Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Problemli kreditlər düyünü çözülür?- ÇIXIŞ YOLU



Problemli kreditlərin həlli üçün yeni mexanizm yaradılacaq. “Bankların maliyyə dayanıqlığının bərpa edilməsi və gücləndirilməsi, qeyri-işlək borclar probleminin həll edilməsi  istiqamətində işlər davam etdiriləcək”. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bank sektorunun restrukturizasiyası proqramı qeyri-işlək borcların tənzimlənməsi üzrə komplementar tədbirlərlə dəstəklənməlidir: “Bu istiqamətdə beynəlxalq təcrübə, ölkə xüsusiyyətləri  və məhdudiyyətlər nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqelərini bərpa etməyə, sağlam kredit tələbini genişləndirməyə, kredit aktivliyini artırmağa və iqtisadi artımı dəstəkləməyə imkan verərdi”.Bəyanatda bildirilib ki, maliyyə vasitəçiliyinin aktivləşdirilməsi üçün bankların fəaliyyət göstərdiyi ekosistemdə mövcud olan məhdudiyyətlərin aradan qaldırılması və risklərin azaldılması üzrə işlər davam etdirilməlidir.AMB-də hesab edirlər ki, qeyd olunan amillərlə yanaşı, nəzərdə tutulan islahatlar ekosistemin mövcud maliyyə resurslarının bank sektoru üçün qəbul edilə biləcək risklər səviyyəsində kreditləşməyə yönəlməsinə şərait yaradacaq.

Qeyd edək ki, son məlumatlara görə problemli kreditlərin həcmi artıb. Belə ki, kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabr ayının 1-nə 1 milyard 889,6 milyon manat təşkil edib. Bu, illik müqayisədə 514 milyon manat və ya 37,37 faiz çoxdur. Bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda problemli kreditlərin həcmi 32,5 milyon manat və ya 1,75 faiz artıb. Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 15,55 faiz təşkil edir.

Maraqlıdır, yeni mexanizm problemli kreditləri həll edə biləcəkmi?

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, Mərkəzi Bankın bütün bəyanatları “olmalıdır”, “olacaq”, “olsa, yaxşı olar” kimi istiqamətdə verilib:

“Bunları kim etməlidir? Artıq 2 ildir Azərbaycan iqtisadi tənəzzül dövrünü yaşayır.Problemli kreditlər 1-2 ayın kredit problemi deyil. Demək olar ki, 2 ildən artıqdır mövcud problemlər var. İqtisadiyyat ağrılı vəziyyətə düşəndə oradan çıxmaq imkanları var. İqtisadi nəzəriyyəni, bazar iqtisadiyyatı münasibətlərinin şəffaf müddəaları arasındakı ünsiyyət prinsipini rəhbər tutsaq, bəli, burdan çıxış yolu var. Zamanında bir çox ölkələr bu cür problemlərlə üzləşiblər və vəziyyətdən də çıxıblar. Ancaq 2 ildən sonra gələcək üçün belə bəyanat vermək, absurddur.Mütəxəssislər bu cür vəziyyətin yaranması haqqında öncədən proqnozlar veriblər. Beynəlxalq təcrübəni nəzərə alan iqtisadçılar o ölkələrin apardıqları tədqiqatları öyrənib, dərindən təhlil edəndən sonra Azərbaycanın real statistik rəqəmlərini bu düsturların üzərinə qoymaqla həmin proqnozları veriblər. İqtisadçı Qubad İbadoğlu 2011-ci ildən Azərbaycanın büdcə formalaşması, xərcləri, iqtisadiyyatın gəlirləri haqqında dəfələrlə siqnal proqnozlar verib.Gələcəkdə bank sisteminin sağlamlaşdırılması, problemli kreditlərin aradan qaldırılması mexanizmi mövcuddur.Əgər bu mexanizmi tətbiq edə bilsələr, problem həllini tapardı.Əgər bu mexanizmlər vardısa, niyə həyata keçirtmirdilər?Deməli, sistemdə islahatlar aparılmalıdır.Bir çox banklar bağlanandan sonra, müştərilərin bank sisteminə inamsızlığı pik həddə çatıb.Belə olan halda vətəndaşı yenidən bu mühitə cəlb etməkdən ötəri illərlə vaxt lazımdır.SSRİ-nin bank sistemini yadımıza salaq.Əhali öz vəsaitini orada saxlayırdı.Sovetlərə məxsus sosial-iqtisadi münasibətlər sistemi dağıldıqdan sonra əhalinin bütün yatırımları bu sistemdə batdı.Bundan sonra insanlarda bank sisteminə uzun müddət inamsızlıq yarandı.Lakin yenidən müstəqil Azərbaycanda dövlət quruculuğu həyata keçiriləndən sonra insanlarda yavaş-yavaş inam yarandı.Vətəndaşlar yenidən bank sisteminə etibar edib öz vəsaitlərini buraya yatırırdılar.Amma 2015-ci ildə yenidən bu problem yarandı.Vətəndaşlar yenə də pis vəziyyətdə qaldı.Bu günə qədər də müştərilər sığortalamayan əmanətlərini geri qaytara bilmir.

İndi 2018-ci il üçün bəyanat vermək ki, bunu etmək lazımdır, bu, ən azından peşəkarlar üçün gülünc görünür. Bunu etmək üçün sizə mane olan nə idi?!İqtisadçı ekspertlərin əlində rıçaq mexanizmləri yoxdur.Mərkəzi Bankın bəyanatı boşdur.Görünür, onların bu mexanizmi həyata keçirtməyə gücləri çatmır, ya da düzgün məlumat vermək istəmirlər.Ölkə rəhbərinin fərmanı ilə təsdiqlənən Strateji Yol Xəritəsində müəyyən məqamlar var ki, maliyyə sektoru bunu dərhal həyata keçirtməli idi.İndiki dövrün bir düsturu var, eyni səviyyədə qalmaq üçün sürətlə qaçmaq lazımdır”.

Ekspert onu da qeyd edib ki, statistik məlumatları təhlil edərkən bir neçə bucaqdan yanaşmaq lazımdır:

“Əslində, problemli kreditlərin həcmi azalıb. Çünki artıq kreditlər verilmir.Bu, zamanında açıq qalmış kreditlərin problemli kreditlərin siyahısına daxil olmasıdır.Müştərilərin zamanında götürdüyü kreditlər sonradan problemli kreditə çevrilib.Müştərinin ödəmə qabiliyyəti itdiyi üçün statistik məlumatda problemli kreditə çevrilir.Bu zaman yanaşmada ifadə etmək olar ki, problemli kreditlər artıb.Amma bu o demək deyil ki, problemli kreditlərin həcmi yeni kreditlərin verilməsindən irəli gəlir”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений