Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Qarabağ separatçıları axtarışa verilə bilər?



İspaniya hökuməti Kataloniya separatçılarına cinayət işi başladıb. Separatçılar cinayət işi açıldıqdan sonra ölkədən qaçıblar. İspaniya hökuməti onları beynəlxalq axtarışa verib. Azərbaycan da Dağlıq Qarabağ separatçılarını beynəlxalq axtarışa verə bilərmi? Qeyd edək ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan və keçmiş dövlət başçısı Robert Koçaryanın Azərbaycana qarşı törədilmiş cinayətlərdə əli var. Xocalı soyqırımının baiskarları da bu şəxslərdir. Separatizm hərəkatının başında da onlar dayanıb.

Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan Dağlıq Qarabağda separatizim adı altında həyata keçirilən işğal faktına görə cinayət işi qaldırmalıdır:

“Artıq belə bir cinayət işi vardır. Xocalı faicəsi artıq bir çox dünya dövlətlərinin parlamentində soyqırım hadisəsi olaraq tanınıb. Bunun özü də Azərbaycana imkan verir ki, bilavasitə beynəlxalq təşkilatlara və xüsusilə də insan haqları ilə bağlı məhkəməyə müraciət etsin. Sadəcə olaraq Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinə ona görə müraciət edə bilmir ki, nə Azərbaycan, nə də Ermənistan bu məhkəmənin üzvü deyillər. Bu cinayət işi qaldırılmış olsa belə, Dağlıq Qarabağda Kataloniya ilə müqayisədə fərqlilik var. Bu fərqlilik təkcə Kataloniyada gedən proseslərlə bağlı deyil. Post-sovet məkanında mövcud olan və Rusiyanın əli ilə yaradılan bütün münaqişələrdə birmənalı olaraq ərazi bütövlüyü prinsipi Qərb dünyası tərəfindən dəstəklənir. 

Zamanında Osmanlı imperiyasını dağıtmaq üçün ABŞ prezidenti Nilson tərəfindən ortalığa atılmış “xalqların öz müqəddəratını təyinetmə prinsipi”ni bu gün Dağlıq Qarabağ münaqişəsinə tətbiq edirlər. Düşünürəm ki, artıq Kataloniya prosesindən sonra Azərbaycan dərhal hərəkətə keçməlidir. ATƏT-in Minsk Qrupu bu prosesə yanaşma tərzini dəyişdirməlidir. Çünki Kataloniya hadisəsində Avropa Birliyi ölkələri yalnız İspaniyanın konstitusiyasını əsas götürdülər. Əgər belədirsə, Azərbaycan konstitusiyası da bu məsələdə əsas olmalıdır”.

“İşğal və separatizm fərqli anlayışlardır”

N.Miri hesab edir ki, Azərbaycanda Avropa Birliyindən Kataloniyaya göstərilən münasibətin eynisini Dağlıq Qarabağa da göstərməyi tələb etməlidir:

“Azərbaycanın bu məsələdə daha bir üstünlüyü var. Kataloniyada yalnız separatizm dalğası var. Azərbaycanda isə separatizm yoxdur, Ermənistanın Azərbaycan ərazilərinin işğal olunması faktı var. Bunlar da bir-biri ilə müqayisə olunmaz dərəcədə fərqlidir. Hər bir halda işğal və separatizm fərqli anlayışdır. Qarabağ savaşında 10 minlərlə insan tələf olub. Ancaq Kataloniyada 1 nəfərin belə burnu qanamayıb. Ona görə də beynəlxalq hüququn tələbinə uyğun olaraq işğal faktı dərhal aradan qaldırılmalıdır. Özü də qeyri-şərtsiz. Köhnə Madrid prinsipləri əsasında yenidən Ermənistan prezidenti ilə görüşüb, münaqişəni müzakirə etmək çox böyük yanlışdır”. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Kataloniya separatçılarının cəzalandırılması separatizmə qarşı İspaniyanın atdığı siyasətin məntiqli nəticəsidir:

“İspaniya hakimiyyəti katalon separatçı liderini beynəlxalq axtarışa verib. Avropanın İspaniyaya verdiyi siyasi dəstək nəticəsində separatçıların həbsinə order verilib. Bu presedenti Azərbaycan Qarabağ separatçılarına qarşı həyata keçirməyə hüquqi əsasları var. Qarabağ müharibəsinin əsas iştirakçıları Serj Sarkisyan və Robert Koçaryanda Azərbaycana qarşı separatçı müharibə başladıb, ölkəmizin ərazi bütövküyünə qəsd edib. Azərbaycan beynəlxaq təşkilatlar çərçivəsində Qarabağ separatçılarının iştirakçılarını beynəlxaq axtarışa verə bilər. Gərək Azərbaycana ciddi şəkildə siyasi və hüquqi dəstək verilsin ki, bu hüquqi prosesi apara bilsin. Ən azı Koçaryana qarşı bu hüququ prosesi başlamaq olar”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений