Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qazın olmamasının səbəbi bilindi: Bizdən kəsib xaricə satırlar



Yaz gəlib, havalar isinsə də yenə evlərdə qaz kəsilir, təzyiq aşağı düşür.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli bunun səbəblərini izah edərkən bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə təbii qaz ixracını 11 faiz artırıb:

İqtisadçı bunu müsbət qiymətləndirərək qeyd edib ki, ixracatımız artsa yaxşıdır, onsuz da ölkədə qeyri-neft sektoru, elə qaz sektorudur:

“Amma məlum olur ki, yanvar-aprel aylarında Azərbaycanda əmtəə qazının hasilatı 10,8 faiz azalıb. Burda insan düşünməyə məcbur olur, necə olur ki, qazın hasilatı azalır, amma ixracatımız artır? Ola bilməz ki, həmişə vətəndaşını düşünən hökumət (həqiqət olsa necə də qulağa-gözə xoş gələrdi), onun qazını kəsib, təzyiqini salıb, qənaət edib xaricilərə qaz satsın?! Həqiqət olsa da, insan bunu düşünmək belə istəmir. Bəs ölkə qeyri-neft sektoru olan qaz sektorundan nə qədər pul qazanıb? Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 342 milyon 922,61 min ABŞ dolları dəyərində 1 milyard 893 milyon 203,57 min kubmetr təbii qaz ixrac edib. Yəni, 1000 kubmetr qazı xaricə 180 dollara satmışıq, ümumi yanaşanda pis deyil. Yəni əhaliyə satılan qiymətdən bahadır, məhz ona görə də bizdən kəsib xaricə satırlar”.

Ekspert onu da əlavə edib ki, bir qədər araşdırmadan sonra məlum olur ki, heç demə SOCAR birinci rübdə Rusiyadan 800 milyon kubmetrə yaxın qaz alıb:

“Yəni, Azərbaycan o qədər xarici öhdəlik götürüb ki, əhalidən kəssə belə öhdəlikləri yerinə yetirə bilmir, Rusiyadan da qaz alır. Ola bilər, alveri yaxşı bacarırıq, amma Rusiya ən ucuz qazı Ermənistana satır, o da 1000 m3-i 190 dollardır. Bizə neçəyə satması məlum deyil, məlumat “kommersiya sirri” adı altında gizli saxlanılır, amma bəzi mənbələr qiymətin 205-210 dollar olduğunu deyir. Deməli, Azərbaycan hökuməti 210 dollara Rusiyadan aldığı qazı Gürcüstana və Türkiyəyə 180 dollara satır. Əla biznesdir, ziyana düşsələr də əlləri pulla oynayır. Həm də ziyanı hər zaman camaatın belindən çıxartmaq olar axı, sakit camaatdır, belini büküb, başını aşağı salıb çörəkpulu qazanır”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений