Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya qarışa bilər: Müxalifət lideri xalqı küçələrə çağırdı



Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnı 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində namizədliyinin qeydə alınmamasına etiraz olaraq, xalqı icazəsiz etiraz aksiyalarına çağırıb. Korrupsiyaya Qarşı  Mübarizə Fondunun rəhbəri “Youtube” sosial şəbəkəsi vasitəsilə yayımlanan videomüraciətində xalqı martın 18-də keçiriləcək prezident seçkilərini boykot etməyə dəvət edib. Navalnı səsvermənin mənasız olduğunu, Kremlin seçkilərdə iştirak edəcək insanların sayını istədiyi qədər yüksək göstərəcəyini bildirib: “O halda seçkilərdə səs verməyin də bir mənası yoxdur. Yeganə seçim imkanı seçkilərin boykot edilməsidir. Bütün Rusiya xalqını boykot qərarını dəstəkləmək üçün oktyarın 28-də küçələrə çıxmağa çağırıram”- A.Navalnı belə deyib. 

Xatırladaq ki, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası barəsində cinayət işi açılmış A.Navalnının üzərində məhkumluq hökmünün olması ilə əlaqədar seçkilərdə namizədliyinin qeydə alınmayacağını bəyan edib. Aleksey Navalnı Rusiya prezidenti V.Putinə qarşı etiraz aksiyalarının təşkilinə görə 2014-cü ildə və 2017-ci ilin iyun ayında iki dəfə həbs edilib. Hazırda bir sıra siyasi müşahidəçilər A.Navalnını V.Putinə qarşı əsas rəqiblərdən biri hesab edir. Sabiq baş nazir Mixail Kasyanovun bu seçkilərdə Rusiya müxalifətinin favorit namizədi kimi iştirak edəcəyi gözlənilsə də Navalnı siyasi populyarlığına görə ondan geri qalmır. Ona görə də ekspertlər namizəd kimi seçkilərə qatıla biləcəyi təqdirdə, Qərbin A.Navalnıya həm siyasi, həm də maliyyə dəstəyi göstərəcəyi ehtimalı üzərində dayanırlar. Vladimir Putinlə müqayisədə Aleksey Navalnının siyasi reytinqi xeyli aşağı görünür. Lakin o, daha çox iki cəhətinə görə Rusiya ictimaiyyətinin və Qərbdəki dairələrin diqqətini cəlb edir. Birincisi, A.Navalnı son 10 ildə Rusiya cəmiyyətində meydana çıxmış ən gənc siyasi liderdir. O, Yeltsin dövründən qalmış kadrlardan və Kommunist Partiyasının qalıqlarından ibarət Rusiya siyasi elitasını tamamilə dəyişməyi təklif edir. Bu baxımdan, A.Navalnının əsas tərəfdarlarını gənclər təşkil edir. Ona görə də Navalnı üçün etiraz aksiyalarını təşkil etmək asan olur. İkincisi, A.Navalnı Kasyanovdan fərqli olaraq, çevik siyasi səfərbərlik qabiliyyətinə malik lider sayılır. Gənc siyasətçinin eyni gündə Rusiyanın 26 şəhərində mitinqlər təşkil edərək tərəfdarlarını küçələrə çıxarması Rusiya hakimiyyətində siyasi şok effekti yaratmışdı. Navalnının seçkilərdə iştirakının əngəllənməsi də onun sözügedən qabiliyyətə malik olması ilə izah edilir. Qeyd edilən səbəblərdən analitiklər hesab edir ki, A.Navalnı seçkilərə qatılmasa belə, prezident Putin üçün ciddi rəqib olaraq qalır. Müxalifət lideri seçkilərdən kənarda saxlanılmasına “Bu gün bütün ölkənin namizədi oldum”- deyə qürurla münasibət bildirib. Aleksey Navalnı Vladimir Putini müsbət proqrama malik olmamaqda ittiham edir: “Siz pis prezidentsiniz. Sizin müsbət proqramınız yoxdur. Bu seçkilərdə biz sizə meydan oxuyuruq və qalib gəlmək niyyətindəyik. Bu, seçicilərin ümumrusiya tətili olacaq. Yalnız sandıqlara getməyimizə çalışmayın ki, biz tətiili təşkil edək”-deyə gənc fəal yazıb. 

Aleksey Navalnı seçkilərdə iştirak hüququ qazanmış siyasətçiləri səsvermə gününə beş gün qalmış öz namizədliyini geri götürməyə çağırıb. “Seçkiləri pozun, çünki o, həqiqi deyil. Qoy Kreml yeni seçkilər təyin etsin və bütün namizədləri qeydə alsın, ədalətli olacaq”-Korrupsiayaya Qarşı Mübarizə Fondunun rəhbərinin müraciətində belə deyilir. 

Digər namizədlərin A.Navalnının maraqlarına görə seçkilərdə iştirakdan imtina edəcəyi real görünmür. Lakin baş verənlər A.Navalnı təhlükəsinin heç də aradan qalxmadığını deməyə əsas verir. Seçkilər ərəfəsində keçiriləcək etiraz aksiyaları V.Putin üçün siyasi problemlər yarada bilər. Navalnının müraciətindən göründüyü kimi, yanvarın 28-dən başlayaraq, Rusiya hakimiyyətinə qarşı yürüş-mitinqlərin təşkili nəzərdə tutulub. Aleksey Navalnının Moskva, Sankt-Peterburq, Varonej, Krosnoyarsk, Novosibirsk, Yekaterinburq, Tümen, Perm, Omsk, Yaroslavl, Ufa, Nijni Novqorod, Vladivostok, Rostov-Don, Çelyabinsk İrkutsk, Volqoqrad, İjevsk və Saratov şəhərlərində protest elektoratın nümayəndələrindən ibarət xeyli tərəfdarları var. Əgər Navalnı vəd etdiyi kimi öz sosial bazasını eyni vaxtda kütləvi şəkildə aksiyalara çıxara bilsə ABŞ və Avropa Birliyinin siyasi dairələrinin prezident Putinə təzyiq məqsədilə bu prosesə siyasi və maliyyə dəstəyi verəcəyi istisna olunmur. 41 yaşlı siyasətçi seçkilərə buraxılmasa da Rusiyanın 84 şəhərində qərargah yarada bilib. Ona görə də A.Navalnı namizədliyinin qeydə alınmamasını milyonlarla seçicinin seçkidən məhrum edilməsi kimi qiymətləndirib. 

"Seçkilərimiz olmayacaq, çünki Vladimir Putin mənimlə rəqabətdən qorxur, qorxu içindədir”-deyən Navalnı videomüraciətində bildirib ki, Putin öz namizədlərini özü seçib. ABŞ-ın “The
New York Times” qəzetinin yazdığına görə, Aleksey Navalnı seçkilərə buraxılsaydı, bu, V.Putinə qarşısında duran əsas problemlərdən birini həll etməyə imkan verərdi. “Levada” sorğu mərkəzinin araşdırmalarına görə hazırda Vladimir Putinin siyasi reytinqi 80 faiz təşkil edir. Rəyi soruşulanların 66 faizi hazırkı dövlət başçısına yenidən səs vermək istədiklərini söyləyiblər. Aleksey Navalnıya səs vermək istəyənlərin sayı isə 2 faizə bərabər olub. “Ancaq Putin ötən il ABŞ-da keçirilən prezident seçkilərini nəzərə alaraq, rəqibin uğur qazanmaq şansının az olması barədə oxşar rəy sorğularına inanmır. Rəqib qalib gəlməsə də, gözləniləndən daha çox səs toplaya bilər”. Amerikalı professor Uilyam Taubman Vladimir Putinlə Aleksey Navalnının rəqabətini Birləşmiş Ştatlarda Donald Trampın gözlənilməz qələbəsi ilə müqayisə edir. Bu müvəffəqiyyəti Putin maraqla izləsə də yəqin ki, kömək etdi. Tramp və Putin sadəcə, qalib olmaq istəmir, onlar həm də mütləq qələbə çalmağın tərəfdarıdır. 

Əgər Navalnı qalib gəlməsə belə, seçkilərdə iştirak edəcəyi təqdirdə boşluğu doldurardı və Putin əvvəlki seçkilərdən daha az səs qazanmış olardı. Bu da Putinə alçaldıcı görünür"-ekspert belə deyib. “Navalnını namizədlər siyahısına daxil etməməklə Kreml onun seçiciləri səsverməyə getməməyə çağırmaqla Putinə problem yaratmasından qorxur. Bu, seçkilərdə Putinin lideri olduğunu nümayiş etdirmək və ictimaiyyətə marağı artırmaq üçün hakimiyyətin hazırladığı bütün cəhdlərini heçə endirə bilər”. Prezident Putin isə seçkilərdən qalib çıxacağına nə qədər əmin olsa da “Mixail Saakaşvili” adlandırdığı Aleksey Navalnının “Gürcüstan ssenari”sini Rusiyada təkrarlayacağından çəkinir. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений