hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Oxucu qəzetə tərəf gəlməsə: Labirintdən necə çıxaq?- Rəfail Becanov

Oxucu qəzetə tərəf gəlməsə: Labirintdən necə çıxaq?- Rəfail Becanov

Qəzetlərin yaşaması son zamanların gündəm mövzusudur. "Cümhuriyət" olaraq özümüzü bu gündəmin tərəflərindən biri hesab edirik. Taleyimiz qəzetlə bağlıdır və çox sevdiyimiz, bacardığımızı iddia etdiyimiz, dövlətə və millətə xidmətçi olmaq üçün yolumuz qəzetçilikdən keçir. Ona görə də qəzetlərin taleyilə bağlı müzakirələri ürək ağrısıyla qarşılayır, dinləyir, müzakirəsinə qoşuluruq.

"Cümhuriyət" qəzeti bütöv bir tarixdir. O, hər zaman dövlətçilik yükünü daşıyanlardan biri, Əbülfəz Elçibəyin sevdiyi, xeyir-dua verdiyi, bu gün də gecə-gündüz dövlətçiliyin keşiyində dayanan qəzetdir. "Cümhuriyət" qəzetinin bütün rayonlarda, kəndlərdə əldən-ələ gəzdiyi vaxtlar olub, çünki az-az rast gəlinən ideoloji xətti olan bir media qurumu kimi fəaliyyət göstərib, tanınıb. Əfsus ki, hər şey istədiyimiz kimi olmur...

10 il öncə yaranan və bu müddət ərzində ölkənin aparıcı qəzetlərinin bir qisminin ağırlığını üzərinə götürən KİVDF-nin yeni şərtlərinə uyğun gəlməyən bir sıra qəzetlər nəşrini dayandırmalı olacaq. "Cümhuriyət" uzun illər imkansızlıq ucbatından çapını dayandırdığından və ancaq 2015-ci ildə nəşrini bərpa etdiyindən KİVDF-nin şərtlərinə uyğun gəlmirdi və buna görə heç müraciət də etməmişdik.  Ancaq indi şərtlər dəyişir. Müasir tələblərə cavab verən, qəzet dünyasının indiki standartlarına uyğun qəzetçiliyimiz olmalıdır və nəhayət, bizdə də “The Guardian”, “The Washington Post”,  “The New York Times” , "Cumhuriyet", "Hürriyet" kimi maraqlı, rəngli qəzetlərin nəşri çox yaxşı olar. Ancaq bu, indiki durumda  mümkün görünürmü? Onlayn medianın, sosial şəbəkələrin, vətəndaş jurnalistikasının basqısı altında qəzetçiliyi nə qədər qorumaq mümkün olar? Çətini budur.

Qəzetlərin, bütünlükdə medianın nəfəsliyi olan reklam bazarı yox, qəzet satışı üçün münbit şərait yox. Ona görə də bütün redaksiyalar 5 min tiraj, 2 minlik satış və ya abunə şərtlərinin qəzetləri bağlayacağını düşünürlər.

“Nə edək?”, “Necə edək ?” sualları açıq qalır. Oxucu qəzetə yaxın gəlmirsə, qəzet oxucuya tərəf getməlidir. Harada, necə, hansı yolla? Əsas sual bu, cavab da bundadır. Çap mediamızda ümumi şəkildə problem olsa da, bacarıq, yaradıcılıq baxımından vəziyyətimiz qorxulu deyil. Sadəcə, maliyyəmiz düşündüklərimizi reallaşdırmağa imkan vermir. Qəzet satışından gəlir götürə bilmirik. 1997-2000-ci illərdə "Cümhuriyət"in təkcə nağd satışa verdiyi 5 min nüsxə idi. Satış nöqtələri, əl yayımı vardı. Metroda, dəmir yolunda perronda, şəhərətrafı qəsəbələrə gedən elektrik qatarlarında əl satışı həyata keçirmək mümkün idi. “Qasid" vardı, "Qaya"nın imkanları böyük idi və adını çəkmədiyimiz 10-larla qəzet satışı həyata keçirən firmalar mövcuddu.

Çap mediası bütün dünyada internet  və sosial medianın təhdidiylə üz-üzədir. Reallıq budur. Dünyada print media ayaqda durmağı bacarır, biz də isə reklam bazarının olmaması, qəzet satışındakı çətinliklər ucbatından problemlər yaşayırıq. 90-cı illərin qəzetçiliyini, qəzet bazarını, oxucusunu qaytarmaq nə qədər çətin olsa da, o tirajlar olmasa da, 5 min, 2 min dərdi çəkmərik. Yenə də qəzetçiliyin əvvəlki şöhrətini yavaş-yavaş özünə qaytara bilərik. Amma indiki durumla onlayn media print medianı üstələyəcək.

Print media silinməyən tarixdir, onu qorumaq lazımdır, bacardıqca bunu etməliyik. Çap mediasını qorumaqla, gözlə görünən, əllə hiss olunan tarixi də qoruya bilərik. Gücümüzün tam tükənə biləcəyi bir gün DOMOKL qılıncı kimi hər zaman çiynimizin üstündədir. Daha bacarıqlı, daha peşəkar əməkdaşları cəlb etmək üçün əlavə vəsaitə əşhədü ehtiyacımız var. Əməkdaşlarımıza normal şərait yaratmaq, onları bir Avropa qəzetçisinə çevirmək kimi arzularımız ürəyimizdə yatır. Bütün bu əziyyətlərin fövqündə irəliyə nikbin baxmağa çalışırıq. Çünki bizim ali məqsədimiz canımızdan çox sevdiyimiz Dövlətimizə, Millətimizə, Ana Yasamıza, Müstəqilliyimizə xidmətdir. Nəşrimizi yenidən bərpa etdiyimzi gündən bunu edirik. Kiminsə, hanısa gücün “5-ci kolon”u ölkəmizə, konstitusiyamıza, dövlətimizə qarşı çıxırsa, "Cümhuriyət" öz səngərində olur. “Sərrast atəşlə” "düşməni susdurur", keçmişini, indisini tam çılpaqlığı ilə onun üzünə oxuyur, özünə oxutdurur. Kimisə gözləmədən, riyakarlıq etmədən sifətini göstəririk. “Sən Azərbacan üçün yox, özünçün çalışırsan”,- deyə cavabını məntiqlə, sübutlarla, qərəzsiz veririk. Yenə də bacardıqca bunu edəcəyik. Bu, bizim vətəndaş, jurnalist borcumuz, Dövlət, Millət sevgimizdir. Ancaq və təəssüf, daha böyük işlər görmək imkanlarımız varkən, maliyyə çatışmazlığından dolayı qınımıza çəkilib dururuq, bütün bacardıqlarımızı edə bilmirik. Azərbaycanı Liviya, Suriya kimi görməyi arzulayanları susdurmaq, onların düşüncələrini darmadağın etmək üçün daha geniş imkanlar arzulayardıq. O imkanların da yaranacağına inanırıq...

Rəfail Becanov, "Cümhuriyət" qəzetinin baş redaktoru


Oxunma sayı: 3004