Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloq: "Türkiyənin haqlı mübarizəsinə etiraz etmək ədalətsizlik olardı"



Türkiyə İraqın şimalındakı Qəndil dağında PKK-ya qarşı mümkün hərbi əməliyyatlarla bağlı İranla danışıqlar aparır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Rəsmi Ankara ilə Tehran arasında Qəndildə əməliyyatlara dair müzakirələrin aparıldığını vurğulayan türkiyəli nazir bildirib ki, "Kürdüstan İşçi Partiyası" (PKK) və "Kürdüstanın Azad Həyat Partiyası" (PKK-nın İrandakı qolu) onlar üçün də təhdiddir: "Bu səbəbdən İranla əməkdaşlığı gücləndiririk. Biz regionun PKK-dan təmizlənməsinə səy göstəririk”. 

Siyasətçilər iddia edir ki, İranla Türkiyə İraqın şimalında birgə əməliyyatlara başlayarsa, bu Avropa ölkələrində qıcığa səbəb ola bilər. Ekspertlərin fikrincə, indiyənə kimi kürd separatçılarına gizli yolla dəstək verən Qərb ölkələrinin rəsmi Ankaranın bu addımını normal qarşılamayacağı indidən hiss olunandır. 

Məsələyə münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, siyasi ekspert Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında bildirdi ki, Qərbi Avropa ölkələri Türkiyənin İranla birgə əməliyyatını normal qarşılamaq məcburiyyətindədir. O, bunu belə əsaslandırdı: 

"Məlumdur ki, Qərbi Avropanın bir sıra ölkələri kürd terror qruplaşmalarına müəyyən formada yardımını əsirgəmir. Ona görə də hesab edirəm ki, Qərb sözügedən qruplaşmalara qarşı yönəlmiş hərbi əməliyyatlara kəskin şəkildə etiraz edəcək. Bu məsələnin birinci tərəfidir. Amma etiraz etsələr o zaman Türkiyə ilə də münasibətlərin hansı formaya gələ biləcəyini nəzərə almış olacaqlar. Türkiyənin Yaxın Şərq bölgəsində, İraq və Suriyanın şimalında kürd qruplaşmalarına qarşı apardığı mübarizə rəsmi Ankaranın milli təhlükəsizliyi və milli bütünlüyündən qaynaqlanan məsələdir. Bu mənada düşünürəm ki, Türkiyənin haqlı mübarizəsinə etiraz etmək və ya hər hansı şəkildə buna qarşı gəlmək ədalətsizlik olardı".

Ekspert Türkiyənin İranla birgə əməliyyata məhz indi getməsinə də münasibət bildirib: 

"Türkiyə Suriyanın şimalından fərqli olaraq İraqın şimalında İranla birgə əməliyyatların keçirilməsinə ehtiyac duyur. Bununla yanaşı İranın özünün daxilində kürd separatist qruplaşmaları son zamanlar aktivləşib. PKK-nın İran qolu son iki ildə ümumiyyətlə İranın müxtəlif sərhədlərinə hücumlar təşkil edirlər, terror hadisələri həyata keçirirlər. Ona görə də, İran artıq bu məsələyə həssas yanaşmaq məcburiyyətində deyil. Məhz, bu sadaladıqlarım da əsas verir ki, hər iki ölkə İraqın şimalında əməliyyatı birgə keçirsin. Düşünürəm ki, bu əməliyyat çoxdan keçirilməli idi. Amma indi də əməliyyat uğurla keçirilərsə adı çəkilən ölkələr təhlükəsizliklərini qarantiya etmiş olacaqlar". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений