Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanda 13 min uşaq xəstəxanaya yerləşdirilib - RƏSMİ



Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında hesabat xarakterli tədbir keçirilib. Tədbirdə qeyd edilib ki, tibbi müəssisə günün 24 saatı ərzində, fasiləsiz olaraq, Bakı şəhərinin bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərir. Gündəlik olaraq 103 xidmətinə 2000-ə yaxın çağırış daxil olur. Bayram və istirahət günlərində isə müraciətlərin sayı daha da artır.

Keçən il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 681 mindən artıq ümumi müraciət daxil olub ki, onlardan 63 mindən çox halda xəstə və zərərçəkənlər xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 83 mindən çox olub. Onlardan da xəstəxanalara yerləşdirilənlərin sayı 13 mindən artıq olub.
 
Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Miokard infarktı ilə müraciətlərin sayı 1000, hospitalizasiya 940-a yaxın; insultla müraciətlərin sayı 3300, hospitalizasiya 2950; doğuşla bağlı müraciətlərin sayı 3310, hospitalizasiya 3290; avtoqəza zamanı xəsarət alanların sayı 2420, hospitalizasiya 2125-dən artıq olub. Evdə qalan xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara, zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilib.
 
Təcili tibbi yardıma ehtiyacı olan 180 nəfər yaşayış yeri məlum olmayan şəxs ilkin tibbi yardım göstərildikdən, müxtəlif ixtisaslı bir neçə həkimin ətraflı tibbi müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.
Təcili Yardım Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır və yeni dərman preparatları ilə əvəz olunur və ya əlavə edilir.
 
Ağır xəstələrin evdə rentgen müayinəsinin aparılması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası rəqəmsal və plyonkalı rentgen apparatları ilə təmin olunub. Portativ rentgen apparatının olduqca əhəmiyyətli müsbət cəhətləri var. Belə ki, ağır yataq xəstələrini bəzən tərpətmək olmaz və ya mümkün deyil, bu zaman rentgen müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, ev şəraitində rentgen müayinəsi aparılır. Həmçinin ev şəraitində laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur və əhaliyə yüksək səviyyədə xidmət edir.
 
Fəlakətlər və kütləvi hadisələr zamanı zərərçəkənlərə tez və keyfiyyətli tibbi yardım göstərilməsi məqsədi ilə beynəlxalq təlabatlara cavab verən yeni çeşidləmə kartı tərtib edildiyindən, kartla işləmə qaydasını aşılamaq məqsədi ilə bölmələrdə təlim məşqləri keçirilmiş, tibb işçilərinin praktik bilikləri qiymətləndirilib.
 
Tibbi müəssisənin maddi-texniki təchizatı yüksək səviyyədədir. BŞT və TTYS bir neçə növ sanitar avtomobillərlə - kütləvi hadisələr zamanı 6 nəfəri birdən daşıya bilən, qarlı-buzlu yollarda sürülə bilən, laborator, reanimasion sanitar avtomobillərlə təmin edilib.

Nigar Məhərrəm
Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı