Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

ÜMİDLƏR AZALIR: Neftin qiymətini təhdid edən 12 səbəb



Yanvarın 10-da London birjasında keçirilən hərracların gedişində Brent etalon markalı neftin mart fücers qiyməti barel hesabı ilə 1,11faiz ucuzlaşaraq 54,33 dollar, Nyu-York birjasında keçirilən hərraclarda isə WTİ etalon markalı neftin fevral fücers qiyməti isə 0,90 faiz ucuzlaşaraq barel hesabı ilə 51,49 dollar təşkil edib.

Cebhe.info-nun məlumatına görə, neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, bu, yanvarın 9-da elan edilən fücers qiymətləri ilə müqayisədə 4 faiz ucuzlaşma deməkdir:

“Baxmayaraq ki, neftin qiymət artımına təkan verən amillər də mövcud idi. Məsələn, dolların dünyanın digər aparıcı maliyyə alətlərinə nisbətdə ucuzlaşması, Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Venesuela kimi potensial hasilatçı ölkələrin Vyana anlaşmasının şərtlərinə uyğun sutkalıq hasilat həcmilərinin azaltmaları ilə bağlı OPEC Monitorinq Komitəsinə verdikləri məlumat, neft bazarlarında daim vahid mövqedən çıxış edən ölkələrin müştəri bazarlarında olan potensial alıcıları ilə fevral, mart aylarından başlayaraq gündəlik ixrac həcmilərində azalmaların olması ilə bağlı əvvəlcədən rəsmi məlumatlandırmalar və sairə. Deməli, neftin qiymətini təhdid altına alan səbəblər onun artmasına stimul verən səbəblərdən daha ciddi imiş”. 

Ekspertin fikrincə, neftin qiymətini təhdid altına alan əsas amillər aşağıdakılardır:

1. Bazar iştirakçılarının və investorların Vyana sazişinin effektivliyinə inamın olmaması.

2. OPEC üzvü İranın müəmmalı neft ixracı. Burada söhbət neft tankerlərində saxlanan 13-15,5 milyon barel arası neft həcmilərinin ixraca yönəltməsindən gedir. Maraqlısı odur ki, İranın bu addımı Səudiyyə Ərəbistanının fevral ayından başlayaraq hazırda ən cəlbedici bazar olan Asiya Sakit Okean Regionu bazarlarında olan müştəriləri ilə ixrac həcmilərinin azaldılması ilə bağlı danışıqlara başladığı ana təsadüf edir. Təxmin etmək olar ki, İran neft bazarlarını təhdid altına almağa qadir kifayət qədər satışa hazır neft ehtiyatlarına malikdir. Əslində bu belədir.

3. OPEC üzvü İraqın yanvarda ixrac həcmilərini artırması ilə bağlı verdiyi açıqlama. Yanvarda İraqda sutkalıq ixrac həcmiləri 3,5 milyon barel təşkil edib. Məsələ burasındadır ki, İraqın da əsas hədəfi məhz Asiya bazarlarıdır. Bu addım qarşıdakı aylarda özünün mənfi nəticələrini mütləq göstərəcək.

4. Daha bir ciddi səbəb də var ki, o da real bazara neqativ təsir göstərəcək. Bu da yanvarın ilk günlərində bazar iştirakçılarının aktivlərində olan uzun dövrlü neft fücerslərini və neft opsionlarını durmadan xərcləmələridir ki, bazar iştirakçıları artıq Vyana sazişinin effektivliyinə inanmır.

5. ABŞ-da 2016-cı ilin mart ayından etibarən başlayan qazma aktivliyi. Keçən iş həftəsində ABŞ-da aktiv qazma qurğularının sayı artaraq 529 ədədə kimi artmışdı. Diqqət çəkən məqam ondan ibarətdir ki, ABŞ-da qazma aktivliyi 2016-cı il Doha görüşünə təsadüf edir.

6. Kanadada qazma aktivliyinin müşahidə edilməsi. 2016-cı il dekabrında Kanadada aktiv qazma qurğuları rekord həddə 36 ədəd artaraq 209 ədəd təşkil etməsidir.

7. Dünyada qazma aktivliyini müşahidə edilməsi. Bu da neft bazarlarına yaxşı heç nə vəd etmir. Belə ki, 2016-cı ilin dekabrında dünya üzrə aktiv neft və qaz qazma qurğularının sayı 94 ədəd artaraq 1772 ədədə çatmışdı.

8. ABŞ-ın strateji neft ehtiyatlarının bir hissəsini satışa çıxarması ilə bağlı addımı. 2017-2025-ci illər ərzində ABŞ Energetika Nazirliyi sərəncamında olan 696 milyon barel strateji neft ehtiyatından 137-190 milyon barel aralığında satmağı planlayır. Qeyd etmək lazımdır ki, bu addım hələ keçən ilin sentyabrından gündəmdə idi və OPEC-in Vyana toplantısı ərəfəsinə təsadüf edirdi.

9. 2014-cü ilin yayından başlayaraq qlobal neft bazarlarında neft kotirovkalarının çökməsinə qismən məsuliyyət daşıyan ABŞ şist neft hasilatçıları qazma avadanlıqlarının standartlaşdırılması və hasilat xərclərinin yarıbayarı azaldılması fonunda şist neftinin maya dəyərinin 30-40 dollar barel aralığına qədər azaltmağa nail oldu. Bu da son nəticədə OPEC rezidentlərinin və qeyri -rezidentlərinin neft bazarlarında tarazlığın bərqərar olmasına hesablanmış bütün cəhdlərini alt-üst etdi. Qarşıdakı aylarda neftin hazırkı qiymətləri fonunda şist neft hasilatçıları gündəlik hasilatı 500 min barelə kimi artırmağı planlaşdırır.

10.  Yeni seçilmiş ABŞ prezidenti D.Tramp administrasiyasının yanvarın 20-dən sonra Tomas Payl tərəfindən hazırlanmış və özündə 14 addımı ehtiva edən Enerji Proqramının icrası da neft bazarlarının gələcəyinə yaxşı heç nə vəd etmir. Proqramda iki addım xüsusilə qeyd edilməlidir.

a) İqlim məsələləri ilə.bağlı Paris sazişindən çıxmaq.
b) karbohidrogen ehtiyatlarının çıxarılmasına və nəqlinə qoyulan məhdudiyyətləri qanunvericilik səviyyəsində aradan qaldırmaq.

11. Çindən gələn xəbərdə bazar üçün qənaətbəxş deyil. Çin 2016-2020 -ci illər ərzində ölkədə enerji resurslarının istehlakının illik artımını ildə 2,5 faiz azaltmağı qarşısına məqsəd qoyub. Deməli, idxal həcmilərində azalma müşahidə ediləcək və bura Çinin alternativ energetikaya böyük önəm verməsini də əlavə etsək, qarşıda tam fərqli bir mənzərənin mövcudluğunu sezərik.

12. OPEC üzvü olan , lakin ictimai-siyasi vəziyyətlə əlaqədar güzəştə malik Liviya və Nigeriyanın da hasilat həcmilərini artırmaq planları bazara özünün neqativ təsirini göstərəcək. Deyim ki, hər iki ölkədə artıq hasilat həcmilərinin artması müşahidə edilməkdədir. 

Görünən odur ki , neftin qiymətini təhdid altına alan səbəblər çoxdur və çox ciddidir”.

Yeganə Oqtayqızı
Cebhe.info

 










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı