Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiyadan çıxarılan milyardlar: Azərbaycana niyə gəlmir?



Bu ilin ilk beş ayı ərzində Rusiyadan çıxarılan xalis kapitalın həcmi 23,3 mlrd. ABŞ dolları təşkil edib. Rusiya Mərkəzi Bankı xəbər verir ki, ötən il ilə müqayisədə bu ölkənin xalis kapital ixracı 24% artıb.

Bildirilir ki, ötən il Rusiyadan xalis kapital ixracı 18,8 mlrd. dollar olub. Belə ki, xalis kapital ixracının 3/4-ü digər sektorlarda qeyri-rezidentlərlə əməliyyatların payına düşüb. "Əgər 2017-ci ildə maliyyə cəlbi və xaricdə müxtəlif sektorlarda vəsaitlərin yerləşdirilməsi balanslaşdırılmışdısa, cari ildə xarici öhdəliklərin minimum yüksəlməsi ilə xalis maliyyə aktivlərinin cəlbində nəzərəçarpacaq artım qeydə alınıb", - deyə məlumatda vurğulanıb. 

Ekspertlərin fikrincə, qeyd olunan məsələyə səbəb bilavasitə Rusiyaya olunan xarici sanksiyalarla bağlıdır. Yəni məhz tətbiq olunan sanksiyalar nəticəsində ölkə kapitalı yerli iş adamları tərəfindən xaricə çıxarılır və o ölkələrin banklarına yatırılır. 

Maraqlıdır,  Rusiyada yaşayan azərbaycanlılar da öz pullarını gətirib ölkəmizə yatırım qoya bilərlərmi?

İqtisadçı-ekspert Akif Nəsirli bununla bağlı ”Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiya Azərbaycanla müqayisədə kapital yatırmaq üçün daha münbit ölkədir.

Azərbaycanlıların da orada az da olsa, payı var. Səbəb heç də Rusiyada daxili problemlər deyil, bu ölkəyə qoyulan xarici sanksiyalarla bağlıdır. Bu sanksiyalar səbəbilə kapital ölkədən çıxarılır.  İnanmıram ki, orada yaşayan azərbaycanlılar öz kapitalını Rusiyadan ixrac edərkən Azərbaycana sərmayə qoymaq barədə düşünsün.

Fikrimcə, bu düşüncədə olanlar yoxdur. Azərbaycanlı əgər Rusiyadan kapitalını çıxarırsa, ən yaxşı halda yaxın Türkiyəyə, digər Avropa ölkələrinə sərmayə yatıra bilər, amma Azərbaycana o yatırımın gəlməsi ağlabatan deyil.

Çünki Azərbaycanda mövcud olan biznes mühiti buna yol vermir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması barədə nə qədər danışılırsa da ortada nəticə yoxdur. Hər tərəf monopoliyadır. Monopoliya olmayan yerlərdəki sahələrdə isə müxtəlif vasitələrlə xırda, orta ticarətlə məşğul olan sahibkarların riçaq yolları kəsilir. Belə bir şəraitdə inanmıram ki, Rusiyadan öz kapitalını çıxaran azərbaycanlı o yatırımı ölkəsində qoymaq barədə düşünsün. Konkret olaraq Azərbaycandakı biznes mühiti buna imkan vermir”.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений