Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

“Gözəllik sektoru”nda müştəri davası: Cərrah və kosmetoloqlar qarşı- qarşıya gəldi - QALMAQAL



Nura Surinin də adı hallandırılır

Həkim-kosmetoloq Elnarə Rzayeva: “Seansımda olmuş xəstələri mənə qarşı qaldıdırlar”

Tanınmış həkim-kosmetoloq Elnarə Rzayeva “Cümhuriyət” qəzetinə müraciət edərək barəsində aparılan “qara piar”dan şikayətlənib. O, haqqında həqiqətəuyğun olmayan məlumatların yayılmasından narahatlığını ifadə edərək, şər-böhtan yağdıranlardan məsələyə son verilməsini tələb edib. Əks halda...

“Həkim, mən çürüyəcəm?”

Elnarə Rzayeva deyib ki, uzun illərdir ki, “La Sisters” Gözəllik Mərkəzində həkim-kosmetoloq kimi fəaliyyət göstərir. Azərbaycanda yeganə mütəxəssisdir ki,  süni geli əməliyyatsız yox edir və göstərdiyi xidmətlər uğurla nəticələnib: “Mənim barəmdə uzun müddətdir ki, antireklam gedir. Müəyyən şəxslər var ki, kimlərinsə sifarişlərini yerinə yetirərək barəmdə həqiqətəuyğun olmayan, şər-böhtan dolu yazılar dərc etdirirlər. Səs-küylü qalmaqallar yaradaraq müştərilərimi qaçırmağa cəhd edirlər. Hər vəchlə fəaliyyətimi gözdən salmağa çalışaraq, barəmdə xoşagəlməz məlumatlar yayırlar.

“Qara piar” sahibləri barədə araşdırmalar apardığım üçün hələlik onların adlarını açıqlaya bilmirəm. Amma getdikcə üzərimə gəlməyə başlayıblar. Məqsəd isə tamamilə başqadır. Əsasən korlanmış, nə vaxtsa süni gel vurdurub müəyyən fəsadlarla üzləşmiş qadınların dodaqlarındakı istənilən qüsurları, korrektələri yalnız bir iynə ilə əməliyyatsız yox edirəm. Özüm terapevtəm, bu da digər bir fəaliyyətimdir. Hansı ki, bu işi icra edən bəzi cərrahların həmin sahədəki işləri hec də mənim nəticəm kimi uğurlu keçmir. Barəmdə “qara piar” aparan şəxslər sadəcə istifadə etdiyim məhlulun tərkibini öyrənməyə cəhd edirlər. Məcbur edirlər ki, bu məhlulun adını, sirrini açım. Mən isə öz peşə sirrimi kimsə ilə bölüşmək istəmirəm. Niyə də açıqlamalıyam ki? Bu mənim hüququmdur. Buna görə də bəzi cərrahlar, hətta tanınmış şəxslər barəmdə əks-təbliğata başlayıblar.

Guya istifadə etdiyim məhlul qadınlara ziyandır. Onun tərkibi zərərli maddələrdən ibarətdi. Hətta barəmdə bu günlərdə “1 news.az” saytında qalmaqallı yazı da dərc olundu. O məqalədə adım çəkilərək təqdimatım kobud şəkildə dərc olunub. Heç görüşüb müsahibə almayıblar ki, yazı sözlərimə əsasən dərc edilsin. Sonradan mənə aydın oldu ki, prosedurumdan keçən Zümrüd İbrahimova da həmin şəxslərin toruna düşərək, onların sifarişlərini yerinə yetirib. Barəmdə həqiqətəuyğun olmayan sözlər deyib. Guya bir seansdan sonra dərisində çürümə gedir, dodağında olan qüsur isə aradan qalxmayıb. Halbuki ona bildirmişdik ki, problem yalnız üç seansdan sonra aradan qalxa bilər. Yanıma gələndə dodağının üstündə ləkə var idi.

Birinci seansdan sonra nəticə effektli olmuşdu. Əleyhimə verdiyi müsahibədən sonra yanıma gələrək birinci seans üçün verdiyi pulu geri istədi. Mən isə bildirdim ki, “bura bazar deyil” və konkret nəticə digər iki seansdan sonra özünü göstərəcək.  Anladım ki, Zümrüd xanım yanıma öyrədilib göndərilmişdi. Hər hansı arayış, sənəd və həkim rəyi olmadan iddia edirdi ki, dərisində çürümə gedir. Əslində barəmdə gedən antireklam mənim reklamım oldu. Məni tanımayanlar, bilməyənlər də tanıdı. Amma söz-söhbət bitmir”.

“Məcbur edirlər ki, sirri açım...”

Şikayətçi qeyd edib ki, məhlulun adını hər vəchlə öyrənmək istəyənlər prosedurumda olan xəstələrə  müəyyən formalarla yol açaraq, onları mənə qarşı yönəldirlər: “Halbuki xəstələrim işimdən hər zaman razı qaldıqlarını bəyan ediblər. Əslində barəmdə yayılan söz-söhbətlərdən narahat deyiləm. Məni incidən bu adamların məndən əl çəkməmələridir. Yanıma adam göndərirlər ki, prosedurumdan keçsin və sonradan hay-küy salsın ki, guya nəsə qüsurlar yaranıb, dərisi çürüyüb. Beləliklə də fəaliyyətimə kölgə salsınlar. Artıq üçüncü xanımdır ki, yanıma göndərilir və ilk seansdan sonra qalmaqal salırlar”. 

Nura Suri məni tanıyır?

Həkim-kosmetoloq onu şərləyənləri, haqqında şər-böhtan dolu yazıların əks olunduğunu əsas tutaraq bu işdə əli olan şəxslər barədə məhkəməyə üz tutacağını da gizlətməyib. Bildirib ki, məhz onun prosedurundan keçmiş xanımlarda hər hansı əks effekt yaranıbsa ekspertiza rəyləri ilə qarşısına çıxsınlar: “Sübut etsinlər ki, doğurdan da mənim prosedurumdan keçəndən sonra hansısa əlamətlər yaranıb. Yalandan adıma ləkə gətirirlər ki, mən insanlara zərər yetirirəm. Xalqa səhv informasiya verilir. Bu səbəbdən qeydiyyatda olduğum sosial şəbəkələrdə ünvanıma həqarət, təhqir və təhdidlərlə dolu mesajlar, rəylər gəlir. Fakt odur ki, belə bir şey yoxdur. Qoy ekspertiza kağızını gətirsinlər və həqiqətən dəridə gedən çürüməni təsdiq etsinlər.

Bəzi portallarda icazəm olmadan şəkillərim yerləşdirilir, əleyhimə yazılar verilir. Demək ki, bunun üçün xüsusi maraqlı olan şəxslər var. Xəstə qəbul edəndə də onların mövcud xəstəlikləri barədə informasiya alıram. Mən xəstəliyi müalicə etmirəm, sırf geli yox edirəm. O məhlulun tərkibi isə təbii bitkilərdən ibarətdir. Hansı ki, onlardan insan bədəninə heç bir zərər gələ bilməz. Yeganə istəkləri bu məhlulun adını onlara açıqlamağımdır. Halbuki üzərimə gəlmək əvəzinə mənimlə müəyyən iş birliyi qura bilərdilər və əlavə problem yaratmazdılar. Prosedurumda tanınmışlar da olub. Onlarda da hər hansı fəsad yaranmayıb. Guya kimlərəsə hədə-qorxu gəlmişəm.

Sonra yuxarı şəxslərin adlarını çəkdilər. Onlarla mənə təsir etməyə başladılar. Elə bildilər ki, üzərimə gəlsələr də mən susub oturacam. Amma elə deyil və buradan elan edirəm. Mənə haqsız yerə şər atanları məhkəməyə verəcəm və onlardan təzminat tələb edəcəm. Boş-boşuna məhkəmə söhbətini ortaya atmıram. Artıq vəkillərlə də danışıqlar aparılır və işimlə bağlı çox rahatam. Yanıma gəlmək istəyənlər barəmdə anti təbliğatdan qorxuya düşüblər. Prosedura yazılmamışdan əvvəl zəng edirlər ki, “həkim mən çürüyəcəm?” Sadəcə bu məsələdən yorulmuşam və əsəb keçirirəm. Fəaliyyətimdə hər hansı nöqsan ola bilməz, buna əminəm. Mən istəyirəm, normal və qanuni qaydada bu məsələ həll olunsun. Bu fəaliyyətimdə olan yüz işdən biridir, sadəcə buna ilişiblər”.

“Nura Suri buna əmindir?”

Həkim onu da əlavə edib ki, başa düşülən deyil ki, insanlar bir məqalədə yazılanlara necə inana bilirlər: “Mənə şər-böhtan atanlar deyil, sadəcə kütlə maraqlıdır. Çox maraqlıdır ki, əleyimə çıxanlardan biri də müğənni Nura Suri olub. O da öz səhifəsində əleyhimə yazılan yazını paylaşıb. Nura Suri paylaşdığı məlumatın həqiqətəuyğun olduğuna necə əmindir? Mənə elə gəlir ki, ona da bunu sifarişli şəkildə paylaşdırıblar. Hətta bilirəm ki, Nura Suri əleyhimə olan məlumatı bir xanımın göstərişi ilə paylaşıb. Bu düzgün deyil. O, məni tanımadığı halda bu addımı niyə atır? Hansı səbəblə bunu edib?”

Alçina Amilqızı

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı