Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qlobal böhranın səbəbi - SİLAHLANMA



Qlobal silahlanma indeksinin son illər üzrə göstəricilərinə diqqət yetirdikdə, beynəlxalq münasibətlər sistemində hərbi rəqabətin artması müşahidə olunur. Bəzi siyasi ekspertlər isə hesab edir ki, son illər ardıcıl baş verən qlobal iqtisadi böhranların səbəblərindən biri də dünya ölkələri arasında hərbi xərclərin və silahlanmanın artmasıdır. Lakin iqtisadi böhranların özü də sonradan dövlət büdcələrinin kiçilməsinə, yəni hərbi xərclərin azalmasına gətirib çıxarır. Stokholm Beynəlxalq Hərbi Araşdırmalar İnstitutunun hesabatına görə, əgər 2008-2010-cu illəri əhatə edən qlobal iqtisadi böhrandan əvvəl dünyanın aparıcı 100 silah şirkətinin satış həcmi 8 faiz təşkil edirdisə, böhran baş verdikdən sonra, yəni 2010-cu ildə həmin rəqəm 1 faizə düşüb.

2011-ci ildə dünyadaya hərbi xərclərin həcmi 0,3 faiz artaraq 1, 74 trilyon dollar təşkil edib. Almaniyanın DAPD nəşrinin yazdığına görə, ABŞ və Avropa ölkələri hərbi büdcəni azaltdığı halda, Rusiya və Çin silahlanmaya daha çox vəsait yönəldib. 2010-cu ilə dair məlumatda bildirilir ki, hərbi xərcləri 9,3 faiz artıran Rusiya Böyük Britaniyanı və Fransanı geridə qoyaraq 3 cü yerə qalxıb. Hərbi sahəyə ayrılan vəsaiti 6,7 faiz genişləndirən Çin isə  bu göstəricini  143 milyard dollara çatdırıb.

SIRPI-nin açıqlamasına görə, 2007-2012-ci illərdə dünyada silahların ən çox istifadə olunduğu Suriyanın hərbi xərcləri 24 faiz artıb. Suriyanın yeganə silah tədarükçüsü Rusiya olub.

2015-ci ildə isə dünya ölkələrinin hərbi xərclərində cüzi artım qeydə alınıb-1 faiz. Qeyd edilən ilə dair məlumatda beynəlxalq miqyasda silahlı qüvvələrə 1,7 trilyon dollar ayrıldığı bildirilir. Əksər ölkələrin hərbi büdcəsi 2014-cü illə müqayisədə demək olar ki, dəyişməyib. Artım isə az ölkədə müşahidə olunub.

Əgər 2008-2010-cu illəri əhatə edən birinci beynəlxalq iqtisadi böhrandan sonra dünya gücləri, o cümlədən, Qərb dövlətləri hərbi xərcləri azaltmaq məcburiyyətində qalmışdı. Almaniya, Fransa, ABŞ, Britaniya, Hindistan və Braziliya büdcəyə qənaət məqsədilə silahlı qüvvələrə ayrılan vəsaitin həcmini aşağı salmağa məcbur oldu. Lakin sonrakı illərdə dünyada hərbi xərclərin yenidən artması müşahidə olunur. Qeyd edilən vəziyyətin yaranmasında dünyada terrorizmin yayılması və fövqəldövlətlər arasında geostrateji qarşıdurmanın dərinləşməsi mühüm rol oynayıb. Yaxın Şərqdə İŞİD terror qruplaşmasına qarşı mübarizə, eləcə də 2015-ci ildə Rusiyanın Krımı və şərqi Ukraynanı işğal etməsindən sonra Qərblə “Soyuq müharibə”nin baş verməsi silahlanmaya ciddi rəvac verdi. Hətta 2015-ci ildə dünya enerji bazarında neftin qiymətinin aşağı düşməsi ilə yaranmış növbəti beynəlxalq iqtisadi böhran dünya ölkələrində hərbi sahəyə ayrılan vəsaitlərin artmasına mane olmadı. Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin professoru Aleksandr Perenciyevin verdiyi məlumata görə, 2015-ci ildə dünyada hərbi xərclərin miqyasına görə birinci yeri 36 faizlə ABŞ tutub. İkinci sırada 13 faiz göstərici ilə Çin qərarlaşıb. Növbəti yerləri 5,2 faizlə Səudiyyə Ərəbistanı və 4 faizlə Rusiya yer alırb. Böyük Britaniya isə 3,3 faiz artımla ilk beşliyi tamamlayıb.

Aleksandr Perenciyevin fikrincə, dünya maliyyə və iqtisadi böhran dövründə həmişə aparıcı dövlətlər hərbi sahəyə daha çox diqqət ayırırlar. Yəni iqtisadi böhranların artması hərbi böhranlar doğurur. Ona görə də hərbi xərclərin həcmi genişləndirilir. Çünki hərbi vasitələrin təkmilləşdirilməsi, inkişafı və silahların alınması üçün investisiyalar tələb olunur.

2016-ci ildə dünya ölkələri hərbi xərclərini 2015-ci illə müqayisədə artırıb. SIPRI –nin hesabatında qeyd edilir ki, hərbi xəclərin ümumi həcmi 2015-ci illə müqayisədə 0,4% artaraq 1,6 trilyon dollar təşkil edib. İlk üçlükdə ABŞ, Çin və Rusiya qərarlaşıb. 2016-ci ildə Amerikanın hərbi xərcləri 611 mlrd dollar təşkil edib. Bu isə 1,7 faiz artım deməkdir. Öz növbəsində Çin 215 milyard, Rusiya isə 69,2 milyard xərcləyib. Ötən il ilk üçlükdə olan Səudiyyə Ərəbistanı neftin qiymətinin aşağı düşməsi fonunda hərbi xərclərə 63,7 milyard dollar xərcləyərək dördüncü yerdə qərarlaşıb.

Bundan başqa ötən il iqtisadiyyatları neftdən asılı olan ölkələrin, Rusiya istisna olmaqla, hamısı hərbi büdcələrini azaldıb. SİRPİ-nin hesabatına görə, ötən il 2015-ci illə müqayisədə Səudiyyə Ərəbistanı özünün hərbi xərclərini 56 faiz, Cənubi Sudan 54 faiz, İraq 36 faiz azaldıb. Həmçinin Anqola, Venesuela, Ekvador və Qazaxıstan da hərbi xərclərini kifayət qədər azaldıb.

2017-ci və 2018-ci illərdə dünya ölkələrinin hərbi büdcəsinin artması müşahidə olunur. Bu da bir neçə amillə bağlıdır. Enerji bazarında neftin qiymətinin sabitləşərək bir qədər yüksəlməsi, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-ın müdafiə xərclərini artırması, NATO üzvü olan ölkələrin ümumi daxili məhsulunda hərbi xərclər üçün ayrılan payın artırılması, İran raket proqramını genişləndirməsi və xarici hərbi əməliyyatlara ayrılan maliyyənin genişlənməsi, İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, İraq, Hindistan, Çin kimi dövlətlərin yenidən müdafiə büdcəsini inkişaf etdirməsi dünyada silahlanmaya ayrılan pul kütləsinin həcminin böyüməsində özünü göstərir.

2017-ci ildə dünya üzrə birinci yeri 642,9 milyard dollar hərbi büdcə ilə ABŞ tutub. İkinci yerdə 192,5 mlrd.dollarla Çin, üçüncü pillədə isə 52,5 mlrd.dollar maliyyə xərci ilə xeyli irəliləyən Hindistan yer alıb. İlk beşliyi 51,2 milyard dollar vəsaitlə Britaniya, və 50,9 mlrd.dollarla Səudiyyə Ərəbistanı tamamlayıb. Rusiya isə 47 milyard dollarla 6-cı mövqedə qərarlaşıb.

Dünya ölkələri 2018-ci il üçün müdafiə xərclərini nəzərəçarpacaq qədər artırıblar. Bu, son 10 ildəki ən yüksək artımdır və "soyuq müharibə"dən sonra rekordun yenilənməsidir. Bunu "Jane’s Defence Budgets"in illik hesabatında ortaya qoyulan rəqəmlər də təsdiqləyir.Britaniyanın analitik IHS Markit mərkəzi tərəfindən hazırlanan hesabatda 105 ölkənin müdafiə xərcləri təhlil edilib. IHS-in təhlili göstərir ki, 2018-ci ildə bütün dünya üzrə müdafiə xərcləri 1,67 trilyon dollar olacaq. Bu da 2017-ci illə müqayisədə 3,3 faiz daha çoxdur.

2018-ci il üçün ABŞ hərbi büdcəsinin həcmi 700 mlrd. dollar nəzərdə tutulub. Bu vəsaitin 634 milyardının Pentaqonun (müdafiə nazirliyi) əsas əməliyyatlarına, 12,3 milyardının KXDR "təhlükəsinin qarşısının alınması üçün" Raket əleyhinə müdafiə üzrə maliyyələşdirilməyə, 4,6 milyardının Rusiyanın Avropa üzrə "qarşısının alınmasına", 66 milyardının ABŞ-ın Əfqanıstanda, İraqda, Suriyada və digər ölkələrdə "hərbi missiyalarına", bir hissəsinin ABŞ-ın Avropa ölkələrindəki fəaliyyətlərinə, 350 milyonunun isə Ukraynaya hərbi yardım üçün ayrılması nəzərdə tutulub.

Rusiyanın 2018-ci ilə dair hərbi xərcləri isə ÜDM-in 2,8 faizi qədər və ya əvvəlki illə müqayisədə 1 milyard dollar azalaraq 46 milyard dollar təşkil edib.

Politoloq Elşən Manafovun sözlərinə görə, sürətlə silahlanma hazırda beynəlxalq ictimaiyyəti düşündürən qlobal problemlər sırasına daxildir. Demoqrafik, enerji resurslarının tükənməsi ilə bağlı problemlər, ətraf mühitin çirklənməsi probemi kimi qlobal məsələlər sırasında dünyanın sürətlə silahlanması da narahatlıq doğurur:“Müasir dövrdə silahlanmaya artıq yüz milyardlarla deyil, trilyon dollarla vəsait ayrılır. Məsələn, İkinci Dünya Müharibəsi bəşəriyyətə 4 trilyon dollara başa gəlmişdi. Hazırkı silahların həm keyfiyyəti, həm də hədəfi vurmaq qabiliyyəti 70 il əvvəlki ilə müqayisədə xeyli güclüdür. Bu günlərdə Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti oldu.Putin açıqlamasında bildirdi ki, Rusiya planetin istənilən nöqtəsini və hədəfini vurmaq qabiliyyətindədir.Rusiya prezidenti onu da qeyd etdi ki, belə silahı əldə etmək üçün ABŞ-a 780-800 milyard dollar pul lazımdır.Doğrudur, bu, Birləşmiş Ştatlar üçün o qədər də böyük vəsait deyil. Amma Birləşmiş Ştatların dövlət borcunun 11 trilyon dollara çatdığını, eyni zamanda, Amerikanın hərbi büdcəsinin bütün dövlətlərin hərbi məsrəflərinə bərabər olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bu gün sosial problemlərin, aclıqla mübarizəyə, humanitar fəlakətlərin qarşısının alınmasına yönəldilməli olan vəsaitlərini sürətli silahlanmaya yönəldiblər. Dünyada xammal mənbələri və satış bazarları uğrunda mübarizə aparan dövlətlər dünyanı təsir dairələrinə bölmək uğrunda mübarizə aparır.Bu qüvvələr ABŞ başda olmaqla NATO-dur.Digər tərəfdə isə Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır.Bura biz Çini, Hindistanı və İran, Türkiyə daxil olmaqla region dövlətlərini də aid edə bilərik.Həmin ölkələrin iddiaları bölgədən kənara çıxır.Bu mənada sürətlə silahlanmaya ayrılan vəsait bir çox qlobal problemlərin həllinə yönəldiləcək maliyyə ehtiyatlarıdır.Təhlükəli məqamlardan biri də nüvə dövlətlərindən sayının 11-ə çatmasıdır.ABŞ və Rusiyanın arsenalında olan nüvə silahları 17 planeti məhv etmək gücünə malikdir.Bu mənada sürətlə silahlanmaya yönəldilən vəsait çox böyükdür.Sözügedən problem Azərbaycana da təsirsiz ötüşməyib. Ermənistanın hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsinin doğurduğu reallıqlar Azərbaycanı 2011-2016-ıcı illərdə Rusiyadan 5 milyard dollar məbləğində silah almağa vadar edib. Halbuki, 5 milyard dolları Azərbaycanda işsizlik probleminin həllinə, sosial problemlərin həllinə, infrastrukturun yenidən qurulmasına yönəltmək olardı.Ancaq Azərbaycan münaqişə vəziyyətində olan ölkə kimi paritet əsaslarını saxlamaq üçün İsraildən, Türkiyədən, Rusiyadan, Pakistandan silah almağa məcbur olur.Ona görə də bu gün dünyanın ən ciddi problemlərindən biri sürətlə silahlanma ilə bağlıdır.Onu da qeyd edim ki, ABŞ-dakı ümumdünya məxfi hökuməti başqa ölkələrin siyasətinə də müdaxilə edir.Beynəlxalq klanların dünyaya nəzarət etmək uğrunda mübarizəsi iqtisadi böhrana gətirib çıxarır.1929-cu ilin beynəlxalq iqtisadi böhranını da həmin klanların mübarizəsi, dünyanı neft, qaz, qızıl sərvətlərinə yiyələnmək uğrunda mübarizəsi yaratmışdı.Hazırda dünyanın inkişaf etmiş dövlətləri arasında rəsmən elan edilməmiş Üçüncü Dünya Müharibəsi gedir.Burada bir çox hallarda iqtisadiyyat geosiyasi amillərin yedəyində gedir.

Ona görə də bəşəriyyətin başağrısına çevrilmiş qlobal sürətlə silahlanmanın qarşısını almaq hələ ki, mümkün deyil. Hazırda yalnız ABŞ-ın 580-dən artıq, Rusiyanın da 6200-dən çox raketi bir-birinə qarşı tuşlanıb ki, bu silahların dəyəri 1,5-2 trilyon dollar hesab edilir. Bu qədər vəsaitlə dünyanın humanitar fəlakət səviyyəsinə çatmış problemlərini həll etmək mümkün olardı.Ancaq geosiyasi faktorlar buna imkan vermir”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений