Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Respublika" qəzeti böyük təhlükədən yazdı: Azərbaycanda qorxulu ərzaqlar



60 il bundan öncə Çində baş vermiş bu ekoloji faciə bizi ibrət dərsi götürməyə səsləyir. Bu gün Azərbaycanda genetik modifikasiya olunmuş (GMO) məhsulların bazarlarda (super-marketlərdə, ticarət mərkəzlərində) tüğyan etməsi deməyə əsas verir ki, çox çəkməz, insanlarımız müxtəlif xəstəliklər tapar və biz də qonşu ölkələrə təmiz, sağlam, keyfiyyətli məhsul toxumları (tingləri) üçün təkidli xahişlərlə müraciət etməyə məcbur olarıq.

1958-ci il martın ortalarında Çin Kommunist Partiyasının (KP) 8-ci qurultayı keçirilirdi. Qurultayda bu nəhəng ölkənin qarşısında duran vacib siyasi, iqtisadi, hərbi və s. kimi mühüm məsələlərlə yanaşı, qəribə səslənsə də, “sərçə problemi” müzakirə olunurdu. Mühüm postlarda əyləşən bəzi kommunistlər iddia edirdilər ki, guya sərçələr ölkəni məhvə doğru aparır. Nə bilim, onların yedikləri dən (qarğıdalı, tum, çörək və s.) hesabına 35 milyon nəfər insanı qidalandırmaq olar. Guya sərçələr olmasa, ölkə ərzaq qıtlığından xilas olar, bir neçə on milyon insan üçün qida mənbəyi tədarük oluna bilər və s. Əlbəttə, bütün bunlar cəfəngiyyat, sərsəm iddialar idi.

Amma bu dünyada kommunistlərin sərsəm qərarları azmı olub? Həmin il martın 18-də KP öz ali yığıncağında ölkədə sərçə siçovul, milçək və ağcaqanadların məhvi haqqında ölüm hökmü verdi. Mövzumuz sərçə olduğu üçün yazıda biz ancaq bu quşdan danışacağıq. KP-nin ali qərarı çinlilərin əlinə bəhanə verdi. Nəzərə alsaq ki, Çində hələ o dövr üçün 100 milyonlarla insan var idi və onlar da sərçələri öldürməkdə qərarlı idilər, onda balaca quşların faciəvi sonluğunu əvvəlcədən təsəvvür etmək çətin deyildi. İnadkar, məqsədlərində qətiyyətli çinlilər torlar düzəldir, havada yellədir, bir quşun uçmasına belə aman vermirdilər. İdarələr, təşkilatlar, hətta məktəbdə müəllim və şagirdlər bu kampaniyaya cəlb edilmişdilər. Gecələr sərçə yuvaları dağıdılır, balaları məhv edilirdi. Çox da dəqiq olmayan statistik məlumatlara görə, martın 18-dən ötən 3 gün ərzində Çində bir milyon başa yaxın sərçə məhv edildi, ilin sonuna kimi həmin rəqəm 2 milyardı ötdü. Beləliklə, Çin KP öz sərsəm məqsədinə nail oldu, amma elə çinlilərin faciəsi də buradan başlandı. Sərçələrin yedikləri müxtəlif həşəratlar (qurdlar, böcəklər, çəyirtkələr və s.) artıb çoxaldı və tarlalara hücum çəkdilər. Ziyanvericilər o qədər çox və kütləvi idi ki, onları kimyəvi üsulla belə qırıb qurtarmaq mümkün deyildi. Onlar kənd təsərrüfatı tarlalarını, bağlarını, meyvə ağaclarını, meşələri viran qoydular. Bu işdə sayı-hesabı bilinməyən çəyirtkə sürüləri daha amansız idi, onlar bütöv kəndləri silib-süpürüb apardılar. Nəhəng ölkənin on minlərlə kəndində aclıq başlandı.

Aclıq bu böyük ölkədə getdikcə dərinləşir, faciəvi xarakter alırdı. İnsanlar əvvəlcə mal-qaranı (hətta iti, pişiyi belə) yeyib qurtardılar, sonra keçdilər bir-birlərini öldürməyə. Öldürür, yeyir, amma aclıqdan xilas ola bilmirdilər. Çin ailələrində nə qədər qoca ata-anaların (ümumiyyətlə isə yaşlıların, fiziki cəhətdən zəif olanların) öldürülərək yeyilməsi faktları mövcuddur, lakin bu gün həmin məsələ “örtülü” olaraq saxlanılır. Müasir Çin cəmiyyəti bu faciəvi tarixdən söhbət açmağa utanır, xəcalət çəkir, sadəcə, “üstüörtülü” adlayıb keçir. Çünki təxmini məlumatlara görə, 30 milyon nəfərə yaxın insan bu aclıqdan ölmüş və ya öldürülmüşdür. Daha dəqiq desək, partiyanın sərsəm qərarının qurbanı olmuşdular.

Bizim bu yazıda məqsədimiz heç də onları utandırmaq və ya xəcalətli tarixi başlarına qaxınc etmək deyil. Bizim bu qüdrətli dövlətə və qəhrəman Çin xalqına böyük rəğbət və sevgimiz var. Sadəcə, utanc gətirən bu tarixi ona görə xatırladırıq ki, bundan ibrət alaq, nəticə çıxaraq, Allahın yaratdığı ekoloji tarazlığı pozmayaq.

10 milyonlarla insanın məhvinə səbəb olan sərsəm qərarın qəbulundan heç 2 il keçməmiş ölkənin bu faciəvi vəziyyətini təhlil edib dəyərləndirən Çin KP MK elan etdi ki, səhv etmişik. Əlbəttə, Çin EA-nın görkəmli alimləri bu işdə böyük rol oynadılar. Məhz onlar qərarı elmi şəkildə təhlil edib səhv olduğunu MK-ya sübut edə bildilər. Çin rəhbərliyi vəziyyəti düzəltmək üçün qonşu dövlətlərə, ilk növbədə, SSRİ və Kanadaya müraciət edərək sərçə istədi. Təbii, həmin ölkələr də sərçələri Çinə havayı göndərmirdilər. Bu, barter üsulu ilə, ya da qızıl pula həyata keçirilirdi. 

Son illər ekoloji tarazlığın pozulması dünyanın və bizim qida məhsullarında daha təhlükəli xarakter alıb. Əvvəlcə genetik modifikasiya olunmuş (GMO) məhsullar barədə, buna şifahi nitqdə biz geni dəyişdirilmiş məhsullar deyirik. Son 15-20 il ərzində bu məsələ bəşəriyyətin qarşısında, o cümlədən Azərbaycanda olduqca təhlükəli problemə çevrilib. Məsələn, soyuğa və xəstəliyə davamlı olması üçün kartofa əqrəb, qidalı olması üçün düyüyə insan, şaxtaya davamlı olması üçün pomidor və çiyələyə balıq genləri , banana analgin və s. vururlar. Biz saysız-hesabsız qida məhsullarının yalnız cüzi bir hissəsinin adlarını çəkdik. Ən təhlükəlisi isə uşaq qidaları genlərinin dəyişdirilməsidir (dondurma, kolbasa, sosiska, makaron, ət məhsulları və s.) GMO məhsullar insanlarda tədricən cürbəcür xəstəliklər yaradır, hətta sonsuzluğa, xərçəngə gətirib çıxarır. Bu, artıq bütün dünyada həkimlər (mütəxəssislər, laboratoriyalar) tərəfindən birmənalı olaraq qəbul olunub, təsdiqlənib. Kim bunun əksini “sübut” eləməyə çalışırsa, bu, göydə Günəşi danmağa bənzəyir.

Çox təəssüf ki, bizdə göydə Günəşi danmağa hazır olan şəxslər də tapılır. Arxasında işbazların, inhisarçıların dayandığı və onların “maliyyələşdirdiyi” bir adam televiziyaya çıxa, qeyri-ciddi qəzetlərə yol tapa bilir. Başlayır şirin-şirin GMO məhsulları boğazdan yuxarı tərifləməyə. Amma uşaq da başa düşür ki, onun bu canfəşanlığının (əslində isə vicdansızlığının) arxasında rüşvət dayanır. 

Bu yazıdan elə nəticə çıxmasın ki, bəşəriyyət GMO təhlükəsini soyuqqanlılıqla qarşılayır. Doğrudur, ox yaydan çoxdan çıxıb, amma problemlərin həlli yolları da var. Məsələn, hazırda 40-a yaxın ölkə nəinki GMO məhsullarını, hətta onun toxumlarını (tinglərini) də öz sərhədlərindən içəri buraxmır. Azərbaycan da bu sahədə hüquqi tədbirlərə əl atıb. 2000-ci ildən BMT-nin “Bioloji müxtəlifliyə dair” konsepsiyasına, 2005-ci ildən isə bu konsepsiyadan irəli gələn “Biotəhlükəsizliyə dair Kartogen protokolu”na qoşulub. Həmin protokola əsasən, Azərbaycan GMO məhsullarını, bu mənşəli ərzaq mallarını və onların toxumlarını öz ərazisinə buraxmamalıdır.

Respublikamız bu mövzuda daha irəli gedərək, 13 iyun 2008-ci ildə “Ekoloji təmiz kənd təsərrüatı haqqında” Qanun qəbul edib. Sonrakı illərdə bu Qanuna müəyyən dəyişikliklər edilib, o cümlədən respublikanın Baş naziri A.Rasizadə 28 mart 2014-cü ildə həmin qanundan irəli gələn bəzi hüquqi aktları imzalayaraq qərara dəyişiklikləri təsdiqləyib. Başqa sözlə, bu qərar GMO məhsullarının ölkəmizə gətirilməsini qəti qadağan edir. Qanuna əlavə edilmiş bu dəyişikliklər tələb edir ki, məhsulların etiketi üzərində həmin məhsulların istehsalında GMO və onların törəmələrindən istifadə olunması haqqında məlumatlar (lövhələr) əks olunsun. 

Deməli, ölkəmizdə GMO məhsullara qarşı lazımi hüquqi baza var. Bəs real vəziyyət? Təəssüf ki, bu gün bazarlarımızda (iri ticarət mərkəzlərində) pomidorun 70, kartofun 40, qarpızın 60 faizi GMO məhsullarıdır.

Dünya belə qurulub ki, şəhərlər kəndlərdən qidalanır. Bunu təkcə ərzaq məhsullarına tələbat mənasında başa düşmək lazım deyil. Bu yanaşma şəhərlərin əhalisi üçün də xarakterikdir. Çünki şəhərdə işləyən, vəzifə tutan, dövlətimizin idarə edilməsində bu və ya digər formada fəal iştirak edən, cəmiyyətimizin inkişafına töhfələr verən vətəndaşların böyük əksəriyyəti uşaqlığını kənddə keçirən insanlardır. Necə deyərlər, kəndlərimiz şəhər üçün “təmiz qan” rolunu oynayır.

Uşaqlığı kənddə keçən hər bir kəs yaxşı xatırlayır: biz pomidoru əkir, becərir, məhsullarını bol-bol yığırdıq. Pomidorlardan elə gözəl ətir gələrdi ki... Nəlbəki boyda bir dəymiş pomidoru götürər, üstünə azacıq duz səpib dişimizə çəkərdik. Yalan olmasın, bu pomidorla az qala yarım təndir çörəyi yeyərdik. Pomidorun dadından doymazdıq. Bəs indi? İndiki pomidorlar olub çaylaq daşı. Hirslənib birinə tullasan ha, onun başını yarar. Yayda heç yumurta-pomidor bişirmiş və ya bişirtdirmisinizmi? Daş kimi pomidoru bıçaq güclə kəsir, doğrayırsan tavaya, bir qram da suyu çıxmır. Elə bil turp, kartof, alma doğrayırsan. Pomidor-yumurta çığırtmasının nə suyu qalıb, nə dadı, nə də ləzzəti.

Biz görmüşük toyuqlar yaşıl çəməndə (bağda, bağçada) açıq şəkildə gəzər, eşənək atar, göy yeyər, yumurtası da olar qan kimi qırmızı. Bəs indi? Qapalı şəraitdə kimyəvi üsulla yumurtladılan (yumurtlayan yox ha!) toyuqdan nə gözləyək? Lap bu yaxınlarda məlum oldu ki, yararsızlığı bir yana, “yumurtalar” ümumiyyətlə saxta imiş, yəni kimyəvi üsulla əldə düzəldilirmiş. Düyü də bu cür. İndi plovdan ətir gəlmir, xəmir olub yapışır bir-birinə.
Müasir broyler toyuqları insanlığın faciəsinə çevrilib. Onların insan üçün zəhərli olan kimyəvi maddələrlə bəslənərək yetişdirilməsi hamıya məlumdur. Əks halda, 40 günə 1,2-1,5 kiloqram çəki verməzdi ki! Nənələrimiz toyuğu kürt yatırdar, Novruz bayramı qabağı onun “cip-cip” eləyən balaca balaları çıxardı. Yəni mart ayından etibarən tədricən böyüməyə başlayan cücələr bir də ilin sonunda - noyabr, dekabr aylarında yetişər, kəsməklik olardı. 6 aydan tez yetişməyən çolpa 40 günə 1,5 kiloqrama çatdırılırsa, bunun kimyəvi üsulla şişirdilməməsini necə iddia etmək olar? Quba almaları da belə. Şanlı-şöhrətli, adına mahnılar qoşulan almalardan əsər-əlamət qalmayıb, tarixə qovuşub. Almaların genləri tamamilə dəyişdirilib. Qızılı Əhməd alması isə çoxdan “arxivə” çevrilib, bu adla bazarlarda satılanlar, əlbəttə ki, saxtadır.

GMO məhsullarla mübarizədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin bəzi qurumları səmərəli işləyə, aktiv ola bilmədilər. Cənab Prezident də bu qurumların bazalarında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə müvafiq sərəncam imzaladı. Yeni qurum GMO təhlükəsini ram edə biləcəkmi? İndi gözlər böyük ümidlə təzə yaradılan Agentliyə dikilib. (Respublika)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений