Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Rusiyadan Azərbaycana daha bir ittiham: Kremlin yeni bəhanəsi



Rusiyadan Azərbaycana gözlənilməz ittiham irəli sürülüb. Rusiya Mərkəzi Bankının sentyabr ayı üzrə makroiqtisadi hesabatında qeyd edilib ki, ABŞ, Qazaxıstan, Azərbaycan və OPEC+ razılaşmasının tələblərini pozan digər intizamsız ölkələrdə hasilatın artması səbəbindən neft ixracatçıları bazarı stabilləşdirə bilməyəcək. "Rusiya kvotaya təxminən 100 faiz əməl edir. Lakin Azərbaycan, Qazaxıstan, Meksika və Oman kimi ölkələrin iştirakı ümumi göstəricinin 70 faizə enməsinə səbəb olur. Bunun əsas səbəbi Qazaxıstanın kvotaya əməl etməməsidir", - deyə sənəddə qeyd edilib.

Neft hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılıq formal olaraq 2018-ci ilin martınadək qüvvədədir. Razılaşmaya əsasən, OPEC ölkələri sutkalıq hasilatı 1,2 milyon barel, kartelə üzv olmayan ölkələr isə sutkalıq hasilatı 558 min barel (bundan 300 min barel Rusiyanın payına düşür) azaltmalıdır. Qeyd edək ki, Rusiya Mərkəzi Bankının neft bazarını bu qədər diqqətdə saxlaması anlaşılandır. Belə ki, şimal qonşumuzun valyutası neft qiymətlərindən kritik asılılığını qorumaqdadır. ABŞ isə ümumiyyətlə, hasilatın azaldılmasına dair heç bir danışıqlarda yer almayıb və OPEC+ razılaşmasının iştirakçısı deyil. Bu səbəbdən Rusiya Mərkəzi Bankının ittihamı birbaşa ABŞ-a aid deyil, hesabatda Azərbaycan və Qazaxıstan hədəfə alınır. Hansı ki, Qazaxıstan da hasilatı artırmaqla bağlı ittihamları qəti rədd edir. Rəsmi Astananın cavabı özünü çox gözlətməyib. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bəyan edib ki, ölkə OPEC+ qarşısında götürdüyü öhdəliklərə tam əməl edir: "Biz avqustda üzərimizə götürdüyümüz öhdəliyi tam yerinə yetirmişik. Qazaxıstan 1,68 milyon barel neft hasil etməlidir, biz isə 1,643 milyon barel hasil etmişik. Hətta sentyabr ayının ilk 7 günündə də analoji vəziyyət qorunmaqdadır".

Nazir əlavə edib ki, OPEC-ə üzv olmayan ölkələr üzərinə götürdüyü öhdəliyi kartel üzvlərindən daha məsuliyyətli şəkildə yerinə yetirir. "Rusiya və Qazaxıstanın da daxil olduğu qeyri-OPEC ölkələri öhdəliyini 90 faizdən artıq yerinə yetirir. Kartelə üzv olan ölkələrdə bu göstərici daha azdır. Bu, ilk növbədə Liviya və Nigeriyaya aiddir".

Rusiya mətbuatı öz mənbələrinə istinadən iddia edir ki, cari ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən Qazaxıstanda neft hasilatı 9,4 faiz artıb.

Növbəti təkzib Azərbaycandan gəlib. Azərbaycan OPEC tərəfindən dəfələrlə bu prosesdə aparıcı ölkə kimi qiymətləndirilib. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, qlobal neft bazarında qiymət sabitliyinin qərarlaşması üçün neft ölkəsi olaraq hasilatın artırılması istiqamətində tədbirlərin görülməsi planlaşdırılmır. Energetika Nazirliyi OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin avqust ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin avqust ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 734,8 min barel olub. Bunun 704 min barelini xam neft, 30,8 min barelini kondensat təşkil edib. Gündəlik 617,6 min barel xam neft, 30,8 min barel kondensat, 6,6 min barel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib.

Qeyd edək ki, Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda isə 796,7 min barel olub.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya Mərkəzi Bankının bu razılaşmaya hansı istiqamətdən baxması önəmlidir: “Ola bilsin ki, Rusiya Mərkəzi Bankı bu qiymətləndirməni apararkən 2016-cı ilin dekabrında imzalanan sazişi yox, noyabr ayının hasilatını götürüblər. Azərbaycanda noyabr ayının hasilatı təxminən 2-3 milyon ton ətrafında olub. Bu da hazırda istehsal olunan neftin həcmindən aşağı göstəricidir. Noyabr ayına istinad edib müqayisəni aparsaq, o zaman məlum olur ki, Azərbaycanda əslində sazişin imzalandığı dekabr ayından sonrakı 9 ay müddətində hasilat artıb. Çünki 2017-ci il üçün orta aylıq hasilatın həcmi təxminən 3.2 milyon ton civarında olub.

Bu isə o deməkdir ki, 2016-cı ilin noyabrına nisbətən təxminən 8 faiz hasilatın həcmində artım baş verib. Amma bu saziş imzalanarkən əsasən son il ərzində orta hasilat səviyyəsi müqayisə predmeti olaraq götürülübdür. Əgər bu prizmadan yanaşsaq, o zaman Azərbaycan həqiqətən də OPEC qarşısında götürdüyü öhdəliyini artıqlaması ilə yerinə yetirib. Belə ki, Azərbaycan 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2017-ci ildə təxminən 188 milyon barel az neft hasil edib. Bu isə o deməkdir ki, Azərbaycan ötən illə müqayisədə gündəlik 48 min barel az neft hasil edib. Azərbaycanın xarici ölkələr sazişi çərçivəsində hasilatını azaltması öhdəliyi 35 min bareldir. Məsələyə bu prizmadan yanaşdıqda məlum olur ki, Azərbaycan gündəlik hasilatı 48 min barel azaltmaqla əslində öhdəliyi artıqlaması ilə yerinə yetirib”.

Hesablama metodologiyası nöqsanlıdır...

Ekspert qeyd edib ki, 2016-cı ildə gün ərzində Azərbaycanın neft hasilatı 822 min barel olub. O, 2017-ci ili bu gününə qədər olan statistikanın günlük orta göstəricisi 1704 barel olduğunu da deyib: “Statistikadan da göründüyü kimi 8 min barel fərq var. Bu isə Azərbaycanın OPEC qarşısında götürdüyü öhdəliyin yerinə yetirilməsi anlamına gəlir. Bu baxımdan Rusiya Mərkəzi Bankının ittihamları ilə razı deyiləm. Çünki müxtəlif səbəblərdən müxtəlif aylarda hər bir ölkədə neft hasilatının azalması və artması tendensiyası müşahidə olunur. Burada qəzalar, texniki xidmətlə bağlı məsələlər əhəmiyyətli rol oynayır. Amma buna baxmayaraq yanaşma zamanı noyabr ayının əsas götürülməsi və müqayisənin bu dövrdən sonra aparılması əslində hesablama metodologiyasının özündə bir nöqsanın olması deməkdir. Çünki müxtəlif dövrlərdə hasilatın həcminin dəyişməsi həm Rusiyada, həm ABŞ-da, həm Səudiyyə Ərəbistanında, həm də OPEC-in özündə belə baş verir. Bəzən Səudiyyə Ərəbistanında əvvəlki aylara nisbətən daha artıq neft hasil edilməsi barədə hesabatlar dərc olunur. Rusiyada da həmçinin. Neft texnologiyası elədir ki, burada gündəlik nəzarəti təmin etmək o qədər də asan deyil. Qısamüddətli dövrdə hasilat həcmini artırmaq və yaxud da azaltmaq o qədər də asan bir məsələ deyil”.

“Azərbaycan öz öhdəliyini təbii olaraq yerinə yetirir”

Rəşad Həsənovun sözlərinə görə, Azərbaycan öz öhdəliklərini təbii olaraqdan yerinə yetirir: “Bunda sonra hətta OPEC ölkələrinin razılaşması olmasa belə, ölkədə neft hasilatı azalan tendensiya nümayiş etdirir. Ola bilsin ki, hər hansı qısamüddətli dövr üçün hasilatın həcmində yüksəlmə baş versin. Amma illik nəticələrə baxsaq, bundan sonra davamlı olaraq Azərbaycanda neft hasilatı azalacaq”.

Hasilat həcminin azalması barədə hesabatı saxtalaşdırmaq mümkündürmü?

Rəşad Həsənov bununla bağlı konkret fikir bildirməyin çətin olduğunu deyib: “Rəsmi statistik göstəricilər, həcm məsələsi hər zaman aktual olub. Statistik göstəricilərin keyfiyyəti davamlı olaraq bütün istiqamətlərdə müzakirə olunur. Amma neft hasilatında əsas nəzarət xarici şirkətlərə və ABŞ-a aiddir. Bu baxımdan statistik göstəricilər və neft hasilatının ixracının həcminin gizlədilməsi asan məsələ deyil. Azərbaycanın Energetika Nazirliyi hər ayın sonunda istehsal və ixrac olunan neftin gündəlik həcmilə bağlı OPEC-ə məlumat ötürür. Hər bir ölkə bu məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına göndərir. Bu əsasda da aylıq və illik hesabatlar hazırlanır. Burada nəsə demək çətindir, hər şey ola bilər. Amma onsuz da Azərbaycanda neft hasilatı azalan dinamikanı nümayiş etdirir. Hasilat həcminin azalması üçün Azərbaycanın o qədər də səy göstərməsinə ehtiyac yoxdur. Hasilat təbii olaraq azalır”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений