Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Saakaşvili inqilabların Çe Gevarası olur? - BAXIŞ



Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bir neçə gün əvvəl vətəndaşlığı ləğv edilmiş Ukraynaya qayıdacağını və milyonlarla ukraynalının bunu istədiyini iddia etmişdi. Polşada yerli telekanallardan birinə müsahibəsində o, bununla bağlı hüquqi yolların axtarıldığını da diqqətə çatdırmışdı. Saakaşvili Ukrayna və Gürcüstan pasportlarının ləğv edilməsinə baxmayaraq, ABŞ pasportunun hələ də etibarlı olduğunu deyərək, diqqətləri üzərinə çəkdi: “Polşaya gələndə gömrükçülər ABŞ pasportuma baxdılar və gülümsədilər və “Xoş gəlmisiniz”, dedilər. Lakin Ukrayna pasportu bəzi oliqarxların əvvəlcə ləğv edib, sonra yenidən bərpa edəcəkləri oyuncaq deyil”.

Qeyd edək ki, iki il əvvəl Gürcüstan hakimiyyəti tərəfindən bu ölkənin vətəndaşlığından çıxarılan Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən bu ölkə vətəndaşlığına qəbul edilərək, Odessa vilayətinin qubernatoru təyin edilmişdi. Lakin Saakaşvili Poroşenko və daxili işlər naziri ilə aralarındakı ədavətə görə, öz postundan uzaqlaşdırıldı. Bu hadisədən sonra Mixail Saakaşvili Ukrayna müxalifətinin liderlərindən biri kimi tanınmağa başladı. Beləliklə, Poroşenkonun təşəbbüsü ilə hökumət Saakaşvilinin Ukrayna vətəndaşlığına qəbul edilməsinin yanlış olduğunu əsas gətirərək, pasportunu ləğv etdi. O, bundan sonra ABŞ-a qayıtdı.

Saakaşvilinin planı, yoxsa...

Lakin Mixail Saakaşvili Ukrayna Baş Prokurorluğunun ona cinayət işi açmasına baxmayaraq, sentyabrın 10-da Ukraynaya qayıtdı. Bir neçə saat sonra isə açılmış cinayət işi bağlandı və Saakaşvilinin Ukraynada yaşaması üçün heç bir problemin olmadığı bildirildi. Eks-prezidentin Ukraynaya ABŞ pasportu ilə gəldiyi bildirilir. Bir sıra hökumət dairələrinin onun Ukraynaya qanunsuz olaraq girdiyi iddiasına Gürcüstandan da dəstək gəldi. Gürcüstan Demokratik Hərəkatı Partiyasının yetkilisi Georgi Axlevdiani Saakaşvilinin arxasında ABŞ-ın dayandığını və onun hərəkət trayektoriyasının bu ölkədə müəyyən olunduğunu bildirib. O, keçmiş prezidenti Ukraynaya məhz ABŞ-ın qaytardığını dedi: “Mən Polşa sərhədində baş verənləri Qərb tərəfindən idarə olunan maskarad adlandırardım. Saakaşvili bunu təkbaşına edəcək qədər cəsur deyil. Onun arxasında konkret layihə dayanır. Fikrimcə bu, ABŞ layihəsidir. Amerikalıların Saakaşvili ilə həyata keçirdiyi planı onun Ukraynaya qayıdıb öz vətəndaşlığı uğrunda mübarizə aparmasından sonra məlum olacaq”.

Pasport müəmması

Gürcüstandan sonra Ukrayna vətəndaşlığının ləğv edilməsi Mixail Saakaşvilinin gələcək taleyini müəmmaya çevirmişdi. Heç bir vətəndaşlığı olmayan Saakaşvilinin hansı marşrut, yaxud hansı ölkənin pasportu ilə hərəkət edəcəyi də naməlum idi. Lakin o, ABŞ pasportunun hələ də etibarlı olduğunu deyərək, bununla bağlı yaranmış suallara aydınlıq gətirsə də, digər yandan çoxmənalı müzakirələrə yol açdı. Çünki onun ABŞ vətəndaşlığının hələ Gürcüstanda hakimiyyətə gələndən xeyli əvvəl ləğv edildiyi deyilirdi. Gürcüstandan qovulduqdan sonra Ukrayna pasportunu aldığı vaxt da Saakaşvilinin başqa bir ölkənin pasportunu gəzdirdiyi məlum deyildi. Amma o, Polşada Amerika pasportunu gömrükçülərə göstərdi. Yaranan ehtimal budur ki, Mixail Saakaşvili ciddi qanun pozuntusu müqabilində Gürcüstanda hakimiyyəti ələ keçirib. Çünki bu ölkənin qanunvericiliyi ikili vətəndaşı olan şəxsə prezident seçkilərində iştirak etmək imkanı vermir. Əgər həqiqətən o dönəmdən bu günədək Saakaşvilinin ABŞ pasportu ləğv edilməyibsə, bu şəxsin arxasında ABŞ-ın dayandığı iddiası doğrudur.

İnqilab yollarında

2004-cü ildə Gürcüstanda başlamış inqilaba rəhbərlik edəndə də Mixail Saakaşvilinin Ağ Evin adamı olması iddiaları ortada dolaşırdı. Tiflisdə inqilabi proseslər tədricən meydanda özünə yer tapanda Saakaşvili Gürcüstana Amerikadan yenicə gəlmişdi. ABŞ-da təhsil almış və siyasət cameəsinə o qədər tanış olmayan bir adamın liderlik kürsüsünə çıxdığı ilk anda Rusiyaya qarşı kəskin ittihamlar səsləndirməsi və bu ölkənin başçısı Vladimir Putini təhqir etməsindən də bu görünürdü. Düzdür, Saakaşvilinin Rusiya əleyhinə yönəlmiş ritorikası Gürcüstanı ABŞ və NATO-ya xeyli dərəcədə yaxınlaşdırsa da, hadisələr onun ölkəsini “Şimal ayısı”nın pəncəsinə verdi. Rusiya Gürcüstan ərazilərini işğal etdi. Lakin bu, inqilab liderini “ağıllandırmadı”. Gürcüstan tarixində ilk dəfə ABŞ prezidenti və dövlət katibinin Gürcüstana səfərlərinin onun hakimiyyəti dönəmlərinə təsadüf etməsi də, onun bu xarakterinin harada formalaşdırıldığını açıq formada göstərdi. “Saakaşvili Amerikanın adamıdır”, iddiaları beləcə özünə rəsmi təsdiqlər tapırdı. Lakin özündən sonra hakimiyyətə gələn Bidzina İvanişvili onu qalxdığı kürsüdən saldı və barəsində cinayət işi açıldı, pasportu əlindən alınaraq Gürcüstandan qovuldu.

Saakaşvilinin görünməyən siması

Mixail Saakaşvilinin Gürcüstandan sonra üzə çıxdığı ölkə Ukrayna oldu. Onun bu ölkəyə gəlişi o zamana təsadüf edirdi ki, Rusiyayönümlü Viktor Yanukoviç Avropa İttifaqı ilə danışıqları dayandırıb Ukraynanı sürətlə Moskvanın rəhbərlik etdiyi siyasi bloklara yaxınlaşdırırdı. Yanukoviçin bu siyasəti narazılıq yaratmışdı. Kiyevdə vəziyyət gərginləşib narazı elektorat və müxalifət meydana çıxanda bu nümayişlərin bir başında da Mixail Saakaşvili dayanmışdı. Özünü müxalifət lideri kimi aparan Saakaşvili tribunadan xalqın adından Rusiya əleyhinə çıxış edirdi. Bu, Saakaşvilinin İvanişvilinin təqdim etdiyi qədər qeyri-ciddi sima olmadığını göstərirdi. Hər halda başqa bir ölkənin keçmiş prezidentinin digər ölkədə inqilaba rəhbərlik etməsi də kənardan qeyri-adi təsir bağışlayırdı. O da təsadüfi deyildi ki, Saakaşvilinin siyasi proseslərin gərginləşməyə başladığı ilk anlarda göründüyü hər iki ölkədə dövlət çevrilişi baş verib. Elə vaxtilə İvanişvili hökumətinin barəsində cinayət işi açmasına baxmayaraq, uzun müddət Gürcüstanda qalması və heç nə olmamış kimi ölkədən getməsi də qaranlıq məqamları özündə gizlədirdi. Cinayət işinin açıldığı və axtarışda olduğu Ukraynaya gözlənilməz gəlişi də Saakaşvili fenomeninin görünməyən tərəflərindən biri sayılmalıdır. Hər halda Poroşenko əleyhinə çıxışların artdığı vaxt, “Ukraynada milyonlarla adam məni istəyir”, deyərək yenidən bu ölkəyə qayıtması adi məsələ deyil.

Mənsur Rəğbətoğlu 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений