hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Problemli kreditlər: Hökumət hansı yolu tutacaq?

Problemli kreditlər: Hökumət hansı yolu tutacaq?

Manatın 2 devalvasiyasından sonra gündəmə gələn problemli kreditlər məsələsi 4 ildir ki, öz aktuallığını itirmir.

Bu cür kreditlərin həcminin artıb-azalması ilə bağlı rəqəmlər dəyişsə də, ümumilikdə problemin öz həllini tapması mümkün olmur. İctimaiyyətin bu məsələdə güzəştlərin tətbiq edilməsi təklifləri ilə isə hökumət razılaşmır. Bu il vaxtı keçmiş kreditlərin məbləğində azalma müşahidə olunur. Problemli kreditlərin həcmi bu il yanvarın 1-nə olan məlumatlara görə, 1,585 mlrd. manat təşkil edib. Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1%, ötən il yanvarın 1-nə nisbətən isə 2,6% azdır.

Dekabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,2% təşkil edib. Bu nisbət noyabrın sonuna 13,4%, ötən ilin əvvəlinə isə 13,8% olub.

İqtisadçı alim Vüqar Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, problemli kreditlərin həcmində baş vermiş dəyişikliklər cüzi dəyişikliklərdir: 

“Müəyyən azalma var. Çünki, Azərbaycan kommersiya bankları 2018-ci ilə 1 milyard 695 milyon manat problemli kreditlərlə başlamışdısa, bu ilin əvvəlində onun həcmi 1 milyard 585 milyon manatdır. Təəssüf ki, böyük azalmalar müşahidə etmirik.Səbəb problemli kreditlərlə bağlı konkret proqramın qəbul edilməməsidir. Xarici valyutada olan kreditlərə güzəştlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Biz 3 tərəfli güzəşt mexanizminin tətbiq olunmasının tərəfdarıyıq. Bu mexanizm nəticə etibarı ilə imkan verəcək ki, xarici valyutada olan kreditlərə güzəşt tətbiq edilsin və bu güzəştin tətbiq edilməsi dövlət və banklar üçün ağırlıq yaratmasın. Belə olduqda hər bir tərəf - Mərkəzi Bank, Kommersiya Bankları və müştəri xərcin 1/3-ni ödəyir”.

İqtisadçı deyir ki, bu mexanizmin müştəri üçün özəlliyi isə ondan ibarətdir ki, o, krediti 1.70 məzənnəsi ilə deyil, 1.06 məzənnəsi ilə ödəyəcək: 

“Bu da onun borcu ödəməsi üçün stumul yaradacaq. Bank 1/3 hissəni ödəməklə kreditləri cəlb edə biləcək, dövlət isə bu hissəni öz üzərinə götürməklə daha az vəsaitlə problemin həllinə yardımçı ola biləcək. Ona görə də güzəşt mexanizminin tətbiq olunmasını məqsədəuyğun hesab edirəm.Problemli kreditlərin həcmi göstərir ki, bu məsələ hələ də aktualdır və gündəmdə olmalıdır”.

Vüqar Bayramlı bildirir ki, problemli kreditlərin həlli üçün irəli sürülən digər təklif isə ABŞ-da 2008-ci ildə tətbiq olunan vahid proqramın tətbiq olunmasıdır: 

“Dövlət problemli kreditləri alıb, onun müqabilində banklara 1 milyard manat ödəniş edir və problemli kreditlərin strukturunda sağlamlaşdırma aparır. Həmin 1 milyardı istiqraz formasında bazara çıxarır və istiqrazlardan gəlir əldə edir. Problemli kreditlərin dövlət tərəfindən alınması banklara imkan verir ki, banklar atıq həmin kreditlər üçün müştəriyə güzəşt verə bilsinlər. Dövlət baxmayaraq ki, öhdəlik götürür, həmin istiqrazla öhdəliyin mühüm bir hissəsini bağlaya bilir”.

İqtisadçı hesab edir ki, hər iki proqram və istiqamətdə islahatlar hazırlanması problemli kreditlər həcminin kəskin azalmasına gətirib çıxara bilər: 

“Əks halda indi cüzi azalmalar olsa da, qarşıdakı illərdə problemli kreditlərin bank sektoru üçün əsas problem olaraq qalmasını müşahidə edə bilərik. Vüqar Bayramlının sözlərinə görə, 2018-ci ildə müəyyən stabillik müşahidə olunsa da, bunun bank sektoruna ciddi təsiri yoxdur: “41 milyon azalma var, bu problemli kreditlərin təxminən 2,5 faizini təşkil edir. Bunun hələlik hansısa təsiri olmayacaq. Amma qeyd etdiyimiz istiqamətlərdə təkliflər qəbul olunarsa, bunun bank sektoruna birbaşa təsiri olacaq”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 2912