Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Post-ədəbiyyat dönəmində "ədəbiyyat": Cek Londondan bizim inqilabçılaradək



Cek London yaşadığı dönəmdə girmədiyi cib qalmayan kapitalizm və bu oğru sistemin əlləri hesab olunan inhisarçı siyasi rejimin əllərinin xaraba qoyduğu Amerikada sağ qalmış yeganə insan idi. Cek xaricindəki bütün insanlar sağ qalmaq üçün bu xarabalıqların dağıntıları arasında boynu əyik çıxmışdılar. Ədəbiyyat, incəsənət, mədəniyyət arxasından qaçan hər kəs kölə əxlaqı ilə sistemin qarşısında boynu əyri idi. Məhrumiyyətlərin ölümlə hədələyən barmaq silkələnmələrindən qorxaraq nə vaxtsa onları bükəcək ölümün labüd kəfəninə girməyi bir qədər təxirə salanlar məmur kreslosuna, onlara vəzifədə və digər pillələrdə yüksəliş vəd edən məqamlara qaçırdı.

Yeganə sağ qalmış insan Cek London idi ki, həyatını ədəbiyyata həsr etdi. Ağır məhrumiyyətlərin və istənilən an onu ölümün pəncəsinə atmağa hazır olan boş ciblərinin fiziki mahiyyətini uzadacaq vədləri qarşısında başı dik idi. Ədəbiyyat və yazmaqla tanışlığına qədər pul qazanmaq üçün tez-tez getdiyi Şimalın qızıl yataqlarındakı nəticəsiz axtarışlar və gəmilərdə fəhləlikdən imtina edən Cek London həyatının yarıdan çox hissəsini təşkil edən gecələrin əksəriyyətində sıradan çıxmış qatarların soyuq vaqonlarında və küçələrdə yatırdı.

Cek Londonu ədəbiyyat pilləsini qalxmağa məcbur edən şey özünə xəyanət etməkdən birdəfəlik imtina edən xarakterində gizlənmişdi. Əlbəttə, pulun şirnikləndirici və aldadıcı vədlərini həyat yolunda bələdçi tutsaydı, onu iş adamı kimi bir parlaq gələcək gözləyirdi. Lakin dönəmində heç bir redaksiya və ədəbi birliklərdə adından bəhs olunmayan Cek London üçün ədəbiyyat əsas məqsəd idi. Dəfələrlə yazıları redaksiyalar tərəfindən qəbul olunmadı, ya da sudan ucuz qəbul olundu, ali məktəblərdən qovuldu. Psixologiyası və fiziki mahiyyətinə tərs mütənasib olmayan gücü onu getdiyi yolun mənsəbindən bir addım da kənara çıxarmadı. Enerjisinin ən tükənməz olduğu dönəmlərdə yazıdığı bütün məqalələr və əsərləri onun nəfəs ala biləcəyi yeganə atmosfer idi. Bir dönəmdən sonra isə Cek London üçün yazdıqları heç bir əhəmiyyət kəsb etmirdi. Yazmaqdan imtina etdi. Əvvəl yazdıqlarını da redaksiyalara həvəssiz göndərirdi. Amma bir gün gözləmədiyi bir üfüqdən doğan günəş hələ hər şeyin indi başladığını başa saldı. Redaksiyalardan birindən yüksək qonorarla qəbul edilən yazısı dünya ədəbiyyatına yeni imza qazandırdı: Cek London...

Cek Londonun doğuluşu

Həyatının sonunadək Cek London bu hadisəyədək yazdıqları ilə kifayətləndi. Əsərləri vaxtilə Amerikanın imtina etdiyi bu yazarın ciblərini və bankdakı hesablarını pulla doldurub daşırırdı. Amma o artıq yazmırdı. Susmuşdu. Baş verən hər şey həyatın mənasızlığını - insanların əslində dərin mahiyyətinə getmədən üzdən qiymət verməsini ona izah edirdi. Pullarını da götürüb ucqar bir kənddəki fermasına çəkiləndə də heç nə yazmadı. Təkcə öz həyatından bəhs edən “Martin İden”i yazdı və 21 yuxu dərmanı ilə hər şeyə - beynini gəmirən bütün suallara son qoydu. Ədəbiyyat dünyasında Cek London yenidən doğuldu. Yazılarındakı ağrıları və əzabları görməyərək onu mənasız yazmaqda ittiham edən, bütün günlərini fahişəxanalarda, mənasız ədəbi məclislərdə veyillənən jurnalistlər və tənqidçilərin onu öz aşağı səviyyələrinə endirməyə icazə vermədən getdi. Cek London öz xarizmasını qorudu və özünü sağ saxladı. O, həyatın öz dərin qatlarında gizlətdiyi həqiqətlərin elə bir nöqtəsinə çatmışdı ki, yaşasaydı, ancaq pul qazana bilərdi, lakin o, dişi və dırnağı ilə qazandığı pulların belə aldadıcı və alçaldıcı vədlərinə qarşı başını dik tutaraq ədəbiyyat üçün yaşamaqdan imtina etdi.

Vulf inqilabı

Ədəbiyyatın ən yüksək pilləsindən özünü ən yuxarı pilləyə ataraq həyatından imtina etmək prosesi təkcə Cek Londonla yekunlaşmır. Ard-arda özünə və ədəbiyyata şöhrət qazandırmış Virciniya Vulf da artıq yaza bilmədiyini hiss etdiyi dönəmlərdə özünü ədəbiyyatın “intihar körpüsü”nə qaldırmışdı. İntiharından əvvəl yazıdığı son qeydlərindən biri beləydi: “Artıq əvvəlki kimi yaza bilmirəm”...

Ağrıyan vicdanı heç kəsi, nə də özünü aldatmağa icazə verə bilməzdi. Vulfun sağ qalmaq üçün yeganə çıxış yolu Ose çayının üzərindəki körpüdən keçirdi. Həyatının son günlərində yaza bilməyən Vulf özünü bu körpüdən Osenin sahilindən ən uzaq yerində belə hər şeyi öz hərəkətliliyinin qarşısına qatıb ən uzaqlara aparan sularına təslim edərək, həyatını davam etdirdi.

Sağ qalmaq...

Bütün ağrılarını cümləyə çevirən Çezare Paveze də, zəngin atasının fizikasını bəzəkli göstərəcək pullarından imtina edərək öz daxili xarabalığından cümlələrlə doğulmağı seçən Kafka da, ifadələrin dərinliyinə enmək üçün müharibə və faşizmin əsirlərə heç bir yaşamaq hüceyrəsi tanımayan işgəncə düşərgələrindən keçən Selincer və Primo Levi də, xırda dəniz canlılarını nəhəng balıqların çeynəməyə vərdiş etmiş dişlərindən xilas etmək üçün onları öz əlləri ilə məhv edib bunlardan yazan “qoca balıqçı” Heminquey də, ifadələrinin vurucu gücünü artırmaq üçün həyat yoldaşını ona xəyanət etməyə məcbur edən Ceyms Coys da onlara öz məqsədlərinə və ideallarına xəyanət etməyi vərdişə çevirəcək hər vasitədən imtina edib, yazı masasının arxasında ancaq əlləri və beyinləri işləyən heykələ çevirən ədəbiyyat idi.

Bizim inqilabçılar

Azərbaycana - yuvarlaq dünyanın Şimal yarımkürəsinin Cənuba əyilən nöqtəsindən keçən yolunun üzərində yerləşən xırda bir ölkəyə gəlincə, Hüseyn Cavid, Mikayıl Müşfiq və digərləri var. İnsan talelərini müəyyən edən və onları özlərinin korşalmış bıçaqları altında hər gün beyinlərinin kiçik bir hissəsini kəsib manqurta çevirən siyasiləri “İblis”ə oxşadan Hüseyn Cavidi də Şimalın ən dondurucu buzlarının hər gün donduqca böyüyən laylarının arasında sıxan da ədəbiyyat idi. Nə bu buzlaqlar arasında sıxılan Cavid əfəndi, nə də bədəninə yağış kimi yağan güllələr qarşısında Mikayıl Müşfiq yazdıqlarından imtina etdi, nə də onlara həyat verəcək boyun əymələrinə aldanıb özlərini yaşayan ölülərə çevirdilər. Yazdıqlarını sobaya atıb bir az bədənini isidəndə Mirzə Cəlil də yazacağı yeni əsərin süjetinin baş qəhrəmanını canlandırmışdı.

Sonuncu “mogikan”

Dünyanın bir mərhələsində ədəbiyyat və bu sahə adına yazılan cümlələr, yatmış beyinləri öz orbitlərində fırlanmağa məcbur edən əsas dayaq nöqtəsi idi. Pablo Nerudanın şeirləri azadlığa ac olan xalqların oyanış nəğmələrinə çevrilmişdi. Nazim Hikmətin də hər şeiri bir inqilab idi. Lakin zamanın sürətli axını elmi-texniki tərəqqinin robotlaşdırıcı müəssisələrinə dönəndə ədəbiyyat öz populyarlığını və qalxdığı yerini itirməyə başladı. Gerçək ədəbiyyatın sonuncu “mogikanı” Selincer hər şeyin öz mənasını itirdiyi dönəmlərdə meşədəki komasında öləndən sonra artıq “Nobel” sülh mükafatı ədəbiyyata yox, iri siyasi güclərin maraqlarına cavab verməyən sistemləri tənqid atəşinə tutan “yazarlara” verilirdi.

Dünyanın hazırkı mərhələsində ədəbiyyat sektorunda özlərini göstərməyə, daha dəqiq ifadə etsək, özlərini gözə soxmağa çalışan yazarların hamısının adları cəm şəkilçisində (lar, lər) hallanır. Son dönəmlərdə ədəbiyyatın intibah dönəmində yazdıqları ilə adlarından bəhs olunan adamların basmaqəlib həyat yaşayan - Cek London, Primo Levi, Paveze qədər həqiqətlərin bir ucunu görməyənlər tərəfindən heç nəyi bilmədən tənqid və təhqir olunmaları da çökən ədəbiyyatın ölümqabağı son xırıltısıdır.

Ədəbiyyatın ölümü

Bəzən keçmiş - Nizami, Səməd Vurğun, Şah İsmayıl, Məhəmməd Füzuli və başqaları yaxşı yazmamaqda ittiham olunur. Bəli, onlara qarşı bu ittihamlarda olan şəxslərin iddialarında həqiqət payı var. Lakin ədəbiyyat, yaxşı yazmaq, yaxud, pis yazmaq məsələsi deyil, yazmaq məsələsidir. Düzdür, istər Səməd Vurğun, istərsə Nizami Gəncəvi, istərsə də Füzuli feodal qılıncının qorxusu altında yazıblar, amma bu ittihamda olan yazarlar nə yazıblar? Axı, ədəbiyyat yazmaq məşğuliyyətinin nəfəsi üfunətə çevirən, ölümlə hədələyən barmaq silkələnmlərindən qorxub özünəxəyanətlə yaranmır. İndiki vəziyyətdə ədəbiyyat onlara yataq vəd edən ucuz qadınların cinsiyyət orqanlarını sığallayan bayağı cümlələrin, ucuz restoranların ağlı başdan çıxaran içki qonaqlıqlarının, mənasız - cümlələri dar beyinlərinin məhdud qəliblərində bir az sıxan düşünsəsiz oxucunun istəklərinin leytmotivində can verir.

Əgər söhbət ədəbiyyatın özündən və özünə xəyanət etməməkdən gedirsə, oxucunun başa düşməyəcəyi dildə yazmaq lazımdır ki, əslində quyunun üzərində olan su dibdən dolaraq yuxarı qalxıb.

Cümlə çətin anlaşılan və sanballı olmalıdır və oxucunun beyninə elə bir zərblə çırpılmalıdır ki, görülən şeylərin həqiqətlərinə çatmaq üçün yola çıxa bilsin. Oxucunun istəyi ilə hesablaşmaq, özünəxəyanətdir. Bu, ədəbiyyat deyil. Ədəbiyyat heç vaxt olmayacaq, ədəbiyyat öldü.

Mənsur Rəğbətoğlu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений