Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Oğlum Kəramətə həyat dərsi 



Kəramət Böyükçöl həyatı, ən xırda hadisələri belə istedadla yaşayır. Özünü  tələm- tələsik həyata,  hadisələrin  üstə çırpır. Uduzmağı da olur, udmağı da.  Lap körpəliyindən bələdəm ona. Körpə vaxtı özünü oda – közə vururdu, indi də. Hər şey dəyişib, tək bir şey olduğu kimi qalır. Körpəliyindəki  kimi xəstələnir eynən.

Hərdən dövri mətbuatda bəzi klassiklərimizi,  xeyli  dostumu   tənqid edir, elə məni də. Çoxları elə bilirdi ki, biz ata –bala oyun oynayırıq, bir – birimizə “pas” ötürürük.  Sonra  hamı bildi ki, o, heç vaxt mənim sözümə baxmır. Xeyli dostlarımı məndən küsdürdü. Mənim üçün  maneələr yaratdı.

Bir evdə yaşayırıq. İş otaqlarımız  ayrıdı. Yoldaşım  hər dəfə deyir ki,  gələn kimi onu  boğmala, döy, tənbeh et, içməsin, evə vaxtında gəlsin. Həmişə söz verirəm.  O gələn kimi  hamı susur. Sükut içində şam edirik. Yoldaşım tənbehimi  səbrsizliklə gözləyir. Sonra  otaqlarımıza keçirik. Kəramətlə Facebook-da yazışırıq. İradlarımı bildirirəm. Bir az da kəskin tənqid edirəm. Qalib bir görkəmdə   otaqdan çıxıb yoldaşıma deyirəm:

-Kəramətə dişimin dibindən çıxanı dedim.
- Bəs səsiniz çıxmadı axı?
- İnboksda yazdım.

İndi onu bloka atmışam. Bir evdə  yaşasaq da, əlaqələrimiz yoxdur.
Bir dəfə  ailənin iştirakı ilə mərc gəldik. Dedim ki,  Kəramət, əgər sən küçə divarlarına vurulmuş sayğacların içindən  bizim sayğacı tanısan, mən sənə məğlub oluram. Çıxdıq çölə, nə qədər axtardı, tapa bilmədi. Su, qaz sayğacı da belə. Bu, əsl həyatın mənzərəsi idi. Kəramətin  bu həyatdan xəbəri yox idi. 

Yazılarında və müsahibələrində  həmişə məni tənqid edir. Guya mən etiraz edə bilmirəm, AYB – də başımı aşağı salıb işimi görürəm. Səsim çıxmır. Bir növ oğlum üçün köhnə təfəkkürün adamıyam. Həmişə belə yazır. Onu öyrədənlər də olur. Əlbəttə, məni istəməyənlər.
Amma bu dəfə Kəramət yaman ilişdi. Elə bu yazını da onun  ilişdiyi yerdən yazıram.

5- 6 ay öncə Kəramət Böyükçöl  mətbuatda Səməd Vurğunun “Azərbaycan” şeirini tənqid etmişdi. Guya yenilik hiss yoxdur. Adama mətbəx təsiri bağışlayır. Adi sadalamalar, Lənkəran, limon və s. bu kimi  şeylər. Nə qədər çalışdım basa sala bilmədim. Sonra eşidən, bilən mənə dedi ki, oğluna niyə öyüd - nəsihət vermirsən? Azərbaycan bu şeiri əzbər bilməyən yoxdur. Dedim, vallah, sözümə baxmır. İnanan olmadı. Birçə Anar müəllim bilir ki, o, mənim sözümü eşitmir.

İş elə gətirdi ki, 3 -4 gün  öncə Kəramətə  iş yerindən deyiblər ki, Səməd Vurğunun “Azərbaycan” şeirini əzbərlə,  sabah tədbir var, qonaqlar olacaq, orda əzbər deyəcəksən.  İş yerində bilmirdilər Kəramət bu şeiri tənqid eləyib. 
O günü  şər qarışandan  sabaha kimi Kəramət “Azərbaycan” şeirini əzbərlədi. Səsi hələ də qulağmdadır.

Səhər- səhər qoy uzaqdan
Havalansın xanın səsi
“Qarabağın şikəstəsi” 

Axır ki,  şeiri əzbərlədi. Bu, həyatın Kəramətə ironiyası idi. Bütün bəndləri yaddaşına yığmışdı. İxtisar – zad olmamışdı. Kəramətə  yaxınlaşdım:
 - Bu şeiri  tənqid eləmişdinsə,  gərək əzbərləməyəydin, etiraz edəydin.
- Ata, axı  məni işdən çıxarda bilərlər. Ordan maaş alıram. Hamısı da oğlunun yeməyinə, paltarına gedir.
 Gülümsədim.
- Oğlum, mən də sən balaca olanda   yeməyin və geyimlərin  üçün o qədər belə  şeirlər  əzbərləmişəm. O şeirlər məni indi sənin gözündə  qoca göstərir.

Kəramət heç nə demədi,  deyə bilmədi, gedib stolda oturdu, başını əllərinin arasına aldı. 










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı