Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Rusiya yeni cəbhə açır



ABŞ Türkiyəni razı saldı

Vaşinqtonun son diplomatik gedişləri ABŞ-ın xarici siyasətində Yaxın və Orta Şərq siyasətinin başlıca prioritet seçildiyini deməyə əsas verir. Donald Tramp administrasiyasından gələn açıqlamalar, həmçinin Birləşmiş Ştatların Türkiyə, ərəb ölkələri, İsrail və Rusiya ilə apardığı intensiv müzakirələr sözügedən bölgə ilə bağlı yeni geosiyasi planların yaxın perspektivdə icrasına hazırlıq aparıldığını təsdiq edir. Bu prosesin həyata keçirilməsi 2012-ci ildə sabiq prezident Barak Obamanın göstərişi ilə İraqdan çıxarılan ABŞ-ın İŞİD-i məhv etməklə yenidən bölgəyə qayıdışını nəzərdə tutur. 

Suriyanın və İraqın Amerikanın nüfuz dairəsinə daxil edilməsinə hesablanmış bu plan İranın və Rusiyanın Yaxın Şərqdə geosiyasi fəallığının qarşısını almaq məqsədi daşıyır. Siyasi müşahidəçilərin fikrincə, prezident Trampın Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri vəzifəsinə İraq müharibəsi veteranı, general-leytenant Herbert Reymond Makmasteri təyin etməsi Yaxın Şərq siyasətinin müəyyənləşməsində təsiredici rola malik ola bilər. General makmaster ABŞ-ın hakimiyyət dairələrində hərbi taktika və strategiya üzrə peşəkar kadr kimi tanınır. Lakin o, ABŞ elitasında yüksək nüfuzu olmayan və səhv hesab etdiyi hər bir fikri şübhə altına alan şəxs hesab edilir. Bu baxımdan, general Makmasterin təyinatı politoloqları təəccübləndirib. Eyni zamanda, H.R.Makmaster 2014-cü ildə “Time” jurnalında dərc etdirdiyi məqalədən sonra ABŞ-ın gələcək ordusunun arxitektoru adlandırılıb. 

Milli Təhlükəsizlik Məsələləri üzrə yeni müşavir Rusiyaya qarşı sərt mövqeyi ilə də tanınır. Ukrayna münaqişəsində Rusiyanın “Qarşısının kəsilməsi” prinsipi ilə çıxış edən general Makmaster Moskvanı hibrid müharibələr törətməkdə ittiham edir. O, həmçinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvinə qarşıdır. Bu səbəbdən, H.R. Makmasterin təyinatının ABŞ-Rusiya münasibətlərindəki soyuqluğu artıracağı ehtimalı gündəmə gəlib. 

ABŞ-ın son günlər Ankara ilə fəal diplomatik təmaslara keçməsi Yaxın Şərqlə bağlı yeni strategiyasında Türkiyənin mühüm yer aldığından xəbər verir. Artıq Türkiyə və ABŞ arasında İŞİD-in paytaxtı adlandırılan Raqqa üzərinə birgə hücum planının razılaşdırıldığı bildirilir. Hətta hər iki tərəf hərbi əməliyyata hazırlıq getdiyni gizlətmir. Lakin Ankara irəli sürdüyü şərtlərin Vaşinqton tərəfindən yerinə yetiriləcəyinə əmin olmaq istəyir. Türkiyə ilk növbədə, PYD/YPG terror təşkilatının bu əməliyyatda iştirak etməməsini və ABŞ-ın kürd yaraqlılarına dəstəyini geri çəkməsini istəyir. Türkiyənin baş naziri Binəli Yıldırım da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü zamanı bir terror təşkilatını digər terror təşkilatının əli ilə məhv etməyin düzgün olmadığını deyib. Binəli Yıldırım terrorizmə qarşı belə mübarizənin səmərə verməyəcəyini diqqətə çatdırıb. Türkiyə medasına sızan məlumata görə, ABŞ-ın bu şərtlə razılaşıb. Bu isə Türkiyə-ABŞ münasibətlərini əvvəlki səviyyəyə qaytarmağa imkan verə bilər. 
Respublikaçılar Partiyasından olan nüfuzlu senator Con Makkeynin fevralın 20-də gözlənilmədən Ankaraya səfər edərək prezident Rəcəb Tayyib Ərdoğanla qapalı danışıqlar aparması ABŞ-ın Suriya ilə bağlı siyasətində, o cümlədən, İŞİD-lə mübarizədə Türkiyə ilə əməkdaşlığa üstünlük verdiyini göstərir. Senatın Hərbi İşlər Komitəsinə rəhbərlik edən Con Makkeyn ABŞ-ın İŞİD-i məğlub etmək üçün Türkiyə ilə birlikdə fəaliyyətinə ehtiyac yarandığını deyib. O, Avropada və Orta Şərqdə siyasi düzənin pozulduğu hazırkı dövrdə türk-amerikan ittifaqının əvvəlkindən daha önəmli olduğunu bəyan edib. Onun sözlərinə görə, ABŞ-da iqtidara gələn komanda Suriyadakı vəziyyəti yenidən dəyərləndirməlidir: “ABŞ İŞİD-i sürətlə və tamamilə məğlub etmək, düşmənlərimizin mənfi təsirinə qarşı bölgədə qəbul edilə biləcək bir güc mərkəzi yaratmaq üçün Türkiyə ilə çalışmalıdır. Bu məqsədlə prezident Ərdoğan Suriyada təhlükəsizlik zonalarının formalaşdırılması və Raqqanın geri alınması üçün bir iradə ortaya qoyub. Bu iradə ABŞ tərəfindən də ciddiyə alınmalıdır”-Con Makkeyn belə deyib. 

Senator Makkeynin açıqlamasından o da məlum olur ki, Birləşmiş Ştatlarla Türkiyə arasında yalnız İŞİD-ə qarşı mübarizə məsələsi müzakirə predmeti deyil. Vaşinqton Suriya böhranına dair siyasətinə yenidən baxmaq və problemin həllində fəallığını artırmaq niyyətindədir. Ancaq bu bölgənin Rusiya və İran arasında təsir zonalarına bölünməsi, eləcə də Türkiyənin hər iki ölkə ilə müttəfiqlik münasibətləri qurması Birləşmiş Ştatların Suriya ilə bağlı planlarını pozur. ABŞ-ın indiyə qədər PYD-yə dəstək verməsi NATO-nun Avrasiya məkanındakı əsas üzvü olan Türkiyənin Rusiya və İranla yaxınlaşmasına gətirib çıxarıb. Bu isə Moskvaya və Tehrana yaxın Şərqdə geosiyasi mövqelərini möhkəmlətmək imkanı yaradıb. Artıq Kreml həmin regionun gələcək xəritəsini çəkən qələmin öz əlində olduğunu iddia edir. İran isə şiə koalisiyası formalaşdırmaqla İraq və Suriya üzərindən “Hizbullah”la birbaşa hərbi əlaqə qura bilib. İran silahlı qüvvələri artıq İsrail sərhədləri yaxınlığında müharibə aparır. ABŞ-ın terrorçu təşkilat kimi tanıdığı İran İslam Keşikçiləri korpusunun komandir müavini İraq da səfir təyin olunub. İraq hökuməti və Suriyadakı Bəşər Əsəd rejimi İranın “Həşti-Şaabi” (Şiə milis dəstələri) silahlı qrpularının təsiri altındadır. ABŞ-ın Suriyada əsas hərbi tərəfdaşı sayılan PYD/YPG yaraqlıları isə İŞİD-ə qarşı mübarizədə heç bir uğur qazana bilməyib. Ona görə də ABŞ mövcud situasiyanı dəyişmək üçün tərəfdaşları ilə münasibətlərə yenidən baxmaq niyyətindədir. Bu baxımdan, Türkiyənin ABŞ-la yaranmış soyuqluğu aradan qaldırması Suriya böhranı üzrə yaranmış koalisiyanın bölünməsinə yol aça bilər. ABŞ-la tərəfdaşlığın bərpası Suriyanın şimalındakı Menbiç bölgəsini PYD-dən azad edərək öz nəzarətinə almağa çalışan Ankaranın maraqlarına cavab verir. 

Eyni zamanda, regionda fövqəlgücə çevrilməkdə olan İranın bölgədən sıxışdırlması Türkiyə üçün geostrateji əhəmiyyət kəsb edir. Ancaq ABŞ-ın hazırda İranla, Rusiya ilə, yoxsa Çinlə geostrateji mübarizəyə üstünlük verəcəyi barədə sualın cavabı siyasi təhlilçilər üçün tam müəyyənləşməyib. Çünki hər üç məsələ ABŞ üçün qlobal əhəmiyyət kəsb edir. 

Birləşmiş Ştatların Yaxın Şərqdə hücuma hazırlaşdığı bir vaxtda prezident Putinin şərqi Ukraynadakı separatçıların pasportlarının tanınmasını nəzərdə tutan fərman imzalaması Donbasda döyüşlərin yenidən başlaması ehtimalını artırıb. Bu isə Rusiyanın ABŞ-ın Suriya siyasətinə Ukraynadan yeni cəbhə açmaqla cavab vermək planlarını ortaya qoyur.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений