Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Rəcəbov mükafatlandırmaya niyə qatılmayıb?



Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Yunanıstanın Krit adasında keçirilmiş Avropa çempionatında mükafatlandırma mərasiminə qatılmamasının səbəbi müəyyənləşib.

Bu barədə “Report”a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.
 
O, bildirib ki, 30 yaşlı qrossmeyster Azərbaycan milli komandasının çempionluğu dəqiqləşdikdən dərhal sonra hava limanına yollanıb və İspaniyaya uçub. M.Məmmədov T.Rəcəbovun hazırda 16 – 25 noyabrda İspaniyanın Palme-de-Mayorka şəhərində keçiriləcək FİDE Qran Prisinin son mərhələsinə hazırlaşdığını və bu yarışın onun üçün böyük önəm daşıdığını söyləyib:

“FİDE Qran Prisi İddiaçılar Turnirinə qatılmaq üçün son yarışdır. Rəcəbov hazırda çox yaxşı formadadır. O, yüksək nəticə əldə edərək, İddiaçılar Turnirinə vəsiqə əldə edə bilər. Ona görə də Teymur hazırda çox məşğuldur, yarışa İspaniyada hazırlaşacaq”.

Qeyd edək ki, mükafat fondu 420 min avro olan İddiaçılar Turniri 10 – 28 mart 2018-ci ildə Almaniyanın paytaxtı Berlində təşkil ediləcək. Yarışa 8 şahmatçı qatılacaq və onlar 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər. Turnirdə xüsusi dəvətli Vladimir Kramnik, dünya ikincisi Sergey Karyakin ( hər ikisi Rusiya), Dünya Kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FİDE reytinqində ilk iki pillədə qərarlaşmış qrossmeysterlər, eləcə də Qran Pri seriyasının iki ən yaxşı şahmatçısı qatılacaq. Azərbaycan şahmatçıları – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov hələlik FİDE Qran Prisində ilk "üçlük”də qərarlaşıb. Ş.Məmmədyarov 340 xalla 1-ci, T.Rəcəbov isə 241,43 xalla 3-cü sıradadır. İkinci pillədəki rusiyalı Aleksandr Qrişukun isə 336,43 xalı var.

Xatırladaq ki, İddiaçılar Turnirinin qalibi dünya çempionu adı uğrunda matçda norveçli Maqnus Karlsenin rəqibi olacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений