Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rövşən Yerfinin “Müqəssir” romanı haqqında düşüncələr



“...Burası da düz idi ki, ədalətsiz cəmiyyətdən xoşbəxtlik ummağa dəyməzdi. Onun tələbləri, normaları imtiyazlılar və varlılar üçün yox, yoxsullar, həm də iradəsi zəif olanlar üçün idi”. Son dövrlərdə realist bədii nəsrimizdə dəyərli əsərlərdən biri də yazıçı Rövşən Yerfinin "Müqəssir"əsəridir. Əsər öz problematikasına, müəllifin yanaşma tərzinə görə diqqəti cəlb edir. Burada eşq, xəyanət, qadın taleyi, erkən evlilik, qətl, intihar və sair kimi aktual problemlər öz əksini tapmışdır. Azərbaycan ədəbiyyatında və eləcə də dünya ədəbiyyatında qadın taleyindən bəhs edən kifayət qədər samballı əsər var və bu əsərlərin sayı günü-gündən artmaqdadır. Şübhəsiz, nə qədər ki, həyatda, ictimai mühitdə qadınlara qarşı haqsızlıq, ədalətsizlik, istismar, fiziki, mənəvi, cinsi zorakılıqlar, müxtəlif mənəvi qəbahətlər mövcuddur, bu mövzuya müraciət edən müəlliflərin də sayı çox olacaq.

Əsərin əvvəlində əsas obrazlardan biri olan Cahidin həbsxanada təsvir olunması istər-istəməz məndə sual yaratdı: Cahid nə edib ki, həbsxanaya düşüb? Cahid müqəssirdirmi görəsən?... Əsərin belə təsviri mənə türk ədəbiyyatından Suat Dərvişin "Ankara məhbusu" əsərini xatırlatdı. Amma, fikrimcə, hər iki əsər mənsub olduğu xalqın psixologiyasını, cəmiyyətin hansı vəziyyətdə olmasını göstərən dəyərli nümunələrdir.

Cahid yeniyetmə yaşlarından özündən iki yaş böyük Əfiqəni sevir. Hələ o zamanlardan güman edirdi ki, Əfiqə gələcəkdə onun məhəbbətini qəbul edəcək... Lakin həyat heç də həmişə gözlənilən kimi olmur. Ailəsi Əfiqəni özündən 16 yaş böyük olan Şamxalla evləndirir. Maraqlı burasıdır ki, Əfiqə heç bir etiraz etmir. “Əfiqə toyunda xoşbəxtcəsinə gülümsəyirdi. Şamxalın az-çox imkanlı olması aralarındakı yaş fərqini Əfiqənin gözündə mənasız etmişdi”... Erkən yaşda evlilik sosial problem kimi aktual mövzulardan biridir. Birmənalı olaraq, həm qızların, həm də oğlanların erkən yaşda məcburiyyət qarşısında evləndirilməsi valideynlər tərəfindən öz övladına qarşı edilən zorakılıqdır. Onu da qeyd etmək lazımdır ki, bir çox insan ənənəvi mental dəyərləri rəhbər tutaraq, bu tip stereotipləri normal hadisə kimi qarşılayır. Heç də sirr deyil ki, “ailə” anlayışını dərk edə bilməyən qızlar uğurlu ailə həyatına sahib ola bilmirlər. Əfiqənin başlıca səhvi ondan ibarət idi ki, o sevmədiyi adamla ailə həyatı qurmağa heç bir etiraz etməmiş, ata-anasının məsləhəti ilə gələcəyinin gözəl olacağını düşünmüşdü. Əri Şamxal isə qürbət ölkəyə işləmək adı ilə getsə də, ailəsi ilə ümumiyyətlə, maraqlanmır, ailə başçısı olaraq, öz öhdəliklərini yerinə yetirmirdi... Heyvani hisslər təəssüf ki, insanların bir qismində də özünü büruzə verir. Yad ölkədə əxlaqsız həyat tərzinə, içki məclislərinə aludəçilik Şamxalı məsuliyyətsiz və mənəviyyatsız bir insana çevirir. O, hətta, utanmadan öz həyat yoldaşı - Əfiqənin yanında da əxlaqa zidd hərəkətlər edir. Təbiidir ki, baş verən hadisələr Əfiqənin “xoşbəxt ailə” həyatı xəyalını tamamilə məhv edir.

“Kişi “kişi” olarsa, nə qadını, nə qızı, nə də ölkəsinin qadınları yolunu azar!”(Şeyx Şamil). 

Bu ifadə əsərin proloqunda yazılmışdır. Deməli, Əfiqənin xəyanətinin səbəbkarı ailə həyatı qurduğu “kişi” Şamxaldır. “Axı, mən də insanam, mənim də qadın kimi xoşbəxt yaşamağa haqqım var,” - deyən Əfiqə bu xoşbəxtliyi qismən Cahiddə tapır... Xəyanət etmiş olsa belə, Əfiqə müsbət obrazdır. Adi insanlıq hissləri, vicdan Əfiqə üçün yad deyil. Onun daxili narahatlıqları, keçirdiyi mənəvi-psixoloji böhranlar bədii cəhətdən dolğun ifadə edilmişdir. ”Dinimizdə belə əməlin cəzası daşqalaq edilməkdir. Bəs insanlıq?... Yaxşı, bəs Şamxal?.. Şamxal yəqin ki, cəhənnəmlikdir, öz tayları ilə birgə... Şübhəsiz, heç bir din xəyanəti bağışlamır. Deməli, mən də o dəstədənəm. Yox, Şamxal məndən qat-qat günahkardır.”

Cahidlə Əfiqə arasında təkrarlanan “sevgi oyunu” onların hər ikisini məhvə doğru  aparır. Hissləri dolaşıq olan Əfiqə Cahidi sevib-sevmədiyini yəqinləşdirməkdə çətinlik çəkir. Xoşbəxtliyini qismən Cahiddə tapan Əfiqənin bu həyatı o qədər də uzun çəkmir. Hər cür mənəvi, psixoloji zorakılığa məruz qalan Əfiqə Təyyar adlı şəxs tərəfindən də cinsi zorakılığa məruz qalır... Cinsi zorakılığa məruz qalan Əfiqə çarəsiz vəziyyətə düşür. "Nə bacısı, nə də rəfiqəsi yox idi dərdini desin"...

Bu hadisələr Əfiqənin bütün həyatını tamam dəyişir. Həqiqətlərin ortaya çıxmaq qorxusu onu qarabaqara izləyir. R.Yerfinin “Həbsxana bənövşəsi” adlı pyesində surətin dilindən belə bir fikir var: ”Hara getsəm də, olanlardan, gerçəkliklərdən qaçmaq mümkündürmü? Dünyada günahsız insan olmadığı kimi, görəsən, əməllərindəki həqiqətlərdən qaçan, vicdanından gizlənə bilən insan varmı?..” 

Həqiqəti isə gizlətmək mümkün deyil. Onu öyrənməyə çalışan Şamxal Əfiqəyə ciddi təzyiqlər etməyə başlayır. Amansız işgəncələrə, təhqirlərə dözən Əfiqəyə “şapalaq”dan daha çox təsir edən “xəyanətkar” sözü idi... Gününü əxlaqsız qadınlarla, eyş-işrətdə keçirən Şamxal ailəsi üçün yaxşı nümunə ola bilmir. Şamxalın öz arvadına həqiqətləri öyrənən zaman dediyi "Sən yalançısan! Xəyanətkarsan!" - ifadəsi düşündürücüdür. Bəs Şamxalın özü xəyanət edən insan  deyildimi?!..

Cahidin etdiyi fədakarlıqları xüsusilə, vurğulamaq lazımdır. Sevdiyi qadının döyülməsinə, təhqir edilməsinə dözə bilməyən Cahid Şamxalla qarşılaşır. Dalaşma zamanı Cahidə kömək etmək üçün Əfiqə anidən Şamxalı öldürsə də, qətlin bütün günahını Cahid öz üstünə alır. Nəticədə, Cahid həbs olunur, lakin insanların yalandan uydurduğu söz-söhbət, Təyyarın boş-boş çərənləməsi hər şeyi alt-üst edir. Cahid insanların şayiəsinə inanır. Əfiqənin Təyyarla çöldə "gəzdiyini" öyrənən kimi ifadəsini dəyişir və məhkəmə qurulmasına qərar verilir. Görəsən, məhkəmədə əsl günahkar necə müəyyən ediləcəkdi? Kim idi əsl müqəssir?.. Müqəssir yalnız zavallı Əfiqə idimi..?

Statistik məlumata görə, xəyanət edən qadınlar xəyanət edən kişilərlə müqayisədə daha çox vicdan əzabı çəkir və intihara daha meyilli olurlar. Tolstoyun “Anna Karenina” əsərində Anna Karenina özünü qatarın altına atır, Floberin “Madam Bovari” əsərində Bovari siçan zəhəri içir, Stendalın “Qırmızı və Qara” əsərində xanım Renal Jülyenin edamından üç gün sonra keçinir... ”Müqəssir” əsərində isə Əfiqə obrazı özünü su kanalına ataraq, intihar edir. Şamxal əsl kişi kimi ailəsinə yiyəlik etsəydi, onu sevib dəyərləndirsəydi,  Əfiqə ona xəyanət etməyəcəkdi... Əfiqə intihar etməsəydi, Cahid 10-15 il həbs həyatı yaşayıb yenidən azadlığa çıxsaydı, cəmiyyətdə öz yerini tapa biləcəkdimi? - Xeyr. Çünki, hamı Cahidin anası belə, Əfiqə intihar etməmişdən əvvəl onu “ləçər” hesab edirdi. ”Türməyə düşən” qadın kimə lazımdır ki? ”Məhkəmə prosesində qanunda maddəsi, cəzası olmayan xəyanət və xəyanətkarlar aşkarlanacaqdı”. Əfiqənin əsərin sonunda intihar etməsi - "özünü məhkəmə gününə çatdırması" obrazın zəifliyindən yox, əksinə, məncə, daha da güclü olmasından xəbər verir.

Nəticə etibarilə “Müqəssir” romanını oxucunu düşündürən, duyğulandıran əsərlərdən biri hesab etmək olar.

Mərhəmət Bayramov 
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin  IV kurs tələbəsi








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений