Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qadınlarla birgə namaz: Fikirlər haçalandı: Kimi “olar”, digəri “qətiyyətlə olmaz” deyir - MÜZAKİRƏ



İstanbul məscidləri dindar qadınların etiraz hərəkatının mərkəzinə çevrilib. Qadınların tələbi məscidlərdə kişilərlə birgə namaz qılmaqdır. Məsələ ilə bağlı  İstanbulun "Kadınlar Camilərdə" adlı Allah evində etiraz kampaniyasına təkan verilib

Sözügedən etiraz qadınlarla kişilərin birgə namaz qılması məsələsini gündəmə gətirib. Şəriətə görə, kişi ilə qadın eyni otaqda namaz qıla bilər. Əlbəttə, naməhrəm kişinin gördüyü şəraitdə qadının əyilib-qalxaraq namaz qılması məsləhət deyil. Məhrəm şəxslər isə tam rahatlıqla eyni otaqda namaz qıla bilərlər.

“Kimlərsə dinə  yenilik gətirmək istəyir, amma bu yolverilməzdir”

ADP sədri, dini məsələlərlə bağlı açıqlamalarla da gündəmə gələn Sərdar Cəlaloğlu Cebhe.info-ya deyib ki, şəriətdə qadınlarla kişilərin bir yerdə namaz qılması caiz deyil. Xüsusən, qadınların öz evlərində, kişilərin isə məscidlərdə namaz qılması Allaha daha xoş gedir: “Ona görə də məscidlərdə qadınlarla kişilərin namaz qıldıqları yerlər bir-birindən ayrı nəzərdə tutulur. Adicə səcdənin özü qadınlarla kişilərdə fərqlidir. Yəni, kişilərlə qadınlar eyni cür səcdəyə getmir. Bu baxımdan, Məhəmməd Peyğəmbərin dövründən bu günə qədər kişilərlə qadınların bir yerdə namaz qılınması qadağan olunub. Bu, sadəcə evdə ola bilər. Naməhrəm kişilərlə naməhrəm qadınların bir evdə namaz qılması peyğəmbərin dövründən qadağan olunmuş məsələdir. Ona görə də dində qadınların bu hərəkəti bidətdir. Kimlərsə dinə  yenilik gətirmək istəyir. Amma bu yolverilməzdir”.

“Yəhudilərdə qadınların ibadət etməsi qadağandır”

Ekspert bəzi dinlərdə, məsələn, yəhudi dinində qadınların ümumiyyətlə, ibadət etmələri qadağan olunub: “Bu məsələ həm də qadın orqanizmi ilə bağlıdır. Çünki ibadət paklıq tələb edir. Qadınlarda ayda bir dəfə analıq halı ilə bağlı məlum proses yaranır. O dövrdə qadın istəsə də namaz qıla bilməz. Onların fizioloji quruluşu elədir ki, kişilərlə eyni qaydada oruc tuta və namaz qıla bilməz. Bu da həmçinin onların birgə namaz qılmalarını istisna edir. Kişilərlə qadınlar bir yerdə namaz qılarsa, burada pişnamaz qadın da ola bilər. Adətən pişnamaz bir yerdə namaz qılanlardan bir nəfər olur və qabağa çıxır. İslamda isə ümumiyyətlə, qadınların pişnamaz olması qadağan olunub. Qadın heç vaxt pişnamaz olmaz. Qadından axund, molla ola bilməz. Yəni, İslamın quruluşundan qadının və kişinin öz yeri var.

Buna görə də  sosial həyatda qadın-kişinin bərabərliyini gətirib dində də bərabərləşdirmək düzgün deyil. “Qurani-Kərim”in "Nisa" surəsinin 34-cü ayəsində qeyd olunub ki, Allah- Təala kişiləri qadınlardan üstün yaratdı və üstünlüyə görə kişilərin qarşısında bir çox vəzifələr qoydu. Məsələn, kişilər ağır işləri görməli, ailəyə pul gətirməli, qadınlara xərcləməlidirlər və s... İslamda qadınlarla kişilərin sosial həyatda iştirakı, ibadəti çox aydın şəkildə “Qurani-Kərim”də tənzimlənir.

O ki qaldı müasir dövrə, “Qurani- Kərim”də Allah -Təala buyurur, ya Peyğəmbər səndən qadınlar haqda fitva istəyəndə sən de ki, qadınlar haqda fitvanı “Qurani-Kərim”də Allah- Təala verib. Yəni, qadınlar haqda heç bir dini lider, heç bir dini idarə yeni fitva verə bilməz. Bu haqda hökmlər yalnız “Qurani-Kərim”dədir və bunları heç kim dəyişdirə bilməz. Bunu dəyişdirilməsi “Quran”ı dəyişdirmək deməkdir. Ona görə də qadınlarla kişilərin birgə namaz qılması məsələsi də İslama tamamilə  zidd hərəkətdir. Bunun qadın və kişi bərabərliyinə aidiyyatı yoxdur”.

“Hətta Kəbəyə öz qadınınla belə gedirsənsə, onunla bir yerdə qala bilməzsən”

Kəbə ziyarətində qadınlarla kişilərin birgə namaz qılınmasına gəlincə, Sərdar Cəlaloğlu qeyd edib ki, Allahın yerdə üç evi var - onun biri insanın öz qəlbidir, biri məscidlər və Kəbədir: “Kəbə bu dünyada axirəti- o yeri ki insanlar hamısı qarşılaşacaq - simvolizə edir. İstər kişi, istərsə də qadın olsun, onların hamısı ruh kimi şeylərdir. Ruhun dişisi, erkəyi yoxdur. Hətta Kəbəyə öz qadınınla belə gedirsənsə, onunla bir yerdə qala bilməzsən. Kəbədə, yəni Allahın o evindəki ibadət ruh ibadətidir, bədənlərin ibadəti deyil.

Kəbə bizim anladığımız adi məscid deyil. Bu birilər də Allahın evidir. Amma Kəbə Allahın tək evidir. Allah- Təala buyurur ki, Kəbəni ziyarət edərkən axirət günü Allahla görüşəcəyinizi  yadınıza salarsınız. Amma məscidlərə gündəlik həyatımızda Allahla rabitə yaratmaq məqsədilə gedilir. Kəbədə ayinlər var, məscidlərdə hansı ayini icra edirsiniz? Fikir verirsizsə, Kəbədə hamı paltarını çıxarır, qadın-kişi ağ paltar, yəni ehram geyirlər. Ehram kəfən kimidir. Yəni, insanlar artıq Kəbədə ruh kimi çıxış edirlər”.

“İbadət əsnasında qadınlar görünməməlidir”

İlahiyyatçı Tural İrfanın sözlərinə görə, məscidlərdə kişilərlə qadınların birgə namaz qılması mümkündür: “O şərtlə ki, arada bir pərdə və ya maneə olsun. Yəni, bir-birlərini görməməlidirlər. Qadınlar kişilərin arxa tərəfində durmalıdır. İslamda bu şəkildə qeyd olunub. Qarışıq şəkildə, yəni kilsədə olduğu kimi ibadət etmək şəriətdə qadağandır. Qeyd etdiyim kimi, bir yerdə qıla bilərlər. O şərtlə ki, qadınlar arxada dursun və ara bölünsün. İbadət əsnasında qadınlar görünməməlidir. Məsələn, xristianlarda fərq etmir, kilsədə qadın-kişi yanaşı ibadət edirlər.

İslamda məsciddə ibadət edən kişi və qadının bir sırada durması qəti qadağandır. Yəni, Peyğəmbərin dövründə bu olmayıb. Təbii ki, arxa sırada qadınlar duranda kişi dönüb arxaya baxmır. Bu baxımdan problem yoxdu. Bu mənada “birgə ibadət etmək olmaz” deyilir. Bunun da səbəbi var. Məscidə gedən hər insan mömin olmur. Qadın-kişi arasında hər hansı xoşagəlməz hal, problem yaranmasın deyə birgə namaz qılmağa icazə verilməyib”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений