Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Paşinyan Kremlə qarşı: Dəstək axtarışında



Ermənistan hökuməti ilə Qərb ölkələri arasında əlaqələrin intensivləşməsi müşahidə olunur.

Bu prosesi ABŞ və Avropa Birliyi ölkələrinin siyasi dairələrinin Ermənistana marağının artması kimi də şərh etmək olar. Bir neçə gün öncə ABŞ-ın dövlət katibi Mayk Ermənistanda islahatlara yardım məqsədilə 140 milyon dollar ayırmağı təklif edib. Mayın 27-də isə ABŞ dövlət katibi köməkçisinin müavini Bricit Brink İrəvana səfər edib. Xanım Brink baş nazir Nikol Paşinyanla görüşdə ABŞ-ın siyasi, iqtisadi, demokratiya və insan haqları sahələrində Ermənistanla əməkdaşlıq etməyə maraq göstərdiyini və bu məsələlərdə lazım olan dəstəyi verməyə hazır olduğunu bildirib. 

Eyni zamanda, Böyük Britaniyanın baz naziri Tereza Mey da 28 may Müstəqillik Günü ilə bağlı Nikol Paşinyana göndərdiyi təbrik məktubunda “Birləşmiş Krallığın sizin təşəbbüslərinizə dəstək verdiyini hesab edə bilərsiniz” -deyə vurğulayıb. Mayın 29-da isə Fransanın xarici işlər naziri Jan İv Le Drian Ermənistana rəsmi səfər edib. Le Drian Ermənistanda xalqın siyasi tələbi əsasında hökumətin formalaşmasını alqışladığını deyib. O, həmçinin, Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərin də müzakirə olunduğunu bildirib. Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan isə payızda Fransa prezidenti Emmanuel Makronun İrəvana rəsmi səfər edəcəyini açıqlayıb: “Fransız şirkətləri Ermənistanda əhəmiyyətli investisiyalar yatırıblar və biz fransız investorları üçün əlverişli şərait yaratmağa davam etməyə hazırıq" deyib.

Qeyd edilən faktlar Pşainyan hökumətinin son vaxtlar Rusiyadan daha çox Qərblə əməkdaşlığa üstünlük verdiyini göstərir. Mayın 31-də isə baş nazir Paşinyan Gürcüstana rəsmi səfər edəcək. Bəzi siyasi müşahidəçilərin rəyinə görə, Paşinyan Ermənistanın Rusiyaya rəsmi səfər etməyən ilk rəhbəri olacaq. Bunlar isə Moskva tərəfindən narahatlıqla izlənir. Ona görə də Qərblə baş verən yaxınlaşmaya Rusiyanın sərt reaksiya verəcəyi istisna olunmur.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, Paşinyanın baş nazir seçildikdən dərhal sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Soçidə keçirilən yığıncağına qatılması onun ilk səfərini Rusiyaya etməsi kimi anlaşılmalıdır

Lakin politoloq Paşinyanın Qərbyönümlü siyasətçi olmadığını iddia edir: “Paşinyanın Qərbyönümlü görünməsi onun xalqın iradəsi ilə hakimiyyətə gəlməsi ilə bağlıdır. O, hakimiyyətə gələrkən xalqa bir sıra vədlər verib və öhdəliklər götürüb. Nikol Paşinyan mitinqlərdəki çıxışlarında verdiyi bu sözləri müəyyən şəkildə həyata keçirməlidir. Ona görə də bu istiqamətdə bir sıra addımlar atır. ABŞ və Avropa Birliyindən olan investorların Ermənistana cəlb edilməsi, İngiltərə və Fransa ilə münasibətlərin yaxınlaşması və sairə bu qəbildəndir. 

Fransa Ermənistana daim dəstək verən dövlətdir. Ermənistanın xarici siyasətində Fransa və Rusiya yarı-yarıya gücə malikdir. Bu baxımdan, Makronun İrəvana səfərini yenilik kimi qəbul etmək lazım deyil. ABŞ-ın Ermənistanla bağlı siyasəti də yenilik deyil. Bunun səbəbi də ABŞ-ın Cənubi Qafqazda Rusiya ilə güclər balansını formalaşdırmağa çalışmasıdır. Bu proses Gürcüstandan başladı və sonra Ermənistan üzərindən həyata keçirildi. Böyük Britaniyanın marağı xüsusidir. Çünki Britaniya vaxtilə Dağlıq Qarabağ probleminin olmamasının tərəfdarı idi. Rəsmi London Bakı-Tiflis-Ceyhan kəməri ilə neftin dünya bazarına Ermənistan ərazisindən çıxarılmasını istəyirdi.

Lakin Azərbaycan ərazilərinin işğal olunması həmin prosesi dayandırdı və neftin nəqli Gürcüstan üzərindən həyata keçirildi. Digər tərəfdən, Paşinyanın özünü xalqa “Robin Qud” kimi təqdim etməsi və oğlunu Qarabağa hərbi xidmətə göndərməsi bir siyasi oyundur. Paşinyan sələfləri kimi Rusiyanın asılılığından xilas ola bilməyəcək. Çünki Rusiya hələ Ermənistan daxilində strateji sahələrdə çox güclüdür. Lakin Paşinyan Ermənistanın çox acınacaqlı durumda olduğunu anlayır və investisiya layihələrinin cəlb edilməsi məsələsində Qərblə tərəfdaşlığa razıdır. Bu, Ermənistanın Qərbyönümlü olması demək deyil. İqtisadiyyatın dirçəldilməsi, yeni iş yerlərinin açılması Qərbin tərəfdaşına çevrilmək anlamına gəlmir. Amma bu uzaq perspektiv üçün Ermənistanı Qərbə yaxınlaşdıran ciddi nəticələrə gətirib çıxara bilər.

Qərbin 20-25 il öncə Ermənistanda başlatdığı siyasi iş bu gün dəyişikliyə gətirib çıxartdısa, indiki yaxınlaşma, Qərb şirkətlərinin investisiyalarının cəlb edilməsi, demokratiya sahəsində daha sıx əməkdaşlıq 20 ildən sonra daha güclü dəyişikliyə səbəb ola bilər. 15-20 il bundan əvvəl də Ermənistan xalqı narazı idi. İndi isə kütlə Rusiyanın yalanlarından narazı hala gəlib. Rusiya Dağlıq Qarabağı işğal etməklə erməni xalqını 25 il susdura bildi. Lakin xalq işğal edilmiş ərazilərin onlara xeyirdən çox ziyan gətirdiyini, ölkənin təcrid vəziyyətinə düşdüyünü, Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qaldığını, iqtisadiyyatın tənəzzülə getdiyni gördükdə Ermənistan xalqı müəyyən addımlar atmağa vadar oldu. Qərb bu prosesi yaxından izlədi və dəstək verdi.

Ona görə də Qərb “Ermənistanda kütlə vasitəsilə istədiyini edə bilər”-mesajını verdi və bu proses davam edəcək”. Fərrux Məmmədov hesab edir ki, Rusiya Qərbin Ermənistanda siyasi və iqtisadi fəallığının artmasının qarşısını almaq iqtidarında deyil: “Rusiyanın özünün daxilində yenilikçi bir model yoxdur ki, onu da Ermənistana tətbiq etsin. Sadəcə, yenə Azərbaycan amilindən istifadə edərək Ermənistanı silahlandırmaqla öz nəzarətində saxlamağa çalışır. Rusiya bildirəcək ki, Qərb buraya Qarabağı Azərbaycana qaytarmaq üçün gəlir. Bu amil də Qərbə imkan verir ki, 5-10 ildən sonra Ermənistanda daha ciddi oturuşsun”.

Ekspert bildirdi ki, Qərb şirkətlərinin Ermənistanın dağılmış iqtisadiyyatını dirçəltmək üçün sərmayələr qoyması təhlükəlidir. Yəni Azərbaycan bu məsələ ilə bağlı xarici siyasətdə çox fəal addımlar atmalı, Qərbi işğalçını gücləndirmək siyasətindən çəkinməyə çağırmalıdır. Ermənistana dəstək olacaq hər hansı iqtisadi proses Azərbaycana mənfi təsir göstərə bilər. 

Müşfiq Abdulla

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений