Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Prezident sarayı uğrunda KLANLARIN SAVAŞI 



Qırğızıstan prezidenti Almazbek Atambayevin dövlət mükafatlarının təqdimetmə mərasimində etdiyi çıxış siyasi müzakirələrə səbəb olub. Dövlət başçısı prezident seçkiləri öncəsi bəzi namizədlərin xarici qüvvələrin təsiri altına düşdüyünü və cari ilin sonuna-öz hakimiyyətini başa vurana qədər həmin şəxsləri cəzalandıracağını deyib. “Şəffaf seçkilər uğrunda ” Hərəkatı A.Atambayevin bu ifadəsini namizədlərə təzyiq kimi qiymətləndirib və Mərkəzi Seçki Komissiyasına müraciət edib. Adıçəkilən təşkilat A.Atambayevin prezident səlahiyyətlərindən məhrum edilməsi üçün MSK-dan referendumun keçirilməsini xahiş edib. Eyni zamanda, Respublika Prokurorluğundan dövlət başçısına xəbərdarlıq edilməsi istənilib. 

Xatırladaq ki, prezident Atambayev oktyabrın 7-də etdiyi çıxışı zamanı seçkiqabağı situasiya ilə bağlı sensasion açıqlamalar verib. O, bildirib ki, bəzi namizədlər Qazaxıstana səfər edir, prezident Nursultan Nazarbayevdən və oliqarxlardan dəstək almağa çalışır. Prezident Atambayev qeyd edib ki, Qazaxıstan hakimiyyətinin müxalifət namizədlərinə dəstək verməsinin səbəbi Qırğızıstanda demokratik sistemin qurulmasından narahat olması ilə bağlıdır. Qırğızıstan prezidenti şəxsən prezident Nursultan Nazarbayevin ünvanına çox ağır ifadələr işlədib. Almazbek Atambayevi qəzəbləndirən Qazaxıstanın onun ölkəsindəki seçkilərə müdaxilə etmək və keçmiş prezident Kurmanbek Bakiyevin klanına dəstək vermək cəhdləri olub. Xatırladaq ki, bir müddət əvvəl prezident Nazarbayev Qırğızıstan prezidentliyinə namizəd, sabiq baş nazir və parlamentin “Ata-Jurd” fraksiyasının rəhbəri Omurbek Babanovu qəbul edərək ona açıq dəstək verib. Babanov eks-prezident Kurmanbek Bakiyevə yaxın adam sayılır. O, Qazaxıstanla sərhəddə yerləşən Talas şəhərində anadan olub. Bu bölgəyə Qazaxıstan hakimiyyətinin təsir ümkanları geniş olduğundan prezident Atambayev Talas klanını gücdən salmaq planları üzərində düşünür. Əgər prezident seçkilərində hakimiyyətin namizədi, hazırkı baş nazir Sooronbay Jeerenbekov qalib gələrsə, Almazbek Atambayev prezident səlahiyyətlərini təhvil verənə qədər Talas klanı üzərində qazax oliqarxların təsirini azaltmaq istiqamətində sərt addımlar atacağını gizlətmir. 

Atambayev Qazaxıstan oliqarxlarının Bakiyev klanını hakimiyyətə gətirmək cəhdləri haqda danışaraq deyib: “Mən istənilən halda təmiz seçkilər keçirəcəyəm. Hər xalq öz hakimiyyətinə layiqdir. Mən başa düşürəm, qazax hakimiyyəti nəyə görə onları bizə sırımaq istəyir. Onlar Bakiyevi sevirlər. Bakiyevi hələ də Qazaxıstanda öz bayramlarına çağırırlar. Mən hətta Qazaxıstanın ən yüksək rütbəli şəxslərindən dəfələrlə eşitmişəm ki, Bakiyevlər düz eləyib insanları güllələyiblər. Familiyaları deməyəcəm. Bakiyevləri ona görə dəstəkləyirlər ki, biz qazax xalqına pis nümunə oluruq. 

Qazaxıstanda pensiyalar Qırğızıstandan 10 dəfə yox, cəmi 1.5 dəfə çoxdur. Ona görə ki, Qazaxıstanın sərvətlərini oğurlayırlar. Bu gəlirlər Qazaxıstan xalqına gedib çatmır. Və biz onlara pis nümunə oluruq. Atambayev onlara pis nümunədir. Çünki ədalətli hakimiyyət nümunəsi ortaya qoyur. Bizim qonşu vilayətdə, Talasda heç də Qazaxıstandan pis yaşamırlar. Əgər biz adambaşına 10 dəfə çox gəlir əldə etsəydik, pensiyalar da 10 dəfə çox olardı. Çünki mənim hakimiyyətində Utemuratov kimi oliqarxlar (Bulat Utemuratov) olmayacaqdı, hansı ki, bizim babanovlar, sariyevlər və digərləri gedib qarşısında diz çökür”-deyə Atambayev öz çıxışında bildirib. 

Almazbek Atambayev hiddətlənərək ölkədə baş verən dəyişiklikləri xarici qüvvələrin görmədiklərini deyib. Dövlət başçısı bildirib ki, indiyə qədər baş verənlərə göz yumsa da, bundan sonra həmin adamları cəzalandıracaq: “Bu qədər çox mülayimlik göstərdiyimizə görə təəssüf edirəm. Mən kifayət qədər etibarlı adamam. Belələrinə isə qızarmış dəmirlə damğa vurmaq lazımdır. Oğruların yeri həbsxanadır. Biz bunu seçkilərdən sonra edəcəyik. Seçkilər isə ədalətli keçiriləcək. Əziz həmvətənlərim, mən əminəm ki, siz pul alsanız belə, bu, qırğız və qazax xalqlarından oğurlanmış pullardır”.

Müşahidəçilər hesab edir ki, prezident Atambayev bu fikri dolayısı ilə Omurbek Babanova aid edib. Dövlət başçısı Sooronbay Jeenbekov barəsində “bizim namizədimiz ” ifadəsini işlədib və bunun düzgün olduğunu vurğulayıb. Almazbek Atambayev bildirib ki, vəzifəsini dekabrın 1-ə qədər icra edəcək və bu müddətdə pis niyyəti olan siyasətçiləri qanunla cəzalandıracaq. 

“Əgər biz onları yaxalamaqda geciksək, Akayev və Bakiyev kimi qaçmalı olacaqlar. Mən burada olacam. Mən öz sözümə və hər bir əməlimə görə cavabdehəm. Əgər mən indiyə qədər səbr nümayiş etdirmişəmsə, artıq belə həyasızlığa və kobudluğa dözməyəcəm. Ümid edirəm ki, dekabrın 1-ə qədər mən bütün bunları təmizləyəcəm. Açıq deyirəm, heç kimə mərhəmət etməyəcəm”.

Prezident bəyan edib ki, hakimiyyətdən gedəndə özü ilə bərabər Bakiyevin bir qrup tərəfdarını da aparacaq. Nə həmin şəxslər, nə də Bakiyev heç vaxt siyasətə qayıtmayacaq. 

Almazbek Atambayev belə sərt çıxış etməsinə baş nazirin müavini Temitr Cumakadırovun qətlinin təsir etdiyini deyib. Xatırladaq ki, Atambayevin şagirdlərindən biri olmuş, Seçkilər üzrə Respublika Qərargahının rəhbəri Temir Cumakadırov Talas şəhərinə işgüzar səfəri zamanı avtomobil qəzasına düşərək həlak olub. Almazbek Atambayevin bu bəyanatı ölkədə ciddi siyasi səs-küyə səbəb olub. Sabiq prezident Roza Otumbayevanın da daxil olduğu bir sıra tanınmış siyasətçiləri öz sıralarında birləşdirən “Şəffaf Seçkilər Uğrunda” Hərəkatı MSK-ya və Baş Prokurorluğa müraciət edərək prezidentə rəsmi xəbərdarlıq edilməsini istəyib. Sabiq baş nazir Feliks Kulov “Azadlıq” radiosunun Bişkek bürosuna açıqlamasında bildirib ki, prezidentin sözügedən bəyanatını qorxutmaq və təhdid aktı kimi qəbul etmək lazımdır: “O, prezidentliyə namizədlərdən birini açıq şəkildə təbliğ edib, onun rəqibinin əleyhinə çıxış edib. Bu qanunsuzdur. İkincisi, o, açıq şəkildə deyib ki, siyasətçilərdən birini həbs etdirəcək. Bu baxımdan, anlamaq lazımdır ki, bu adama səs vermək olmaz”.
Kulov bildirib ki, Cumakadırovun ölümü dövlət başçısına belə sözlər işlətmək üçün əsas vermir. 

Mərkəzi Seçki Komissiyası prezidentdən edilən şikayətə hələ cavab verməyib. 

Məsələni şərh edən politoloq Mars Sarıyevin qənaətincə, prezidentin son xəbərdarlığı yalnız siyasətçilərə deyil, həm də biznes dairələrinə ünvanlanıb: “Seçkilərə bir həftə qalıb. Atambayevin çıxışını Jeenbekova vacib olan dəstək kimi qiymətləndirmək lazımdır. Bu sözlərdən sonra biznes-qrupları, klanlar və elita nümayəndələri müxalifətlə birləşməkdən, ona dəstək verməkdən çəkinəcək. Prezident isə görünür, Jeenbekovla bağlı vəziyyətin istədiyi kimi getməməsindən narahatdır”.

Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений