Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qarabağ nizamlanmasında YENİ FORMAT: Putin güzəştə gedəcəkmi?



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Soçiyə səfər edəcək. Ərdoğanın Soçidə prezident Putinlə bir araya gələrək, Türkiyənin YPG-nin nəzarətində olan Suriyanın Afrin şəhərinə gözlənilən əməliyyatı, İdlibdəki son vəziyyət və Rusiyadan alınacaq “S-400” zenit raket kompleksləri ilə bağlı müzakirə aparacağı bildirilir. Danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinin də gündəmdə olacağı bildirilir. 

Xatırladaq ki, prezident Ərdoğan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışından sonra V.Putinlə görüşündə Dağlıq Qarabağ problemini müzakirə edəcəyini açıqlamışdı. Rusiyanın bu məsələ ilə bağlı hansı mövqe nümayiş etdirəcəyi hələlik məlum olmasa da, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində yeni mərhələ aça biləcəyinə dair ehtimalları ortaya çıxıb. Bəzi siyasi müşahidəçilərin fikrincə, Avropa ilə Asiyanı bir-birinə bağlayan Bakı-Tiflis-Ərzurum və Şimal-Cənub nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi Azərbaycan, Rusiya və Türkiyəni bir qədər də yaxınlaşdırıb. Həmçinin, bölgədəki tranzit enerji və nəqliyyat qovşağının mərkəzinə çevrilməsi Azərbaycanın geostrateji əhəmiyyətini artırıb. Ona görə də ABŞ, Avropa, Rusiya, Türkiyə, İran, Çin kimi böyük siyasi güclərin Azərbaycan üzərində geoiqtisadi və geopolitik rəqabətinin artması Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirsiz ötüşməyəcək. Rusiya-Türkiyə-İran ittifaqının Yaxın Şərqdə və Suriya müharibəsində qalib gəlməsi  Qara dəniz və Cənubi Qafqaz regionunda mövqeyinin güclənməsinə yol aça bilər. Bu yanaşmanın tərəfdarları hesab edir ki, Kreml Bakı-Tiflis-Qars dəmiryolu xəttindən istifadə imkanları artan Qərbin və NATO-nun Cənubi Qafqazda təsirinin qarşısını almaq üçün Azərbaycana bir sıra güzəştlərə gedəcək. 
ABŞ başda olmaqla Qərbin sıxışdırılmasına çalışan Rusiyanın Azərbaycanla yaxınlaşması bölgənin siyasi xəritəsini dəyişəcək nəticələr doğura bilər. Belə ki, Moskvanın Qərbin nəzarətində olan enerji və nəqliyyat dəhlizini təsir dairəsinə salmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərinin, ən azı Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonların qaytarılmasına razılıq verəcəyi iddia olunur. 

Ancaq Rusiyanın Dağlıq Qarabağ məsələsində güzəştə gedəcəyinin inandırıcı olmadığına dair rəylər də mövcuddur. Bu mövqedən çıxış edən politoloqların qənaətincə, Tükiyənin son illər Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurması əslində Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın əleyhinə işləyən bir amilə çevrilib. Qərbin təzyiqləri Ərdoğan iqtidarını Rusiya ilə getdikcə daha çox yaxınlaşdırır. Ankaranın bu mövqeyi Suriya böhranında Kremlə siyasi dəstək verilməsi, hərbi və enerji sahəsində əməkdaşlığın artması ilə müşahidə olunur. Ona görə də Türkiyə rəhbərliyinin Dağlıq Qarabağ probleminə münasibətdə Rusiyanın maraqlarına zidd gedəcəyi, yəni status-kvonun dəyişməsi istiqamətində addımlar atacağı real görünmür. Rusiya Suriya və kürd problemi ilə bağlı Türkiyə ilə müəyyən kompromislərə gedə bilər. 2016-cı ilin avqust ayında Türkiyə Silahlı Qüvvələrinin şimali Suriyada “Fərat qalxanı” əməliyyatına başlaması, eləcə də bu il sentyabrın 25-də İraqda Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumuna münasibətdə Rusiya Türkiyənin maraqlarına zidd getmədi. Çünki həmin bölgələr Rusiya sərhədlərindən uzaq bölgələri əhatə edir.

Lakin Yaxın Şərqdən fərqli olaraq, Cənubi Qafqaz Rusiya üçün “yaxın xaric” hesab edilir. Ona görə də V.Putinin Soçi danışıqlarında Dağlıq Qarabağ problemi ilə bağlı hər hansı güzəştə getməsi ehtimalı çox azdır. Rusiya və Türkiyə prezidentləri arasında Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair fikir mübadiləsinin aparılması hələ Moskvanın güzəştə getməsi anlamına gəlmir. Türkiyə prezidenti ən yaxşı halda Rusiya ilə Azərbaycan arasında ortaq məxrəcin tapılması üçün vasitəçilik missiyasını yerinə yetirə bilər. Burada yeni məqam Ermənistanın rəyi nəzərə alınmadan münaqişənin Rusiya-Türkiyə-Azərbaycan formatında nizamlanması mexanizminin tapılmasından ibarətdir. Ancaq həmin formatın baş tutması Rusiyanın irəli sürəcəyi siyasi şərtlərin yalnız rəsmi Bakını deyil, Türkiyənin geosiyasi maraqlarına da cavab verməsindən asılıdır. Qərbin Cənubi Qafqazdan sıxışdırılması, Rusiyanın və İranın bu bölgədə strateji mövqeyinin güclənməsi, nəqliyyat və enerji dəhlizlərinə nəzarətin Moskvanın əlinə keçməsi Türkiyənin təhlükəsizlik maraqları üçün təhdid yaradır. Kreml Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qaytarıllması müqabilində Rusiya qoşunlarının sülhməramlı mandatla Azərbaycan ərazisinə yerləşdirilməsini təklif edir ki, Ankaranın bununla razılaşacağını demək olmaz. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə, Putinin Soçi görüşündə hər hansı güzəştə gedəcəyini hazırkı şəraitdə söyləmək qeyri-mümkündür: “Qarabağ məsələsi Rusiyanın Cənubi Qafqazı nəzarət altında saxlaması üçün ona geniş manevr imkanları tanıyan bir münaqişədir. Təbii ki, qardaş ölkə olaraq Türkiyə tam gücü ilə bu problemin ədalətli həllinə çalışır. Lakin unutmaq olmaz ki, Moskva da bu münaqişədə status-kvonun saxlanılmasında maraqlıdır və heç bir halda münaqişə edən tərəflərə təsir imkanlarını itirmək istəmir. Bu səbəbdən Rusiyanın indiki məqamda Azərbaycanın xeyrinə Ermənistanı hər hansı bir güzəştə vadar edəcəyini düşünmürəm”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений