Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya qonşularını təhdid edir



Azər Qasımlı: “Baltikyanı dövlətlər NATO üzvüdürlər. Buna görə də Rusiya bu riskə getməz”

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri, deputat Vladimir Jirinovski Rusiyanın Baltikyanı dövlətləri (Estoniya, Latviya və Litva) işğalı planını gündəmə gətirib. “Cümhuriyət” qəzeti xəbər verir ki, Jirinovski ərazilərində Amerikanın raket əleyhinə müdafiə sistemlərini yerləşdirmiş ölkələrin böyük Avropa müharibəsi olacağı təqdirdə məhv edilə biləcəyini bildirib:

“Çünki heç kim dözməyəcək ki, ora Rusiya üçün birbaşa təhlükə mənbəyinə çevrilsin. Rusiya NATO-nun hücuma hazır qoşunlarının yerləşdirildiyi ərazilərə mümkün zərbələr barədə xəbərdarlıq edə bilər.Baltikyanı ölkələrin, Polşanın, Ukraynanın hakimiyyətləri isə özləri tələb edir ki, onların ərazisində daha çox NATO qoşunları yerləşdirilsin. Qoşun olan yerdə isə müharibə də ola bilər. Müharibə vaxtı isə bombardmanlar və qarşı duran qruplaşmaların qarşılıqlı məhv edilməsi baş verir”.

RLDP liderinin sözlərinə görə, onlar ərazilərində böyük sayda NATO qoşunlarını və xüsusilə də zirehli texnikasını yerləşdirməklə özləri özlərini risk zonasına daxil edirlər:

“Axı bunlar müdafiə qoşunları deyil, hücuma meylli ordudur və onların qarşısında Rusiyaya hücum vəzifəsi qoyula bilər. Bundan əlavə, orada artıq təlimlər keçirilir, rus əhali ilə iş fəndləri öyrənilir. Digər yandan, NATO qüvvələri Rusiyanın sərhədyanı ərazilərinin işğalı üzrə konkret planlar hazırlayır.Bundan sonra da gözləyirlər ki, biz buna sakitcə tamaşa edək. Baltik ölkələri, o cümlədən Litva hansı mövqeyi tutacağı ilə bağlı fikirləşməli, NATO-ya girməməli,  Finlandiya və İsveçrə kimi neytrallıqlarını qorumalı idilər. Belə olan halda onlara qarşı heç bir təhlükə ola bilməz”.

Rusiya müharibəyə hazırlaşır, yoxsa...?

SSRİ-nin dağılmasıyla NATO və Avropa İttifaqına üzv olan Baltikyanı dövlətlər bu gün ABŞ və NATO-nun hərbi nəzarətindədir. Bölgədəki NATO və ABŞ-ın kifayət qədər hərbi qüvvələri və hərbi bazaları var. NATO və Aİ-yə üzvlüklə Rusiyaya açıq meydan oxuyan Baltikyanı bölgə ABŞ üçün Rusiyaya qarşı bufer zona rolunu oynayır və bu, etnik tərkibinin müəyyən hissəsinin ruslardan ibarət olan Latviya, Litva və Estoniyanın Rusiyanın təsir dairəsinə girmək ehtimallarının qarşısına keçir. Beləliklə, Rusiyaya qarşı Amerika və NATO silahları ilə güclənən bölgə dövlətləri üçün federasiya təhlükəli qonşudur. Ukrayna ərazilərinin - Donbas və Krımın işğalından sonra Latviya, Litva və Estoniyanın NATO və ABŞ-dan əlavə hərbi dəstək istəmələri də bura daxildir. Buna adekvat olaraq Şimali Atlantik Alyansı və Pentaqonun bölgədəki hərbi qüvvələrinin sayını artırmasını, “NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi strategiyası” kimi qəbul edən Moskva zaman-zaman bölgəyə qarşı alternativ təzyiq mexanizmlərini işə salaraq, gözlənilməz hücum ehtimalı yaradır. Hazırda da NATO və ABŞ-ın bölgədəki hərbi qüvvələrinə cavab olaraq, Rusiya region dövlətləri ilə sərhədlərindəki 330 min canlı qüvvəsini döyüşə hazır vəziyyətə gətirib.

Kremlin “etnik rus qalxanı”

Rusiyanın Ukraynadakı işğalında istifadə etdiyi “ayrı-ayrı ölkələrdə yaşayan rusdilli etniklərin müdafiə edilməsi” tezisi Estoniya, Latviya və Litvanın narahatlığını pik həddə qaldırıb. Bölgə dövlətləri Rusiyanın gözlənilməz hücumundan qorxurlar. Estoniya əhalisinin 27%-i, Latviya əhalisinin 24%-i, Litva əhalisinin isə 6%-i ruslardan ibarətdir. Bu da region dövlətlərinin Rusiyanın “etnik rusların müdafiə edilməsi” iddiası ilə gözlənilən həmlələrinə qarşı hazırlıq işlərini sürətləndirir. 

“NATO Rusiya sərhədlərinə doğru genişlənir”

“Real” Hərəkatı sədrinin ictimai-siyasi məsələlər üzrə katibi, politoloq Azər Qasımlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya Şərqi Avropa və Baltikyanı bölgələrlə yanaşı, Cənubi Qafqaz dövlətlərinə də təzyiq imkanları qazanmağa çalışır. Politoloqun sözlərinə görə, bu baxımdan NATO və Rusiyanın maraqları bu bölgələrdə üst-üstə düşmür:

“Bəs, indiki geosiyasi vəziyyətdə Rusiyanın Ukrayna da daxil olmaqla, bu dövlətləri işğal etmək imkanı varmı? Hesab edirəm ki, yoxdur. Hansısa təxribat olsa belə, Rusiya bu addımı atmayacaq. Çünki Baltikyanı dövlətlər NATO üzvüdürlər. Buna görə də Rusiya bu riskə getməz. Sadəcə olaraq, Rusiya NATO-nun genişlənməsi strategiyasına uyğun şəkildə Baltikyanı bölgə və Ukrayna ətrafında öz hərbi qüvvələrinin sayını artırır. Bu, güc nümayişidir. NATO öz məqsədlərini həyata keçirməyə çalışdığı halda, Rusiya öz gücünü nümayiş etdirməyə çalışır. Çünki real olaraq da Rusiya öz sərhədlərindən kənara çıxmır. Rusiya sadəcə olaraq, hansısa dövlətin ərazilərini ilhaq edə, yaxud işğal edə bilər. Baltikyanı dövlətlərə qarşı isə bu addımları ata bilməz, heç vaxt da ata bilməyəcək. NATO isə Rusiyanın əks cəhdlərinə baxmayaraq, Rusiya sərhədlərinə doğru genişlənir”.

Ukraynaya gəlincə, Azər Qasımlı qeyd edib ki, Rusiya bundan sonra bu ölkənin digər ərazilərini işğal etməyəcək:

“Rusiya Ukraynadan lazım olan qədər ərazi qopardı. Həmin ərazilərin yenidən geri qaytarılması məsələsi gündəmə gələ bilər. Bu problemin də həlli NATO və Rusiya arasında gedəcək danışıqlardan keçəcək. Əgər NATO öz qüvvələrini Rusiya sərhədlərinə yaxın bölgələrdən geri çəksə, problemlər həll edilə bilər. Amma bunlar sazişlə baş verə bilər. Bu olmasa, Rusiya işğal etdiyi ərazilərdən çıxmayacaq və digər dövlətlərə təzyiqlərini azaltmayacaq. Proses hələ uzun müddət davam edəcək”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений