Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

66 il ana dilimizin keşiyində: Əzizə Cəfərzadənin 95 illiyinə



Bir zamanlar görkəmli yazıçı, tədqiqatçı alim, xalqımızın anası statusunu qazanmış  Əzizə Cəfərzadə milli radiomuzda Cənubi Azərbaycan üçün verilən proqramların və “Ana” radio jurnalının aparıcısı və iştirakçısı idi.

Bütün bölgələrimizdə, ən ucqar kəndlərimizdə də dinləyicilər onun veriliş saatını səbirsizliklə gözləyir, isti söhbətlərinə maraqla qulaq asardılar.Bir dəfə verilişə rusiyalı yazıçı qonağını da gətirmişdi. Dedi ki, rəfiqəm Olqa xanım bir neçə gündür ki, Bakıdadır. İstədim onu sizlərlə söhbətə dəvət edim, Azərbaycan haqqında fikirlərini, düşündüklərini eşidəsiniz.Yazıçının dediklərini Əzizə xanım Azərbaycana dilində təqdim edirdi.

Çünki ölkəmizin hər bölgəsində bütün yaşdan olan insanlarımız, xüsusilə, analarımız, nənələrimiz, qız-gəlinlər onun söhbətlərini sevə-sevə dinləyirdilər: “Bir həftədir Bakıdayam, şəhərinizdə insanların necə böyük mədəniyyətə sahib olduqlarını görürəm. Çox incə davranır, özəl bir mədəniyyət göstərirlər.Azərbaycan qadınlarına yaxşı mənada həsəd aparıram. Çünki yoldaşlarınız sizə hörmət edir, dəyər verir, sabah işə, axşam evlərinə dönürlər. Bir qadın üçün bundan böyük xoşbəxtlik varmı?Bir həftə içində zibil yeşiklərinin yanında yatan azərbaycanlı görmədim. Əgər nadir hallarda belə birinə rast gəlsən, o adam mütləq rus və ya başqa millətin nümayəndəsidir. Azərbaycanlı kişilər ilk növbədə ailələrinə, aid olduqları millətə və özlərinə hörmət edirlər.Azərbaycanlı xanımlara demək istərdim ki, çox xoşbəxt qadınlarsınız, sizi belə dəyərləndirən ömür-gün yoldaşınız var”.

Əzizə xanım həmin verilişini də Azərbaycan qadınlarına həsr etmişdi.Ümumiyyətlə, böyük yazıçımız toplayıb çap etdirdiyi əsərlərin əsas hissəsini ana və qadın mövzusuna həsr edib. Bu kitablar vasitəsi ilə qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatında yeri olduğunu sübut etmişdir: 

“Azərbaycan türk qadını! Sənə ehtiramımı bilirsən.Bu gün də məqsədim səni müdafiə etmək deyil.Sən onsuz da bütün həyatın, tarixin boyu öz əməllərinlə özünə qəhrəmanlıq tarixi yazmısan.Bu gün də elədir.Sabah da elə olacaq. Sən, Azəri-türk qadını, bir şüar altında yaşamısan: "Üzük qaşıyla tanınar".

Etdiyin igidlikləri də atanın, qardaşının, ərinin, oğlunun ünvanına çıxmısan. Dünən eləydi, bu gün də elədir, sabah da elə olacaq. Sən namuslu qız olmusan atana.Namus əsiri olmusan.Sən sevən bacı olmusan qardaşına.Vəfalı ömür-gün yoldaşı, ərin şərəfini qoruyan sədaqətli baş yoldaşı olmusan.Gərək olanda da ərinin cəbhələrdə yerini tutmuş, vətən torpaqlarını qılıncla qorumusan, Tuti bikə kimi, Bibixanım Sultanım kimi. Sən 9 ay bətnində, iki il qucağında bəslədiyin, döşlərindən həyat əmizdirdiyin övladlarının qurbanı ANA olmusan. Milli dilimizi evlərdə, elə indi də, güney bacıların kimi.Sən qorumusan milli adət və ənənələrimizi, mənliyimizi təsdiq edən nə varsa, sən qorumusan.Yadelliyə, yaddinliyə, yaddilliyə könül verməmisən”.

“Natəvan” adlı kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız-hesabsız bayatılarında Azərbaycan qadını vəsf olunur.Əzizə xanım onlarla bədii əsərlərin və tarixi romanların müəllifi idi.Klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsində xeyli elmi axtarışları vardır.Elmi-tədqiqatları, axtarışları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş, yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir.Əzizə xanım tarixi romanlarında və elmi tədqiqatlarında ana dilinə ana kimi yanaşır, qadın kimi təmiz saxlayırdı. O, bunu pedaqoji fəaliyyətində də tətbiq edirdi, Vətən dildən başlayır deyə, dilimizin keşiyində durmağa çağırırdı tələbələrini. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”,

“Azərbaycanın şair və aşıq qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani. Sünbülstan”,  “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” əsərlərində ana dilinə inciyə, mirvariyə toxunar kimi yanaşmış, sevə-sevə istifadə etmişdir. O, folklorumuzun vurğunu idi, “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Novruz adətlərimizlə bağlı çoxlu sayda verilişləri və məqalələri vardı.

Hər ilin çərşənbə günlərində və ilaxır şərşənbələrində xanım-xatın milli azərbaycan geyimi və gözəl kəlağayısı ilə televiziyalarımızdan evlərimizə qonaq gələr, veriliş bitənədək dualar, xoş sözlər dilindən düşməzdi.Buna görə də hər bir evin sevimlisi və anası idi Əzizə xanım.

XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.Onun tərcümə sahəsində də xidmətləri saysızdır. Müxtəlif dövrlərdə Türkiyə ədəbiyyatının görkəmli nümayəndələri Sevinc Çokumun "Bizim diyar", Əhməd Kabaklının "Əjdaha daşı", Şəmçi Tellinin "Atatürkün eşq macərası" romanlarını, rus yazıçısı S.Smimovun "Brest qalası"nı dilimizə çevirərək nəşr etdirmişdir. Ədibin publisistik yaradıcılığı da zəngin və xüsusilə, onun 1965-1966-cı illərdə Afrikanın Qana respublikasında yaşadığı illərin bəhrəsi olan "Qızıl sahilə səyahət" əsəri Azərbaycan publisistikasının maraqlı örnəklərindən biridir.Mətbuat səhifələrində Azərbaycanın ictimai-siyasi və mənəvi-əxlaqi həyatının müxtəlif problemlərinə dair çoxlu sayda məqalələri və müsahibələri də çap olunmuşdur.Respublika Qadınlar Şurasının sədri vəzifəsində işlədiyi illərdə qadın və uşaqlarının hüquqlarının qorunması üçün var gücü ilə çalışırdı. Ən ucqar rayon kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsinə çalışmışdı. Həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir.Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.

Şərqin dühası Məhəmməd Füzulini gözəl bilənlərdən biri də Əzizə xanım idi.Son əsərində və bütün ömrü boyu axtarışında Füzuli həyatına, Füzuli ruhuna rast gəlinir. Ölümündən bir az əvvəl bitirdiyi “Eşq sultanı” romanı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqındadır. Əzizə Cəfərzadənin tarixi romanlarından biri, bəlkə də ən məşhuru  “Aləmdə səsim var mənim”dir.  

Əsərin ilk adı “Məhəbbət günahdırmı?” olsa da, sonradan yazıçı romanın adını “Aləmdə səsim var mənim” adlandırmışdır.Burada XIX əsr ədəbi fikir ideologiyasının öncüllərindən biri olan şair Seyid Əzim Şirvanidən bəhs edilir.Əsərin adı da S.Ə.Şirvaninin “Mövti-cismani ilə sanma mənim ölməyimi, Seyyida, ölmərəm aləmdə səsim var mənim” məqtəli qəzəlindən götürülmüşdür.Romanda həm də XIX əsr Azərbaycan xalqının həyatı, etnoqrafiyasını, eyni zamanda Şirvan tarixini, daha doğrusu, Şamaxı mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında işləmişdir. Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmiş, “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmişdir. Əzizə xanım həmişə xalqın içində, insanların arasında olardı.Millətinin tarixinə, mədəniyyətinə və mənəvi dəyərlərinə düşkün idi.Xalqına bu qədər bağlılığı şəxsi həyatını arxa plana keçirmişdi.Azərbaycan xalqının görkəmli yazıçısı, anamız Əzizə Cəfərzadə 4 sentyabr 2003-cü ildə, ömrünün 82-ci ilində dünyamıza vida etdi.

Öz vəsiyyəti ilə Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib.Son günlərində belə millətinin övladlarına, gələcəyinə sakit, dinc, müstəqil, ölümsüz, ağrısız, xoşbəxt bir istiqbal arzulayırmış.Son nəfəsində belə ana vəzifəsini yerinə yetirib.İşıqlar içində yat Əzizə ana! 

Rəsmiyyə Rzalı-Qarayeva
Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı