Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putinin seçkidən sonrakı planı: İşğal, yoxsa...?



Ukrayna prezidentinin imzaladığı yeni qanunda Rusiya işğalçı ölkə qeyd olunub. Belə ki, Ukrayna prezidenti Pyotr Poroşenko hərbi kabinetin iclası zamanı Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb. Qanunun mətnində Rusiya “işğalçı ölkə”, Kiyevin nəzarətindən çıxan bölgə isə “işğal olunmuş ərazilər” adlandırılıb. Görünən odur ki, Rusiya-Ukrayna münaqişəsi yaxın gələcəkdə daha da isti fazaya keçəcək. Ekspertlər münaqişənin səngiməsinin səbəbi kimi, Rusiyada keçiriləcək prezident seçkilərini göstərir. Rusiyanın seçkidən sonra Ukrayna ilə hesablaşacağı gözlənilir. Maraqlıdır, Rusiya-Ukrayna münasibətləri seçkilərdən sonra necə olacaq?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyanın Ukraynaya qarşı yeni hərbi əməliyyatlar aparmasının inandırıcı olmadığını deyib:

“Rusiyanın bundan sonra Ukrayna ilə hərbi münaqişəyə getməsi, daha sərt mövqe tutması inandırıcı görünmür. Xüsusilə də seçkilərdən sonra. Əslində seçkilərdən sonra Qərbin Rusiyaya qarşı apardığı siyasət davam edəcək. Rusiyaya qarşı beynəlxalq təzyiqlər güclənəcək. Rusiyada keçirilən seçkilərin qeyri-legitim olması haqqında fikirlər səslənə bilər. Putinin seçkilərdə rəqiblərini sıxışdırması, müxalifətə imkan verməməsi və digər məsələlər gündəmə gələcək. Hətta ola bilər ki, ABŞ-ın “Kreml hesabatı”nda adı keçən oliqarxlara qarşı müəyyən addımların atılacağı da istisna deyil. Bu baxımdan hesab edirəm ki, Rusiyanın başı öz daxili işinə qarışacaq. Seçkinin nəticələrini beynəlxalq təşkilatlara, dünya dövlətlərinə qəbul etdirməyə çalışacaq. Bu proseslərdən sonra Rusiya Ukrayna məsələsində hansısa amillərdən istifadə edə bilər. Rusiya artıq özünə lazım olanı Ukraynada edib. Ukraynanın məlum ərazilərini ilhaq edib, öz nəzarətində saxlayır. Bundan sonrakı addımlar daha çox diplomatik və iqtisadi zəmində baş verəcək. Hərbi yöndə addımların atılacağı inandırıcı deyil. Çünki BMT-nin sülhməramlılarının Ukraynada yerləşdirilməsi məsələsi müzakirə olunur. Belə bir şəraitdə hərbi əməliyyatların başlaması gözlənilən deyil”. 

N.Məmmədova hesab edir ki, Rusiya Ukraynaya qarşı daha çox iqtisadi yöndə təzyiq göstərəcək:

“Digər tərəfdən, Rusiya Ukraynada muzdlu döyüşçülərdən istifadə edirdi. Hazırda isə həmin döyüşçülər Suriyadadır. Məlumdur ki, ABŞ-ın aviasiya zərbələri nəticəsində Suriyada döyüşən muzdlu Rusiya döyüşçülərindən 300-ə qədəri həlak oldu. Yəni, artıq Rusiyanın bu qüvvələri də sıradan çıxarılır. Rusiya isə Ukraynaya rəsmi qoşunlarını göndərə bilməz. Belə bir şəraitdə isə hərbi qarşıdurma mümkün görünmür. Rusiya yenə də Ukraynaya təzyiq üçün enerji daşıyıcılarından istifadə edəcək. Məlumdur ki, Rusiya “Şimal-2” qaz layihəsində Ukraynanı kənarda qoydu. Rusiya öz qazını Avropaya artıq Ukraynanın iştirakı olmadan çıxaracaq. Bununla da Ukrayna əvvəlki tranzit ölkə statusunu itirəcək. Bu da Ukraynanın büdcə gəlirlərinə ciddi şəkildə təsir göstərəcək. Ukrayna tranzit ölkə kimi Rusiyadan güzəştli qaz və bununla yanaşı, tranzit haqqı alırdı. Rusiyanın bu addımından sonra Ukrayna Rusiyadan bazar qiymətlərinə uyğun qaz alacaq və tranzit ölkə olaraq əldə etdiyi gəlirlərdən məhrum olacaq. Bu da Ukraynanın çökməsinə səbəb ola bilər. Bununla da Ukrayna birbaşa olaraq xarici dəstəkdən asılı vəziyyətə düşəcək. Görünən odur ki, Putinin seçkidən sonra əsas planı bu olacaq. Bunun da məntiqi nəticəsi kimi 2019-cı ilin qışı Ukrayna üçün çox çətin olacaq”.

Vilayət Muxtar
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений