Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Prezidentlərin görüşü: “Soyuq müharibə”yə son?



ABŞ prezidenti Donald Trampın Asiya ölkələrinə 12 günlük səfəri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Ağ Ev rəhbərinin səfərində məqsədin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində iştirak etmək olduğu bildirilsə də Şimali Koreyanın nüvə sınaqları bu turnedə əsas yer tutduğu açıq görünür. Artıq Yaponiyaya və Cənubi Koreyaya səfərlərini yekunlaşdıran Birləşmiş Ştatların prezidentini Çində, Vyetnamda və Filippində də danışıqlar gözləyir. Noyabrın 6-dan 11-dək Vyetnamın Dananq şəhərində keçiriləcək sammit çərçivəsində Donald Trampın Rusiya prezidentləri Vladimir Putinlə də görüşəcəyi gözlənilir. 

Hələlik Ağ Ev və Kreml bu barədə məlumatı rəsmən təsdiqləməsələr də təkzib də verilməyib. Prezident Tramp jurnalistlərə açıqlamasında Putinlə görüşmək istədiyini və bu müzakirələrin onun üçün çox vacib olduğunu deyib. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri  da D. Peskov belə bir görüşün keçirilməsini istisna etməyib: "Belə bir görüş həqiqətən razılaşdırılır. Qarşılıqlı razılaşma ilə bağlı nəticə məlum olduqda bu barədə məlumat verəcəyik” - deyə  əlavə edib.

Qeyd edək ki, bu görüş baş tutarsa, ABŞ və Rusiya prezidentləri ikinci dəfə bir araya gələcək. Hər iki dövlət başçısı ilk dəfə 2017-ci ilin iyul ayında Almaniyanın Hamburq şəhərində görüşüb. Bu daha çox tanışlıq xarakteri daşıdığından nəticəsiz başa çatmışdı. İlk görüşdən ötən müddət isə ABŞ-Rusiya münasibətlərində gərginliyin artması ilə yadda qalıb. Lakin "Fox news" kanalının məlumatına görə, ABŞ prezidenti deyib ki, Şimali Koreya məsələsində Vladimir Putinin köməyinə ehtiyacı var. Donald Trampın qeyd edilən açıqlaması Amerika prezidentinin ikinci görüşdən konkret nəticə gözlədiyini deməyə əsas verir. İki superdövlətin lideri arasında müəyyən razılaşmanın əldə edilməsi ABŞ-Rusiya münasibətlərində artmaqda olan "soyuq müharibə"nin səngiməsi üçün başlanğıc sayıla bilər. Hazırda həm Şərqi Avropada, həm də Yaxın Şərqdə Rusiyanın maraqları kəskin şəkildə toqquşur. Amma rəsmi Vaşinqton ola bilsin ki, Ukrayna və Suriya münaqişələrindən fərqli olaraq, Şimali Koreya problemində Moskva ilə anlaşmaya hazır olduğuna işarə edir. Diqqəti çəkən digər məqam bu görüşün Vyetnamda keçirilməsidir. Vyetnam müharibəsindən sonra Rusiya və ABŞ dövlət başçıları ilk dəfədir ki, bu ölkədə bir-birinin əlini sıxır. 

Hazırda Rusiya ilə müqayisədə Vyetnam üzərində Amerikanın iqtisadi rəqabət gücü daha yüksəkdir. 2015-ci ildə Rusiya ilə Vyetnam arasında ticarət dövriyyəsinin həcmi 2,7 milyard dollar təşkil edib. 2016-cı ildə isə ABŞ Vyetnamdan 38,1 mlrd. dollarlıq mal idxal edib. Eyni zamanda, Birləşmiş Ştatlar bu ölkəyə 8,7 mlrd.dollar dəyərində məhsul ixrac edib. 

Vaxtilə ABŞ və Rusiyanın sələfi olan SSRİ arasında dünyanın ən qaynar münaqişə zonalarından biri sayılan Vyetnamda indi iki ölkə başçısı bir araya gəlir. Bu da öz növbəsində, beynəlxalq ictimaiyyət üçün təhlükə yaradan bir sıra problemlərin, ilk növbədə, Şimali Koreyanın qitələrarası nüvə, raketi sınaqlarının qarşısının alınması istiqamətində müsbət siyasi impulslardan biri hesab edilir. 

Siyasi ekspertlərin fikrincə, prezident Trampın V.Putinlə müzakirələrə maraq göstərməsi ABŞ-ın Şimali Koreya siyasətində diversifikasiyaya üstünlük verməsi ilə bağlıdır. Yaponiya, Cənubi Koreya, Çin səfərləri proqramında da KXDR-in nüvə proqramı məsələsinin əsas yer tutması bununla bağlıdır. Rəsmi Vaşinqton Şimali Koreya probleminin həllində Çinin təsir imkanlarının Rusiya ilə müqayisədə daha həlledici təsirə malik olduğunu yaxşı anlayır. Çin Asiya, Sakit Okean bölgəsində Kim Çen In rejimini siyasi, iqtisadi və hərbi cəhətdən dəstəkləyən ən böyük dövlətdir. Üstəlik, Çinlə Şimali Koreyanı ideoloji bağlar yaxınlaşdırır. Pekin nüvə silahına malik Şimali Koreyaya Çini bölgədə ABŞ təhlükəsindən qoruya biləcək bufer zona kimi baxır. Ona görə də Çinin rəsmi Pxenyana dəstəkdən imtina etməsi ABŞ üçün strateji təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, Çin BMT Təhülkəsizlik Şuraşının 5 daimi üzvündən biridir. ABŞ prezidentinin son səfəri də çox güman ki, BMT Təhlükəsizlik Şurasının üzvləri olan Çini və Rusiyanı Şimali Koreyaya qarşı daha sərt tədbirlərin görülməsi barədə qərarların çıxarılmasına inandırmaq məqsədi daşıyır. Çinin Şimali Koreyanın başlıca ticarət tərəfdaşı olması ABŞ-ın Kim Çen In rejiminə qarşı sanksiyalarını zəiflədir. Ancaq Birləşmiş Ştatların bölgdə hərbi fəallığını artırması və KXDR-in raket sınaqlarının qarşısını güc yolu ilə almaq ehtimalı rəsmi Pekini kifayət qədər narahat edir. 

Yaponiyanın silahlanmaya ayrılan xərclərin həcmini ümumi daxili məhsulda 1 faizdən 2 faizə qədər artıracağı istisna olunmur. Eyni zamanda, taktiki nüvə silahlarının Cənubi Koreyaya qaytarılmasına dair ABŞ-da danışıqlar gedir. Analitiklərin rəyinə görə, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin qurultayında ikinci dəfə dövlət başçısı seçilmiş və demokratik islahatlar vəd edən Si Tsinpin Şimali Koreya məsələsində D.Trampla razılığa gələrsə, ABŞ onun hakimiyyətinə dəstək verə bilər. ABŞ prezidentinin Çindən müsbət cavab almayacağı təqdirdə, Şimali Koreya probleminə dair daha çox Rusiya ilə anlaşma əldə etməyə səy göstərəcəyi ehtimal olunur. Yəni ABŞ prezidenti 12 günlük səfər turu çərçivəsində ASİAN regionunda qüvvəılər nisbətini müəyyən etmək və Şimali Koreyanın nüvə proqramının qarşısını ala biləcək alyansın formalaşmasına nail olmaq istəyində görünür. 

Müşfiq Abdulla 

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений