Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Paşinyanın xətaları: Qarabağda savaş yaxınlaşır



Ermənistanın yeni siyasi rəhbərliyinin Qarabağ məsələsində tutduğu mövqe faktiki olaraq Azərbaycan tərəfini müharibəyə təşviq edir.

Azərbaycanın Naxçıvan istiqamətində həyata keçirdiyi son əməliyyatdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi bəyanat bunu deməyə əsas verir. Hətta Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da Paşinyanın bəyanatının danışıqlar prosesindən çəkilmək anlamına gəldiyini deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı deyil. “Robert Köçəryan və Serj Sərkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik idilər. Onlar düz ediblər ya yox, bu başqa məsələdir, lakin bunun üçün onların öz səbəbləri olub”-deyə Paşinyanın bəyanatında deyilir.

Ümumiyyətlə, Ermənistanın yeni siyasi rəhbərliyi Qarabağ məsələsində sələflərindən fərqli mövqedən çıxış edir. Öncəkilər məsələnin danışıqlar yolu ilə həlli üçün ən azından prosesdə iştirak edirdilər. Doğrudur, onların da mövqeyi işğalın sonlandırılması anlamına gəlmirdi. Ancaq faktiki olaraq danışıqlar prosesindən imtina etmirdilər. Ancaq Paşinyan hakimiyyətinin verdiyi bəyanatlar birbaşa olaraq danışıqlar prosesindən çəkilmək deməkdir. Görünən odur ki, Paşinyanın hədə dilində danışması Azərbaycanın müharibə qərarı verməsini daha da tezləşdirəcək.

Siyasi-şərhçi Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında Paşinyanı təcrübəsiz siyasətçi adlandırıb. F.Sadıqov hesab edir ki, Paşinyanın dedikləri ciddi qəbul olunmur: “Nikol Paşinyan yeni bir siyasətçi kimi təcrübəsi olmayan baş nazirdir. Paşinyan sanki çabalayır. Qondarma Dağlıq Qarabağ rejimini danışıqlar prosesinə cəlb etmək üçün bəyanatlar verir, bununla bağlı müəyyən fikirlər səsləndirir. Düşünürəm ki, reallıqla üzləşən və aparıcı dövlətlərin mövqeyi ilə hesablaşan Paşinyan başa düşür ki, onun təklifi fantastik ideyadır və heç kim tərəfindən qəbul olunmur.

Nə Azərbaycan, nə də həmsədr ölkələr tərəfindən Paşinyanın bu təklifi ciddi qəbul edilmir. Paşinyan bunu nəzərə alaraq çalışır ki, mötədil mövqe tutsun. Amma bu heç də o demək deyil ki, Paşinyan danışıqlarda sərt mövqe tutmaqdan imtina edəcək. Bunun üçün müəyyən zaman keçməlidir. Çünki Paşinyanın meydanlarda verdiyi vədlər hələlik bir çoxlarının yaddaşındadır. Ona görə də Paşinyan gözləyir ki, müəyyən bir vaxt keçsin və reallıqla üzləşərək konkret olaraq masa ətrafında bu məsələləri müzakirə etsin. O başa düşür ki, heç vaxt bu problemi həll etmək imkanında olmayacaq. Həm iqtisadi, həm də sosial böhran buna imkan verməyəcək”.

F.Sadıqov hesab edir ki, Ermənistanın məqsədi vəziyyəti müharibəyə gətirib çıxarmaq deyil: “Hər halda Azərbaycanın daha qətiyyətli addımlarına səbəb ola bilər. Artıq Naxçıvan istiqamətində də Azərbaycan çox ciddi addımlar atdı. Əgər Paşinyan yenə də öz mövqeyində qalarsa, qeyri-standart bəyanatlar verərsə, Azərbaycan yenə də müəy-yən istiqamətlərdə öz mövqeyini qəti şəkildə göstərəcək. Göründüyü kimi, Azərbaycan gözləmə mövqeyində dayanmayıb. İstər Paşinyan, istərsə də Sarkisyan olsun, Azərbaycan torpaqların azad olunması üçün bütün gücünü səfərbər edir. Azərbaycan bundan heç vaxt imtina etməyəcək”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений