Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qarabağ qazisi: “Müharibədən sonra ağac dibi təmizləyən əsgərlərə komandirlik etdim” - MÜSAHİBƏ



Qarabağ savaşının odlu-alovlu günlərini, səngər xatirələrini ürəyinin dərinliklərində daşıyan, həmin illərin əbədi xatirəsi kimi bədənində düşmən silahından atılan gülləni, mərmi qəlpəsini gəzdirən insanlarımız kifayət qədərdir.Müsahibim belə insanlardan biri, Qarabağ qazisi Malik Əkbərovdur.Döyüş yoldaşları Maliki “Rembo” kimi tanıyır.Özü də bu ləqəbi ona Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov verib.Generaldan bu ləqəbi kiçik qüvvələrlə düşmən arxasına keçərək sarsıdıcı zərbələr vurmasına görə alıb.

(Yazının əvvəlini buradan oxuyun)

-Ən yadda qalan döyüşünüz, yəni düşmənlə təsadüfən üz-üzə gəldiyiniz anlar olubmu?

-Dağlıq, meşəlik ərazidə aparılan döyüşlərdə belə hallar çox olur. Bir gün Kasabet dağının üstündə 8 nəfərlə birgə rabitə maşını yerləşdirmişdik.Tapşırıq Kəlbəcər-Ağdam-Ağdərə arasında rabitənin təşkili idi.Çünki həmin vaxtlar Ağdam tərəfdən bizə yaxşı artilleriya dəstəyi gəlirdi.Yəni bizim vura bilmədiyimiz mövqeləri Ağdam istiqamətindən vururdular.Bütün cinahlar normal irəliləyirdi.İrəlilədikcə də artilleriya mövqelərin dəyişməli olurdu.Həmin vaxt Zaur Rzayevin komandirlik elədiyi 701 saylı hərbi hissə də çox bir cinahdan düşmənə layiqli zərbələr vururdu.Qarşı tərəfdə Kasabet, yan tərəfində Maxratax, aşağıda isə Meçhen kəndiydi.2 əsgərlə kəndə tərəf düşdüm ki, müşahidələr aparım.Kəndə yaxın yol ayırıcı var. Ora üzü biz tərəfə təzə geyimli 5 həbçi ilə rastlaşdım.Digərləri oturmuşdular, biri pulemyotu yola tərəf tutmuşdu.Bunlara yaxınlaşanda pulemyotçudan başqa dördü geri çəkildi. Ucadan “Salam” dedim. Bizim dildə cavab verdilər.“Yevlax batalyonundansınızmı" -deyə sual verdim. Arxadan salamımı alan biri “Bəli, bəli”, deyib, bir az da geri çəkildi. Elə hesab elədim ki, yolun mühafizəsini təşkil edirlər.Deyinməyə başladım ki, bunlara bax e, yolu mühafizə edirlər pulemyotları var. Amma biz dağın başındayıq, bir dənə də olsun bizə pulemyot verməyiblər.Qalxdım yuxarı. Komandirlə əlaqə saxlayıb gördüklərimi dedim. Komandir mənə bizim orada əsgərimizin olmadığını böyük ehtimalla onların düşmən kəşfiyyatı olduğunu bildirdi.Çünki ora yaxın ərazidə bizim “Qrad” qurğularımız var idi.Erməni həmin “Qrad”ların haradan atdığını tapa bilmirdilər.Mən cəld iki əsgər götürüb meşəylə həmişə su götürdüyümüz bulağa tərəf getdim.Təxmin eləmişdim ki, onları bulaq tərəfdə qabaqlaya biləcəyəm.Əsgərlərim məndən arxadaydı.Birdən həmin kəşfiyyatçı qarşıma çıxdı.Bir-birimizin üzünə baxdıq.Baxdım ki, onun avtomatı aşağıdır.Amma məndə ona sarı tuşlanmışdı.Avtomatın sandıqçasında olan güllənin 20-sini onun sinəsinə doldurdum.Onun ağacın dibində yerə yıxılmağın görmüşdüm ki, aləm qarışdı bir-birinə.Deməli, ətrafımız meşəli dağlar və hər tərəfdən üstümüzə güllə yağır. Haradan kim tərəfindən atəşə tutulduğumu bilmirdim. Səs gələn tərəflərə atəş açdım. Daha sonra həmin erməni ölən tərəfdən bir az arxada düşmən kəşfiyyatçılarını gördüm. Əsgərin biri atəş açırdı, amma digərinin silahından səs gəlmirdi.Orada xeyli atışdıqdan sonra düşmənin biri də yaralandı.Onlar meşənin dərinliklərinə çəkilib gözdən itdilər.Həmin ölən kəşfiyyatçının yanına gəlib silahını götürdüm.Xarici istehsalı avtomat idi.Güllələrinin başlığında qırmızı, qara xətt varıydı.Sonradan məlum oldu ki, həmin güllələr iki dəfə partlayır.Həm qəlpə saçır, həm də qarşı tərəfi çaş-baş salır. Yəni atəşin haradan açılmağını hiss etmək olmur. Elə bilirsən ki mühasirədəsən... O silahı da, düşməninin üstündə olan rabitə cihazını da, cibindən götürdüyüm xəritəni də götürüb qərargaha gəldim. Digər əməliyyatlarımı barədə soruşub mənə “Rembo” ləqəbini verdilər.Həmin gündən sonra mən hərbi hissənin minaatan batareyasının komandiri təyin edildim.

-Gənc əsgərlərin döyüş hazırlığı hansı səviyyədə idi?

-Döyüş hazırlığı yaxşı deyildi. Kimi dindirirdin “stroybat”da xidmət elədiyini deyirdi. Savadlı kadrlar az idi. Bu da cəbhəyə gələn gənc əsgərlərin, könüllülərin təlimatlandırılmasında çətinlik yaradırdı. Heyəti təhvil alan kimi ən ön cəbhəyə gedib orada tabeliyimdə olan bütün əsgərlərə təlim keçirdim. Batareyamın döyüşünü Seyidağa Mövsümlü ilə Şəmistan Əlizamanlı lentə almışdı.Həmin əməliyyat bir həftə sürməyinə baxmayaraq uğurlu alındı və biz Çıldıran ərazisini düşməndən azad edib orada mövqe tuta bildik.Sonra Sırxavənt tərəfdə olan düşmən mövqelərini vurmağa başladıq.Və orada mina partlaması nəticəsində mən və iki əsgərim ağır yaralandıq.İki əsgərimsə şəhid oldu.

-Bəs döyüş vaxtı komandir səhvləri ilə rastlaşırdınız? 

-Bəli, kifayət qədər... Belə hallar həmişə ya mövqe ya da canlı qüvvə itkisi ilə nəticələnirdi.Bir dəfə yaralı vəziyyətdə cəbhənin Ağdərə istiqamətində tək qalmışdım.Yanımda cəmi bircə əsgər varıydı. O da məni qoyub getməyəcəyimə söz vermişdi. Gəncə batalyonu cinahı qoyub geri çəkilmişdi.Mən rabitə ilə çıxıb dəfələrlə çağırdım ki, mövqelər boşdur.Ərazidə bir dənə də olsun erməni yoxdur.Bura qüvvə göndərin. Lənkəran Əliyev rabitə ilə mənə dedi: “İndi mən hardan bilim ki, səni erməni tutmayıb. Mən ora qüvvə göndərə bilmərəm”.Bundan başqa bir dəfə də Ağdərə rayonunun digər ərazilərində Elbrus Orucov böyük qüvvə ilə dayanmışdı.Baxdım ki, o rabitədə ciddi mübahisə düşüb.E.Orucov deyirdi ki, əgər mənə kömək gəlməsə, tabeliyimdə olan bütün texnikaları məhv edib Murov dağı ilə qaçıb çıxacam burdan. Götürüb rabitədən əsəbi şəkildə dedim ki, sən duran əraziyə bir nəfərə olsun erməni gəlib çatmayıb. Çünki həmin ərazilərə gedən yolu mən iki 120 mm-lik minaatanla kəsmişdim.Oradan düşmənin keçməsi mümkünsüz idi. O mənə “səninlə sonra danışacağam...” deyib əlaqəni kəsdi. Daha sonra mən Abukər Mirzəyev adlı bir zabitin dəstəsi bizim arxa mövqeləri, yəni texnikalarımızın hərəkət yolunu minalaya-minalaya geri çəkilirdilər. Onlara da mane ola bildim. Bir dəfə də minaatanlarla mövqelənmək istəyən düşməni atəşə tutdum.Ərazidə mövqelənməyə imkan vermədim.Sabahı gün xəbər verdilər ki, qərargaha getməliyəm. Getdim, hərbi hissə komandiri üstümə qışqırdı ki, xeyir ola, mərmini boş yerə atırsan?! Mən ona atışımın səbəbini və nəticələrini izah etsəm də, iki əsgərimi həbs etdirdi.Yəni belə hallarla çox rastlaşmışam.Hesab edirəm ki, bunların hamısı qüvvələr arasında rabitəsizliyin təcəssümü idi.

-Bəs elə olubmu ki, döyüş zamanı uğurlarınızı başqasının adına çıxsınlar? 

-Bəli, olub. Bir dəfə Şəmsi adlı döyüş yoldaşımla müşahidə aparırdıq.Birdən Şəmsi qoluma vurdu ki, komandir tanklara bax. Baxdım ki, 2 tank, 7 “BMP” ilə düşmən üstümüzə gəlir. Doğrusu mən heç vaxt ermənilərdə hücum zamanı 1 tank və 1 “BMP”-dən artıq texnika görməmişdim.Artilleriya ilə əlaqəyə girdim.Onlar bizdən koordinat istədilər.Mən öz durduğumuz yerin koordinatını verdim.Çünki durduğumuz yerin qarşısından keçəcəkdilər.Həmin döyüşdə mən qumbaraatanla düşmənin 2 “BMP”-sini vurdum.Həmin yanan “BMP”-lərin içərisində yanan erməni hərbiçilərinin vahiməli qışqırtısı hələ də qulağımda qalıb.Bundan başqa Şəmsi mənim atdığım qumbaratanın alovundan xəsarət almışdı.Elə bir vəziyyət yaratdıq ki, düşmənlər çaş-baş qalıb özlərinin minalı ərazilərinə girdilər.Orada da bir tankları 2 “BMP”-ləri məhv oldu. Həmin döyüşdən xəbər tutan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Sərdar Həmidov yanına çağırtdırıb mənə 75 000 pul mükafatı verdi. Həmin pulu yaralanan, imkanı olmayan əsgərlərimə verdim. Sonra Şəmsi məni çağırdı ki, komandir, bir bax ey, bizim bu döyüşü qəzetdə Tərtər batalyonunun adına yazıblar. 

-Ümumilikdə neçə dəfə yaralanmışdınız?

-3 dəfə yaranlanmışam. Sonuncu dəfə kəşfiyyat-diversiya əməliyyatı zamanı yaralandım.Artilleriyadan sonra kəşfiyyat komandiri vəzifəsini də icra etdim.Müharibə qurtarana qədər orada çalışdım.Ən yadda qalan diversiya əməliyyatlarımın birini 14 nəfərlə digərini 25 nəfərlə həyata keçirmişəm.14 nəfərlə həyata keçirdiyim əməliyyat zamanı düşmənin xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi çadırları məhv elədik.Bir nəfər də olsun, salamat qalmadı.İkinci əməliyyatda isə pusquya düşdük.Amma əməliyyat uğurla həyata keçdi.Ayağımdan qəlpə yarası almağıma baxmayaraq orada bir nəfər də olsun nə yaralı, nə də şəhid qalmasına imkan vermədim.

-Ümumilikdə, müharibədə iştirakınızdan peşimansınızmı?...

-Xeyr. Qətiyyən peşman deyiləm. Amma müharibə bitəndən sonra bəzi şeylər baş verdi ki, onları indi də həzm edə bilmirəm. Məni aparıb korpusda işlə təmin eləmişdilər.İşim isə ağac dibi təmizləyən əsgərlərə komandirlik eləmək idi.

Elgün Gəncimsoy 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений