Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezidentliyə namizəd Razi Nurullayev maraqlı layihədə: "Uşaq və buz" şeirini Sabir, "Gülüstan"ı isə..." - MÜSAHİBƏ



Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Hazırda prezident olmaq uğrunda 8 namizəd mübarizə aparır.

AzEDU.az bu 8 namizəddən biri - Razi Nurullayevlə elm və təhsil sahəsi, buradakı problem və perspektivlərlə bağlı apardığı qısa söhbəti təqdim edir:

- Razi müəllim, əvvəlcə bundan başlayaq: ümumiyyətlə, təhsil sizin üçün nə deməkdir?

- Təhsil – inkişaf, insanın yeni pilləyə addımlaması və bəşəriyyətin xilası deməkdir. Bəşəriyyətin daha gözəl yaşaması, texnologiyanın inkişafı, bütün kosmosun, kainatın yenidən öyrənilməsi və cəmiyyətin yeni kəşf olunmuş mərhələdə firəvan yaşaması deməkdir. Elm və texnologiyasız, təhsilsiz yaşam yoxdur. Belə yaşam gerilik və cəhalətdir.

- Azərbaycanın hazırki təhsil sistemini necə qiymətləndirirsiz?

- Azərbaycan təhsil sistemini yaxşı qiymətləndirmirəm. Çünki çox aşağı səviyyədədir. Təhsilin səviyyəsi aşağı olmaqla bərabər, keyfiyyəti də qənaətbəxş deyil. Azərbaycan universitetlərindən məzun olan tələbələr iş tapmaqda çətinlik çəkirlər. Onlara sahələri üzrə kifayət qədər bilik və bacarıq öyrədilmir. Universitetlərimizdə hələ də bəzi mənfi hallar qalıb. Gənclər oxumamaq, təhsil almamaq üçün müəllimlərə rüşvət təklif edirlər. Elə məhz buna görə də, ali məktəblərin səviyyəsini yüksək qiymətləndirə bilmərəm. Əslində, problem tək ali təhsil ocaqlarında deyil. Orta məktəblərdə də təhsilin səviyyəsi artmalıdır ki, savadlı məzunların sayı çoxalsın və onlar ali məktəblərdə rüşvətdən yayınaraq ciddi təhsil almağa həvəsli olsunlar.

- Azərbaycanda fəaliyyətini bəyəndiyiniz ali təhsil ocaqları yoxdur?

- Fəaliyyətini bəyəndiyim bir sıra təhsil ocaqları, təbii ki, var. Məsələn, M.V.Lomonosov adına Moskva Dövlət Universitetin Bakı filialı, Azərbaycan Diplomatik Akademiyası (ADA),  Azərbaycan-Fransız Universiteti (UFAZ) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təhsilini az-çox normal qiymətləndirirəm. Qalan universitetlərdən isə, misal üçün, Bakı Ali Neft Məktəbində yüksək təhsil var. Lakin bu da tam deyil. Ali məktəblərdəki təhsilin səviyyəsini qaldırmaq üçün Azərbaycana mütləq xarici mütəxəssislər gəlməlidir. Bizim təhsilə olduqca bacarıqlı təhsil menecerlərinin cəlb olunmasına ehtiyac böyükdür. Əks halda, təhsildə ciddi bir irəliləyiş gözləmirəm.

- Əgər prezident seçilsəniz və bundan sonra sizə  Oksford və Harvard kimi dünyaca məşhur universitetlərdən hər hansı təklif gəlsə, buna razı olardınızmı?

- Təbii ki, hazırda mən o universitetlərdə tələbə kimi əyləşmərəm. Amma elmi işlərdə, hansısa bir tədqiqatın aparılmasında, mühazirələrdə məmnuniyyətlə etmək istəyərəm. Bunu sevə-sevə qəbul edərəm.

- Prezident olmaq istəyən şəxs hansı kriteriyalara cavab verməli və hansı miqyaslı təhsilə sahib olmalıdır?

- Məncə, prezidentliyə namizəd olmaq üçün insanın yetərli sayılacaq səviyyədə  ali təhsilinin olması  yaxşıdır. Amma təhsilin prezident olmaq üçün ciddi önəmini görmürəm. Konstitusiyamıza əsasən, hər bir vətəndaş ali təhsilli olub-olmamasından asılı olmayaraq, prezidentliyə namizəd ola bilər. Buna normal yanaşıram. Çünki ölkəni təkcə prezident idarə etmir. Prezidentin bütün sahələr üzrə kifayət qədər köməkçiləri olur. Prezidentdə güclü siyasi iradə, bacarıq, bilik və menecerlik qabiliyyəti olmalıdır. Digər bütün işləri prezidentin nazirləri, köməkçiləri həll edir.

- Rəqib namizədlərdən kimlərin təhsilini daha yüksək qiymətləndirirsiz?

- Rəqib namizədlərin təhsili ilə bağlı məlumatlı deyiləm. Düşünürəm, hamısının, yəqin ki, normal təhsili var. Namizədlərin hər biri, artıq özünü sübut etmiş insanlardır. Hər birinin gözəl təhsili olmasına şübhə etməsəm də, onların  təhsilini müqayisə edib qiymətləndirə bilmərəm. Həm də hansı təhsili almasının məsələyə aidiyyəti yoxdur. Bu gün namizədlərə yalnız onların çıxışları və davranışlarına görə qiymət vermək lazımdır. 10 universitet qurtaran insan bir qəpiklik davranış və menecerlik qabiliyyətinə sahib olmaya bilər. Lakin heç bir təhsil almasa da, təcrübədə öz bacarığını nümayiş etdirən insanlar da az deyil.

- Yəni, sizcə, orta təhsilli bir şəxs prezident kimi uğur qazana bilər...?

- Təbii ki, təbii ki... Hətta təhsili olmasa da, olar.. Prezidentə yalnız güclü siyasi iradə, şəffaflıq, qorxmazlıq və cəsarət lazımdır... Üstəgəl, təşkilatçı olmalıdır. Bunlar heç biri təhsildə qazanılan bacarıqlar deyil.

- Seçki platformasında digər ölkələrin prezidentliyə namizədlərindən kimin təbliğat və təşviqat üsullarından, PR texnikasından yararlanmısınız?

- Mən bundan əvvəl iştirak etdiyim parlament seçkilərində Niderlandın Liberal və Əmək Partiyasının mexanizmlərindən çox istifadə etmişəm. Partiyanın seçki texnologiyalarını hətta iki il ərzində öyrənmişəm. Onların bir çox təlimlərində iştirak etmişəm. Amerikadakı seçkilərin texnologiyalarını da müəyyən qədər araşdırmışam. Bir də Fransada sonuncu prezident seçkilərində Emmanuel Makronun seçki kampaniyasını yaxından izlədim. Ola bilər ki, mənim seçki kampaniyamda onların müəyyən təsirləri müşahidə oluna bilər.

- Azərbaycanda hansı siyasətçinin təhsilini bəyənirsiniz və kumir olaraq görürsünüz?

- Bu barədə düşünməmişəm. Mənim üçün kumir siyasətçi, açığı desəm, yoxdur. Siyasətdə kumirliyi qəbul etmirəm. Çünki hər bir siyasətçinin özünün yanaşmaları və öz proqramları olur. Kimsə digər bir siyasətçinin ideologiyasını inkişaf etdirə, bəyənə bilər və onun tutduğu xətti apara bilər. Bir məqsədə qulluq edilsə də, siyasətçinin apardığı siyasət, yerinə yetirdiyi proqramlar isə taktiki və strateji cəhətdən mütləq fərqli olar.

Əbülfəz Elçibəyin bütöv azərbaycançılıq ideyası var. Mən bu bütövləşmənin, milliləşmənin tərəfdarıyam. Lakin mənim taktiki gedişlərim və strateji yanaşmalarım fərqlidir. İdeyaya yanaşma, bu və ya digər siyasətçinin özünün fərdi və şəxsi keyfiyyətlərindən asılıdır.

- Ədəbiyyatın bir  siyasətçinin həyatındakı rolu nədən ibarətdir?

- Ədəbiyyatı bir siyasətçi üçün daha mütaliəli və daha zəngin leksikonla bəlağətli danışmasına təsir edən bir mexanizm kimi qiymətləndirirəm. Amma bəzən, ədəbiyyatın siyasətçinin inkişafında mənfi çalarlarını da görürəm. Çünki ədəbiyyat insanların psixoloji durumuna, ruh halına təsir göstərə bilir. Ona görə də bir siyasətçinin çoxlu bədii ədəbiyyat oxumasına həmişə müsbət yanaşa bilmirəm. Kitab oxusun, lakin təkcə bədii ədəbiyyat oxuması bir insanın siyasətçi kimi yetişməsinə maneçilik törədə və həmin şəxsi sentimental edə bilər. Siyasətçi olmaq arzusunda olan şəxsin bu və ya digər şəkildə fikrini formalaşdırmağa maneələr yaradar və bu günə qədər formalaşdırdığı fikrini dağıda bilər. Bu səbəblə, siyasətçilərin, əsasən strateji məqamlarla zəngin, iqtisadi, dünya siyasəti, məntiq və riyazi elmlərlə bağlı kitabları oxumasını məqsədəuyğun hesab edirəm.

- Bəs, siz konkret olaraq, hansı bədii ədəbiyyat nümunəsi oxuyarkən özünüzdə onun mənfi təsirlərini müşahidə etmisiz?

- Məsələn, mən uşaqlıqda Süleyman Rəhimovun “Mehman” əsərini oxudum, sonra isə bu kitab əsasında çəkilən “Qanun naminə” filmini izlədim. Beləliklə,  həyatda Mehman olmaq istəyirdim. Böyüdüm, hərbi xidməti başa vurub gəldim və gördüm ki, real həyatda heç vaxt Mehman olmayıb. O, sadəcə, kitabda olan bir obrazdır. Bununla yanaşı, çoxlu sevgi romanları oxuyurdum və xəyallar qururdum. Düşünürdüm, elə həyatda da sevgi kitablardakı kimi saf və təmiz olur. Sonra şahidi oldum ki, real həyatımızdakı sevgi ilə, ədəbiyyatdakı sevgi arasında fərq o qədərdir ki, müqayisəyə belə gəlməz. Yaxud filmləri nümunə kimi götürək. Oradakı insanların bir-birinə sevgi münasibəti, qəhrəmanlığı simvolizə edən obrazlar, cəsarətli epizodlar həyatda olan epizodlara paradoks məsələdir.

- Ənənəvi olaraq, prezidentliyə namizəd olan şəxslərlə söhbətin sonunda müsahibimizə sadə sual ünvalayırıq. Son sualım belədir, “Uşaq və Buz” şeiri və “ Gülüstan” poemasının müəllifləri kimlərdir?

-“Uşaq və Buz” şeirini Mirzə Ələkbər Sabir yazmayıbmı? Məncə, Sabir yazıb.  “Gülüstan” poemasını isə Səməd Vurğun...?

- Səmimiyyətinizə görə minnətdaram və fəaliyyətinizdə uğurlar arzulayıram...

- Mən minnətdaram. Bilmək istəyirdim ki, sonuncu sualı düzgün cavabladım? (gülür-red)

- Müsahibə paylaşılarkən saytımızdan düzgün cavabı öyrənə bilərsiz...

- Bir daha təşəkkür edirəm.(gülür-red)

Sağ olun...

DOSYE: Razi Qulaməli oğlu Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1978-1988-ci illərdə İmişli rayonu, Xəlfəli kənd məktəbində orta təhsil alıb. Məzun olduqdan sonra, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində ali təhsilə yiyələnib. 2000-2005-ci illərdə isə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakultəsində təhsilini davam etdirib. 2004-cü ildə Kanadanın Cohn Abbott Kollecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-ın Nyu York şəhərində Kolumbiya Universitetinin Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib. Hazırda Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) və ikinci Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений