mükafat alanlar özündən razı,
Ocağa tamarzı, suya tamarzı.
Hər zaman, hardasa çıxışdadılar,
Ucuz təriflərdə, alqışdadılar.

1995-ci ilin bir soyuq axşamı idi. Azərbaycan radiosunda şair-publisist, Bakı Dövlət Universitetinin kafedra müdiri Famil Mehdi ilə veriliş səslənirdi. Aparıcı soruşur, Famil müəllim, niyə 60 illiyinizin qeyd olunmasına qarşı çıxdınız, mətbuata belə qadağa qoydunuz, axı bu Sizin haqqınızdır? Famil Mehdinin cavabını olduğu kimi yazıram: “Qarabağı - Şuşası, Ağdamı, Füzulisi, Cəbrayılı, Kəlbəcəri, Laçını, Qubadlısı, Zəngilanı düşmən tapdağı altında qalan, bir milyon əhalisi, qohum-əqrəbası, eli-obası qaçqın vəziyyətində müsibətlər çəkən, dilənçi kökündə yaşayan bir şairə nə yubiley ay qızım? Qarabağ boyda yurd itirmişəm, içimi yandırır çarəsizliyim, yaşamağım, nəfəs almağım günahdı. Mən heç bir görüşə, yubileyə, ədəbi-bədii gecəyə icazə vermədim. Hətta, işlədiyim universitetin jurnalistika fakültəsində, rəhbəri olduğum kafedrada belə adi çay məclisinə icazə vermədim”. Dörd yanından işartısı kəsilən millətinin bir parçasıydı Famil Mehdi. Yetmiş yaşa da çatmadı, öncə dili-dodağı qarsalandı Vətən deməkdən, sonra da ömrü. Dərd içindən yedi Famil müəllimi. Yurd həsrətinin yerində qalan kül kimiydi, bir gün də külək sovurub apardı bizdən. 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi bütün zamanlarda səmimiyyəti, gözəl müəllim-tələbə münasibətləri ilə təkcə universitetdə deyil, Azərbaycanın təhsil sistemindən fərqlənib. Biz müəllimlərimizdən sevgi, qayğı, böyüklük, səmimiyyət gördük və belə də təhsil aldıq. Jurnalistika fakültəsini bütün zamanlarda bitirən məzunlar mənimlə eyni fikirdədirlər. Bu şəkildə tələbə-müəllim münasibətlərini Avropa Universitetləri haqqında oxuyardıq. Famil müəllim də tələbələrin, xüsusilə, oğlanların ən yaxın dostu, sirdaşıydı. Milli Qəhrəmanımız, rəhmətlik Alı Mustafayevin elçiliyini Famil müəllim etmiş, Alının Laləsinin atası evinə oğul atası kimi getmişdi. Gənclər ən təmiz, ən toxunulmaz məhrəm duyğularını əziz müəllimlərilə paylaşa bilir, böyük kimi məsləhətinə ehtiyac duyurdular. Bizim təhsl sisteminin baş bəlası olan imtahanlardan tələbə tapşırılması jurnalistika fakültəsində də vardı, ama dayımız öz müəllimlərimiz idi, onlar bizi özlərinə tapşırıdılar, özlərinə amanət edirdilər. 

1990-cı ilin qanlı Yanvar hadisələrindən iki gün sonra - yanvarın 22-də fakültəmizin hörmətli müəllimi Əliş Nəbili ağır yaralanmışdı. Xəstəxanaya yanına getmişdim bir gün. Həkimlər dəhlizdə qarşımı kəsdilər, tələbələri hər gün gəlir, xəstəni narahat edirlər. Famil Mehdi yanındadır, siz gedə bilərsiniz, deyə, tez-tez getməyimizdən narazılıq eləyirdilər. Mənim həkimlərə-noolar, icazə verin müəllimimi görüm-yalvarışlarımı Famil müəllim palatadan eşitmişdi. İçəridən, Rəsmiyyə sənsən? dedi, sonra da tibb bacılarından xahiş etdi ki, icazə verin, gəlsin. Palataya girəndə Əliş müəllimi bu vəziyyətdə görüb, həyəcanlanmayım deyə başladı, nə başladı: “Sən Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubalarını oxumusanmı? Dedim- bəli, oxumuşam. 

Ay sağol, Əliş müəllim bax o cəhənnəmi görüb, gəlib, indi özün soruş, orada nələr görüb. Bu dəfə Əliş müəllim başladı: “Yanvarın 22-də varid oldum cəhənnəmə. Tapşırılmışdım deyə, işim yanar ocaqdan qaynar qızıl abbasıları çıxarıb torbaya yığmaq idi. Mən də pulları çıxarıb öz torbama yığırdım. Bunu görən İsgəndər Zülqərneyn odlu ağacı ilə üstümə cumub əzabla topladığım pullarımı əlimdən aldı...” Biz necə güldüksə tibb bacıları da palataya gəlib Əliş müəllimlə Famil müəllimin zarafatlarına qoşuldular. Bu məbud insanlar, bu müdrik insanlar, bu gözəl atalar mənim ağlamamağım, kədərlənməməyim üçün bir səhnə yaratdılar. Həkim və tibb bacılarının otağa gəlməsindən əhvalı daha da yaxşılaşan Əliş müəllim “cəhənnəmdə gördüklərini” sonadək danışdı və ağırlığı ortadan qaldırdı. ...və bir gün bu yaxşı adamların ikisi də yaxşı atlara minib getdilər. 

Əziz müəllimim, Sənin son zamanlar çəkdiklərin, qoca çinar kimi bükülən qəddin heç bir tələbənin diqqətindən qaçmırdı. Bunlar yaradıcılığında da özünü göstərirdi. Ərişini-arğacını itirən, düzəni pozulan dünya sənlik deyildi artıq. Qırx alimlə bir cahilin yenilmədiyi dünya ilə üz-üzəydin. Cahili ulduzlara iştahlanırkən alimin dilənçi günündə, yesir günündə yaşadığına dözmədin. Dözə bilməzdin. Edəcəyin iki iş qalmışdı, “Dilən, professor, utanma, dilən” şeirini yazmaq, sonra da, nar kollarına çevrilən Ağdamda həmən nar ağaclarının zoğlarından asılmaq üçün əbədi Ağdama “yollanmaq”. Əziz Famil müəllim, o nar ağacları hər bahar açacaq, biz də nar kimi sıralanacağıq, bir yağı əlini uzadan kimi, biz də budağımızdan qopacağıq bir gün. Beləcə ölümümüzlə qovuşacağıq vətənimizə, SƏNİN KİMİ   

Dilən, professor, utanma, dilən
Dillən, professor, utanma, dilən...
Çıxart eynəyini,aç gözlərini,
Yaxşı gör zamanın acgözlərini.
Vicdan karlarını, qəlb lallarını,
Vəzifə, var-dövlət dəllallarını.
Qoy görsün səni də ağız busanlar,
Söz qalaylayanlar, körük basanlar,
"Millət”, "Millət” deyib köpük qusanlar.
Ancaq bir tələbən çalış görməsin,
İnamla, ümidlə qarşı durmasın,
Dünyada rəngləri qarışdırmasın.
Bir də ki, hər dəfə qomarlayanlar,
Öpüb bığlarını tumarlayanlar,
Nəvələr görməsin diləndiyini,
Tale xırmanında döyüldüyünü,
Ömrün ələyində əlandiyini.
Ruhuna böyük ehtiramla tələbən 

Rəsmiyyə RZALI

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı