Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

PULUMUZ AZALIB: Xaricdəkilər 6 dəfə az göndərir



2017-ci ildə Azərbaycana pul köçürmələri kəskin artıb. Ötən ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub. Bildirilir ki, ilkin rəqəmlərə əsasən 2017-ci ildə ölkəyə daxil olan pul baratları 1,2 milyard dollar təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 2,13 dəfə çoxdur. Qeyd edək ki, 2016-cı ildə ölkəyə daxil olan pul baratları 564 milyon manat təşkil edib.

2017-ci ildə ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları 8,6 milyard manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 55,4 faizini təşkil edib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya, İsveçrə və Çexiya sərmayədarlarına məxsus olub.

Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib. Ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11 faizdən çox artıb. 2017-ci ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 30 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 2,9 dəfə üstələyib.

Müstəqil ekspertlər hesab edir ki, yerli istehsal zəif olduğundan Azərbaycan daha çox idxaldan asılı ölkələr sırasındadır. Mövcud vəziyyəti “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçıların qənaətincə, buna görə də ölkədə real iş yerlərinin sayı azdır. 2005-ci ildən sonra başlanan neft bumu dövründə ölkədə iş yerlərinin sayı artmağa başladı. Bunların bir qismi əmək müqaviləsindən kənar formada olsa da, iş yerlərinin sayı artdıqca, ölkə vətəndaşlarının da gəlirlərində artım baş verdi. Buna qədər Azərbaycan əhalisi yaşayış minimumunu əsasən xarici ölkələrdən daxil olan pul baratları hesabına təmin edirdi. Əhalinin dolanışıq mənbəyi əsasən Rusiya, Türkiyə, Qazaxıstan və bəzi Avropa ölkələri hesabına ödənilirdi.

Hələ 90-cı illərdə belə bir statistika mövcud idi ki, Rusiyada işləyən azərbaycanlıların sayı 2 milyon nəfərdən çoxdur. 2015-ci ildən etibarən Azərbaycanda neft hasilatının aşağı düşməsi və “qara qızıl”ın qiymətinin dünya bazarında sürətlə ucuzlaşması, ardınca həmin ildə baş verən iki devalvasiya nəticəsində yaranmış böhran real sektora da mənfi təsir göstərdi. 2016-cı ildə Azərbaycanda iş yerlərində kütləvi ixtisarlar və iş yerlərinin bağlanması halları müşahidə olundu. Buna görə də ümumi nisbətdə xaricdən daxil olan pul baratlarının həcmi üstünlük təşkil etməyə başladı.

Analitiklər onu da qeyd edir ki, Azərbaycana daxil olan pul baratlarının həcminin azalmasında 2007-2008-ci illərdən etibarən Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi mühüm rol oynadı. Belə ki, işləməyə gedən əcnəbi vətəndaşlardan ilk növbədə miqrasiya və əmək normalarının yerinə yetirilməsi üçün müəyyən sərt qaydalar tələb olunurdu. Bu prosesi keçmək bir qədər çətin olduğundan işləməyə gedənlərin sayında da azalma baş verdi. 2012-ci ildə Vladimir Putinin ikinci dəfə prezident postuna qayıdışından sonra Rusiyaya işləməyə gedən əcnəbi vətəndaşlardan rus dilinin öyrənilməsi, əmək müqaviləsinin bağlanması, eləcə də təhlükəsizlik tədbirləri ilə bağlı miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi pul baratlarının həcminin azalmasına təsir göstərən amillərdən biri olub.

İqtisadçılar bildirir ki, 2015-ci ildə neftin qiymətinin aşağı düşməsi Azərbaycan vətəndaşlarını xarici ölkələrə getməyə təhrik edən səbəblərdən birinə çevrildi. Azərbaycanlıların tarixən əmək miqrantı kimi üz tutduğu əsas ölkə Rusiya olub. Ancaq 2015-cildə neftin qiymətinin aşağı düşməsi Rusiyanın vəziyyətini çıxılmaz duruma saldı. Ticarət dövriyyəsinin azalması, bir çox sahələrdə iş yerlərinin bağlanması, əmək miqrantlarının ölkədən çıxarılması üçün sərt qaydaların tətbiq edilməsi, azərbaycanlıların ora getmək imkanlarını məhdudlaşdırdı. Bu baxımdan Rusiyada azərbaycanlılarla yanaşı, taciklərin, qırğızların, özbəklərin və digər iş arxasınca gedən millətlərin geri qaytarılması halları baş verdi. Azərbaycanlılar başqa variantlar üzərində düşünməyə başladılar. Bu gün ölkə vətəndaşları yenə də Rusiyaya gedir, amma onların sayı 1990-2000-ci illərdəki kimi mövcud olan statistika artıq yoxdur. 

Qeyd edək ki, 2017-ci ildə Rusiyadan ölkəmizə göndərilən pulun həcmi 6 dəfə azalıb. Rusiya Mərkəzi Bankının məlumatına əsasən, bank köçürmələri yolu ilə 2017-ci ilin birinci yarısında Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantlar vətənə cəmi 203 milyon dollar göndəriblər. Rusiya Mərkəzi Bankının açıqladığı rəqəmlər bu ölkəyə qazanc dalınca gedən azərbaycanlılardan daxil olan pulun ilbəil azaldığını göstərir. Belə ki, azərbaycanlı miqrantlar 2014-cü ildə vətənə 1.3 milyard dollara yaxın pul göndərmişdilər. 2015-ci ildə isə bu göstərici iki dəfə aşağı düşərək 650 milyon dollara yaxın olub. Bunun əsas səbəbi Rusiya rublunun dollar qarşısında kəskin dəyər itirməsi və bu ölkədə iqtisadi şərtlərin ağırlaşmasıdır.

Ekspertlərin müşahidələrinə görə, hazırda azərbaycanlılar daha çox Türkiyəyə, Qazaxıstana, Gürcüstana və Avropa ölkələrinə üz tuturlar. Son dövrlərdə Avropa ölkələrinə üz tutan azərbaycanlıların sayı artmaqdadır. Bu sırada ilk yeri Almaniya tutur. Çünki Almaniya konstitusiyasına görə miqrantların ölkəyə daxil olmasına qadağa yoxdur. Lakin son dövrlər Almaniyada yeni koalision hökumətin formalaşması və müştərək hökumətdə iştirak edən Almaniya Sosial Demokrat Partiyasının tələbinə uyğun olaraq miqrantların ölkəyə daxil olmasına müəyyən limit qoyulub. Həmin limitə görə isə, ölkəyə daxil olan miqrantların sayı 220 mindən artıq ola bilməz. Bu səbəbdən də 2014-2016-cı illərdə Avropa ölkələrinə, o cümlədən, Almaniyaya kütləvi şəkildə Suriyadan və digər Yaxın Şərq ölkələrindən qaçqının və əmək miqrantlarının miqrasiya etdiyini nəzərə alsaq, ölkədə xaotik bir durum yaranıb. Belə olan halda azərbaycanlı miqrantların ölkəyə daxil olmasında müəyyən problemlər müşahidə olunur. Son aylar onların geri qaytarılması hallarına da şahid oluruq.

İqtisadçıların sözlərinə görə, neftin qiymətindən əlavə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar iş yerlərinin bağlanmasına və iqtisadi problemlərin artmasına gətirib çıxardı. Ona görə də Rusiyanın nəinki kənardan gələn əcnəbiləri, hətta öz vətəndaşlarını işlə təmin etməsi çətinləşib. Bundan əlavə, azərbaycanlılara aid olan ticarət mərkəzlərinin, bazarların bağlanması da, ölkə vətəndaşları üçün ciddi problem yaradıb. 

Təbii ki, azərbaycanlıların Avropa Birliyinə və şengen zonasına daxil olmaları üçün müəyyən sənədlərin qaydasında olması tələb olunur. Azərbaycanlılar əmək miqrantı kimi daxil olmaq imkanına malik olmadığına görə, siyasi mühacir statusu ilə daxil olub orada məskunlaşımağa üstünlük verir. Bu məqsədlə də bir çox hallarda, hətta siyasi fəaliyyəti olmayan şəxslər saxta sənətlər düzəltməklə həmin ölkələrdə qalmağa cəhd edirdilər. İş tapmadıqda belə, işsizlik kompensasiyası almaqla həmin vəsaitin də böyük bir qismini öz ailəsinə göndərməklə maddi təminatını ödəməyə çalışırlar. Ona görə də, bu gün Azərbaycan vətəndaşları Rusiya ilə yanaşı, işləmək və yaşamaq üçün daha çox Türkiyə, Gürcüstan, Qazaxıstan, Almaniya, Hollandiya, Belçika, İsveç, Norveç, Kanada, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə üz tuturlar.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений