Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qəbiristanlıq yanında musiqi haramdırmı?- İLAHİYYATÇI AÇIQLADI



Çoxlarının ruhun mənəvi qidası adlandırdığı musiqini bəzi din adamları islama görə günah sayır.

Musiqinin haram olması ilə bağlı İslamda hər hansı bir qaynaq yoxdur. Heç Qurani-Kərimdə də bu barədə fikir yoxdur. Bəzi təfsirçilərə görə İslamda musiqi haramdır, Allahı unutdurur, bəzi ilahiyyatçılar isə bu fikirlə razılaşmır.

“Quranda musiqinin haramlığına dair qəti bir hökm yoxdur”

İlahiyyatçı Tural İrfan “Cümhuriyət” qəzetinə açıqlamasında musiqini ruhun qidası kimi qəbul etdiyini bildirib. O hesab edir ki, qəbiristanlıq yanından keçərkən musiqini söndürməyin heç bir dini mənası yoxdur: “Əksinə, səsi ucaltmaq lazımdır ki, qoy mərhumların ruhları da şad olsun. Quran və əzan da musiqi üstündə oxunur. Ləhni-Davud məşhurdur. Davud peyğəmbər Zəburu nəğmə olaraq oxuyardı. Evliya Çələbi yazır ki, Musa peyğəmbər çobanlıq edərkən ney ifa edərdi. Muhəmməd əleyhissəlam Məkkədən Mədinəyə hicrət edərkən onu qarşılayan Mədinə əhli qaval çalıb nəğmələr oxuyurdular. İslam filosoflarından İbn Sina özünün çoxcildlik “Qanun” kitabında ürək-qan-damar və psixoloji xəstəliklərin müalicəsində musiqinin əvəzsiz rolundan bəhs edib. Qurani-Kərim özü ləhnlə, yəni, avazla oxunur. Hətta bu avazların xüsusi formaları, məqamları da vardır. Musiqinin haramlığı xüsusunda alimlər fərqli fikir söyləyir. Bir qismi bütövlükdə musiqini haram hesab edir.

Bir qismi isə heyvani və şeytani, nəfsani, şəhvani hisslərə təhrik edən rep, rok kimi musiqi növlərini qadağan hesab edirlər. Bir qismi də qadağanı musiqilərdə yox, alətlərdə axtarır, onlar saz və tar kimi simli alətləri haram sayırlar. Hesab edirəm ki, sonuncular yanılırlar. Çünki pianonu halal sayırlar, sazı haram. Halbuki pianoda olan simlər sazdan daha çoxdur. Sadəcə, daxilindədir, görünmür. Yəni, belə fətvalar səthi və zahiridir. Quranda musiqinin haramlığına dair qəti bir hökm yoxdur. Ancaq boş işlər, Allahdan uzaq salan əməllər qadağan olunur. Bir qisim din xadimləri də musiqini Allahdan uzaq salan əməl adı ilə naxoş qarşılayır. Bu barədə peyğəmbər və imamlardan nəql edilən hədislər də vardır. Bu hədislər də ğina (zəngulə vuraraq əcaib səs çıxarmaq) adlanan, şeytani hisslər yaradan və insanı dünyaya bağlayan musiqini, eyş-işrət çalğılarını və alətlərini qadağan edir. Ancaq musiqi bu gün ölkələrin, xalqların mədəniyyətinin bir hissəsidir”. 

Əgər dünyasını dəyişən şəxs sağlığında musiqi həvəskarı olubsa, nə üçün öləndən sonra onu bu səsdən məhrum edirik?

Tural İrfan hesab edir ki, normal xalq musiqisi insanı daha da Allaha yaxınlaşdırır və onu ülviləşdirir: “Musiqi dinləyən və ifa edən şəxslər əksər zamanlarda humanist olurlar. Qəddarlıq və qabalıq onlardan uzaq olur. Əksinə, din əhli musiqini yasaq bildiyi üçün dində ixtilaf, nifaq, qəddarlıq, sərtlik kimi mənfi hisslərin təsirinə düşürlər. Ğina səslə oxunan musiqi və qadının kişi üçün oxuduğu nəğmələr isə şəhvət və ehtirasa təhrik edərsə, qadağandır. Qadına qadın, kişiyə isə həm kişi, həm də qadın qulaq asa bilir. Ölülərə gəldikdə isə, əgər mərhum sağlığında musiqi həvəskarı olubsa, nə üçün öləndən sonra onu bu səsdən məhrum edirik? Qəbiristandan keçərkən musiqini söndürməyi ölüyə hörmət hesab edirlər. Bu necə hörmətdir ki, həmin qəbiristanın yanında əlli oyundan çıxanlar heç demir ki, mərhumlardan ayıbdır? Ancaq musiqiyə gələndə olmaz. Dində belə bir hökm və adət yoxdur. Hətta mən ərəb ölkələrinin birində müqəddəslərin məzarı, hərəmi qarşısında baş tutan üçgünlük çalğılı toy məclisində iştirak etmişəm.

Bu adət digər müsəlman ölkələrində yoxdur. Əgər musiqi haram, qəbahət, günah bir əməl deyilsə, niyə qoymursuz mərhumlar da dinləsin? Ancaq dərin təfəkkürlü din üləmamız bunu qəbul edir. İslam Universitetində tələbə olduğum illərdə rayonların birində tanınmış bir qocaman seyidin görüşünə getmişdim. Onunla gecə saatlarında qəbiristanlıq yanından keçərkən avtomobil xarab oldu. Bu zaman maşında gözəl bir muğama qulaq asırdıq. Sürücü təmir üçün yerə düşəndə qəbirləri görüb musiqini söndürmək istəyəndə böyük alim etiraz edərək dedi: “Muğam Allahın bu xalqa verdiyi bir nemətdir, o bizim həm ölümüz, həm də dirimiz üçündür. Qoy onların da ruhları şad olsun”.

Onun ruhu şad olsun, indi dünyasını dəyişib. Musiqi insan üçün mənəvi qidalardan biridir. Əgər alətlərlə çalğını haram saysaq, onda quşların səsi, bülbülün nəğməsi eşidiləndə necə, qulaqlarımızı tutmalıyıqmı? Meşədə küləyin səsi ilə quşların səsi xüsusi simfonik harmoniya yaradır ki, bu da musiqidir. Mələk Cəbrail də Quranı avazla nazil etməyibmi? Mövhumatçı ruhanilər belə şeylərlə müsəlmanları geri saldı. Azərbaycanın qərb rayonlarında və xüsusən qərbi azərbaycanlılar və Borçalı mahalının camaatı saza-sözə, milli ruha daha qədimdən və daha dərindən bağlı olduqları üçün yaşlılar vəsiyyət edir ki, mən dünyanı tərk edəndə üstümdə saz çalınsın. Çox zaman mollalar buna imkan vermirlər. O cümlədən, xalq şairimiz mərhum Zəlimxan Yaqubun məzarı başında Aşıq Ədalət Dəlidağlının saz çalması buna bir misaldır. Şəriətə görə vəsiyyət mütləq icra edilməlidir. Vəsiyyətə əməl etməmək böyük günahlardandır. Ancaq vəsiyyət islam qanunları ilə qadağan olunmuş bir əməlsə, ona riayət edilmir. Mərhumun vida mərasimində Quran tilavətindən və vacib işlərdən sonra bunu icra etmək olar”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений