Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

ÇƏMBƏR DARALIR: Rusiya-İran-Türkiyə qarşıdurması



Suriyada müttəfiqlər bir-birilə necə savaşır?

Suriya hökuməti Hələbdən sonra İdlib şəhərini ələ keçirmək üçün hücuma hazırlaşdığını bəyan edib.  Əslində  demək olar ki, Bəşər Əsəd rejimi hərbi əməliyyatlara bir həftədir ki, başlayıb. Əsəd rejiminə məxsus hərbi təyyarələr Azad Suriya Ordusunun  İdlib şəhəri yaxınlığındakı mövqelərini bombalamaqda davam edir.  Hətta Suriya müxalifəti hakimiyyəti kimyəvi silahlardan istifadə etməkdə günahlandırır. 
Xatırladaq ki, dekabrın 30-da Rusiya və Türkiyə arasında Suriyada atəşkəsin təmin edilməsinə dair razılaşma əldə edilməsinə baxmayaraq, rəsmi Dəşməşq bu müqaviləyə əməl etməyib. Hərbi əməliyyatların davam etməsinə etiraz olaraq , ASO yanvarın 23-də Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının aradan qaldırılmasına həsr olunmuş danışıqlar prosesində iştirak etməkdən imtina edib. İdlib ətrafında vəziyyətin getdikcə gərginləşməsi Astana danışıqlarının baş tutatcağını şübhə altına alır. 

Suriyanın beynəlxalq əlaqələr üzrə naziri Əli Həydar İdlib şəhəri İdlibdə hərbi əməliyyat keçirmək istədiklərini açıqlayıb. Əli Həydar qarşılıqlı anlaşmaya əsasən, Dəra və şərqi Hələbdki müxalifət qüvvələrinin İdlibə göndərildiyini deyib. Nazir İdlibin müxalifətin istehkam qalası olaraq qalmasına icazə verməyəcəklərini, şəhəri ya danışıqlar, ya da hərbi əməliyyatlar yolu ilə geri alacaqlarını deyib. Əli Həydar Səudiyyə Ərəbistanını  və Qətəri də Astana görüşünün baş tutmasına  mane olmaqda günahlandırıb. 

Qeyd edək ki, Suriyanın üçüncü ən böyük şəhəri olan İdlib ətrafındakı ərazilərə əsasən Azad Surya Ordusu nəzarət edir.  Hələbin Rusiya-Əsəd rejimi-İran ittifaqına təslim edilməsindən sonra şəhərdən çıxarılan dinc sakinlər və Nüsrət Cəbhəsi yaraqlıları da İdlib əyalətinə yerləşib. Ancaq Hələb şəhərində təxliyə prosesi başa çatmamış Rusiyanın növbəti planında İdlib üzərinə hücumun dayandığına dair məlumatlar yayılmışdı. Moskva özü də bu xəbəri təkzib etmirdi. Ona görə də İdlibin ələ keçirilməsi əməliyyatının arxasında Əsəd rejimindən daha çox Rusiyanın dayandığını görmək olar. Moskvanın  İdlibi tutmaqda məqsədi cənubda Latakiya bölgəsinə qədər Aralıq dənizi boyunca əraziyə nəzarəti tam ələ almaqdır. Bu, Rusiyaya həmin bölgədə strateji mövqeyini möhkəmlətmək imkanı verə bilər. Rusiya Hələb, İdlib və Curin arasındakı yola nəzarəti ələ ala bilsə, o zaman Azad Suriya Ordusunun Türkiyə ilə qərbdən əlaqəsini kəsməyə nail ola və müxalifətin mühasirəsini tamamlamış olar.

Təbii ki, bu da Ankaranın narazılığına səbəb olur. Əl-Bab şəhərinin tutulması və  45 km Suriyanın içərilərinə doğru irəliləmək imkanı qazanmaq üçün  Türkiyə öncə Hələbin Əsəd rejiminə verilməsinə razılaşsa da, Rusiyanın bununlıa kifayətlənməyəcəyini bilirdi. Lakin Ankara Rusiya ilə siyasi bazarlaşmaya getməklə Suriyada real güc mərkəzinə çevrilmək planına üstünlük verdi. Eyni zamanda, Ankara “Fərat qalxanı” əməliyyatında  iştirak edən Azad Suriya Ordusunu  Əsəd hökuməti ilə bərabər  Astana danışıqlarında masa arxasına əyləşdirməklə qarşı tərəfə qəbul etdirəcəyinə ümid edirdi.  Türkiyə Suriya ilə cənub sərhədləri boyunca təhlükəsizlik zolağı yaratmaq istəyinə müəyyən qədər nail olmasına baxmayaraq, atəşkəs rejiminin pozulması nə Bəşər Əsədin, nə də Rusiyanın müxalifəti qəbul etmək istədiyini təsdiqləyir. 

Türkiyənin  xarici işlər naziri Mövlud Çavuşoğlunun son hadisələrə etirazını bildirməsi isə atəşkəsin davam edəcəyinə  Ankaranın özünün də ümidinin azaldığından xəbər verir.  Atəşkəsin pozulmasına görə Əsəd rejimini ittiham edən M.Çavuşoğlu  “atdığı imzaya əməl etməyən tərəf”dən danışmaqla əslində Rusiyaya işarə edib. “Bir tərəfdən atəşkəs haqqında razılaşmaya imza atırsan, söz verirsən, o biri tərəfdən hərbi əməliyyat aparırsan. Belə olmaz ki!” 

Atəşkəs haqqında anlaşmanın Rusiya və Türkiyə arasında əldə edildiyini nəzərə alsaq, Çavuşoğlunun  mesajı daha çox Moskvaya yönəlib. Rusiya atəşkəsin təmin edilməsində Əsəd rejiminə zamin duran tərəf kimi çıxış edir. Ona görə də atəşkəsin  Suriya hökuməti tərəfindən pozulmasına görə, siyasi məsuliyyət ilk növbədə Rusiyanın üzərinə düşür. Bütün bunlar isə razılaşmaya imza atan tərəflər arasında fkir ayrılığının yaranmasından xəbər verir. Üstəlik , Türkiyə İdlibin bombalanmasına görə İrana da xəbərdarlıq edib.  Ankara İrana Əsəd rejiminə və “Şiə milis dəstələri”nə atəşkəsə əməl etmək üçün nəzarəti  təmin etməyin vacibliyini xatırladıb. Bu isə atəşkəsin pozulmasında İranın əlinin olmasına dair işarə kimi başa düşülə bilər. Son dövrlər atəşkəs məsələsinə münasibətdə İranla  Rusiya arasında fikir ayrılığının yaranması barədə məlumatların sayı artır. Bunun başlıca səbəbi  iki müttəfiq arasında Suriya üzərində geosiyasi nüfuz uğrunda rəqabətin dərinləşməsidir. Moskva və Tehranın prezident Bəşər Əsədə  daha çox təsir imkanı əldə etmək uğrunda  cəhdləri ziddiyyətin yaranması ilə müşahidə olunur. 

Misirin “Masr Alarabia” saytının yazdığına görə, həm Rusiya, həm də  İran indi Suriyanın Homs şəhəri üzərində inhisarçı hökmranlığını qurmağa çalışır. Homs coğrafi mövqeyinə görə Suriyanın əsas şəhərlərindən biri sayılır. Homsun təhlükəsizlik strukturlarına nəzarət uğrunda mühüm rəqabət Rusiya və İranı qarşı-qarşıya gətirir. “Suria.net” saytının Suriya ordusundakı komandanlığındakı  mənbədən əldə etdiyi məlumata görə, Moskva Əsədə yaxın bir sıra güc orqanlarının, o cümlədən İrana meylli Mill Müdafiə Qüvvələrinin ləğvini istəyib. Səbəb kimi Homsda, xüsusilə də onun şimalındakı inzibati mərkəzlərdə İranın rolunun genişlənməsini n Rusiyaya mane olması göstərilib. 

Rejimə meylli qəzetlərin verdiyi məlumata görə, Homsun dövlət təhlükəsizlik xidmətinin rəisi Akkab Abbas işdən çıxarılıb və onun yerinə Həma şəhərində eyni vəzifəni tutan İbrahim Dərviş təyin edilib. Homsda Dövlət Təhlükəsizlik Komitəsinin üzvü olan Akkab Abbas həmin ərazidə İranın nəzarətinin qurulmasında və maraqlarının müdafiəsində mühüm rol oynayıb. Akkab Abbas Rusiya silahlı qüvvələri 2015-ci ilin sentyabr ayında Suriyaya daxil olana qədər Milli Müdafiə Qüvvələri adlanan hərbi dəstələrin təşkilatçısı kimi də tanınıb. 

Suriyanın Latakiya bölgəsindəki Hmeym hərbi hava bazasını qurandan sonra  Rusiya Homsda, eləcə də müxalifətin və İrana meylli könüllü dəstələrin nəzarətində olan bölgələrdə hərbi təhlükəsizliyi öz üzərinə götürdü. Həmin vaxt Moskva könüllü dəstələrin İrandan gələn maliyyə kanallarını bağladı. Rusiya həm də Hmeymdəki mərkəzdən kənarda barışıq üzrə istənilən təşəbbüslərə daim mane olurdu. Suriya xüsusi xidmət orqanlarındakı zabitlərdən birindən alınan məlumatda qeyd edilir ki, Rusiya təhlükəsizlik orqanlarına nəzarət edir, müxalifətlə aparılan bütün danışıqlarda şəxsən iştirakçı olur. 

Ona həmçinin Milli Müdafiə Qüvvələrinin rolu ilə bağlı məsələ tapşırılıb. O isə həmin qüvvələrin öz mövqeyində qalmayacağını və hökumət təhlükəsizlik qüvvələrindən ayrılaraq Homsun şərqinə göndəriləcəyini deyib.   

Rusiya-İran qarşıdurması özünü Homsun qərb hissəsi olan Əl-Vair danışıqlarında da göstərib. Vəziyyəti  “Suria.net” saytına şərh edən ictimai fəal Əmmar əl-Homsi bildirib ki, bu, Milli Müdafiə Qüvvələrinin silahdan istifadə etməklə nəqliyyat vasitələrinin özlərinin nəzarətində olan hissəsinə keçməsinə mane olub, dinc sakinləri özbaşına seçərək həbslər aparıb. O əlavə edib ki, İbrahim Dərviş Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edildikdən sonra hakim rejimin nümayəndələrinin iştirakı ilə üç rus zabiti ilə görüşüb. Onlardan biri Hmeym bazasına tabe olan Homsdakı barışıq mərkəzinin rəhbəri olub. Fəal onu da bildirib ki, Rusiyanın nəzarəti öz əlinə almasından sonra danışıqlar çərçivəsində atəşkəsə nail olmaq, İranpərəst rəisin istefasından sonra daha asan olub. 

O da qeyd edilir ki, ötən il Dövlət Təhlükəsizlik Xidməti ilə Xeyrullah Şeyx Əlinin rəhbərlik etdiyi Milli Müdafiə Qüvvələri  arasında silahlı qarşıdurma baş verib. 
Rusiya İranın əyalətlərdə təsirini azaltmaq üçün Milli Müdafiə Qüvvələrinə qarşı “Beşinci Dağıdıcı Korpus” adlanan hərbi birləşmə formalaşdırıb. 

Müşfiq Abdulla
Cebhe.info 

 










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı