Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Doğulmadan günaha girən insanlar 



Azərbaycan poeziyasına yeni nəfəs gətirən, sevimli şairimiz Ramiz Rövşən deyir ki, həyat ölümlər arasındakı qısa fasilədir. Burada işlənən "ölümlər" sözünü Əbədiyyət də adlandırmaq olar. Hər halda, şair olduqca məntiqli bir ifadə tapıb...

Təəssüf ki, milyardlarla planetdən biri olan Yerin sakinləri bu "qısa fasilə"dən lazımi qaydada bəhrələnmirlər. Unudurlar ki, öz bəşarəti ilə bizləri bu sınaq meydanına göndərən Tanrı hər kəsin üzərinə bir vəzifə, bir missiya qoyub. Açığını deyək ki, indi bəd əməllər xeyri, yamanlıqlar yaxşılığı, zalım rəhmdili, günahlar savabı, zülm ədaləti... üstələyib.

Yaşamalı olduğumuz bu 50-60 illik ömürdə niyə bu qədər yamanlıq edirik? Niyə insan oğlu anlamır ki, bəd əməllərin cəzası dəhşətli olur? Niyə yalnız ölüm yatağında Tanrını yada salıb dua edirik, incitdiklərimizə yalvarıb bağışlanmağımızı istəyirik? Məgər bunu əvvəl - lazım gələn məqamlarda etmək olmazmı?! Kimi gəlir bu dünyanın nəşəsini yaşamağa, Kimi gəlir bu dünyanın dərdlərini daşımağa.

Bu misraları da mərhum Bəxtiyar Vahabzadə yazıb. Amma mən bu fikirlərlə də razılaşmıram. "Qismətdən artıq yemək olmaz" ifadəsini babalarımız əbəs yerə deməyiblər. Deməli, qismətdən əskik də yemək olmur. Hər bir insan seçdiyi həyat yolundan asılı olaraq taleyini zənginləşdirir. Bəzən mənə sual verirlər ki, bəs Somalidə acından qırılan körpələrin, suriyalıların, əfqanların, iraqlıların və digərlərinin günahı nədir?

Günah fərdi qaydada törədiləndə bir və ya bir neçə nəfər itkiyə məruz qalırsa, kütləvi xarakter alanda bütöv bir xalq əziyyət çəkir. Əgər xalqın birliyi yoxdursa, daxili diktaturaya və ya xarici düşmənlərə qarşı birgə iradə göstərib mübarizə aparmırlarsa, əlbəttə ki, nəticədə doğulmağa namizəd olan körpələr də günahlar məngənəsinə düşür. Somali və digər ölkələrdəki xalqlar vaxtında kütləvi yanlışlığa yol verib şanslarını qaçırıblar. Hər şeyi bərpa etmək üçünsə uzun müddət tələb olunur.

Əgər bu gün Azərbaycanın torpağı işğalda, vətəndaşları əzab içindədirsə, demək səbəbkar da özümüzük. Mənimlə razılaşmayanlar ola bilər, amma unutmamalıyıq ki, məqamında sükanı qorumaq lazımdır, meydanı boş qoymamaq lazımdır. Necə deyərlər, boş çuxura çirkli sular tez dolur. Görürsünüzmü, son vaxtlar insanlarda az qala Allaha qarşı inamsızlıq, hətta üsyankar fikirlər də səslənir. Biçarə adamlar düşünür ki, rastlaşdıqları hadisələr Allahın iradəsindən kənarda baş verir və O, öz bəndələrini nəzarətdə saxlaya bilmir. Lakin anlamırlar ki, Ulu Yaradan hər şeyi görür və eşidir, O bizə şax damarımızdan da yaxındır.

Sual yaranır: “Bəs onda niyə ədalətsizliklər baş alıb gedir?" Haqlı sual deyil. Çünki özümüzə verəcəyimiz suallar daha çoxdur. Niyə hər şeyə tələsirik, günahlarımızı görmürük, Tanrı qanunlarını pozuruq? Niyə paxıllıq və xəbisliyə mübtəla oluruq? Niyə yalnız tələb etməyə həvəs göstərir, tələb olunanlardansa uzaq qaçırıq, tabe etməyi sevirik, tabe olmağı yox? Bəlkə Allahımızın səbr-kasasını yoxlamaq istəyirik?! Əbəs yerə. Çünki O rəhmdil və mərhəmətli olduğu qədər də səbrlidir, cəzanı verməyə tələsmir.

Gözləyir ki, yaratdığı bəndələr nə vaxtsa tövbə edib öz günahlarını yuya bilsinlər. Min illər boyu Tanrıya sədaqətlə qulluq edən və vaxtilə baş mələk vəzifəsini tutan İblis də Ona biz insanlara görə asi kəsilib. Allahın səbr genişliyinə baxın ki, Qiyamət gününə qədər ona günahlarını yumaq üçün möhlət verib. İblis isə bəlalar törətməkdə davam edir: insanları bir-birinə qarşı qoyur, müharibələr, bədbəxtliklər yaradır, iradəsi zəif olan hər bir kəsin ağlını başından çıxarıb İlahiyə qarşı yönəldir. Bəlkə elə insanlığın günahı da budur?! Gəlin, bu barədə baş sındıraq. Özümüzü, xalqımızı, yurdumuzu, nəhayət, bu gözəl dünyamızı qoruyaq!










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı