Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Saakaşvilinin Gürcüstan yolu açılır: “Meydan daha da qızışa bilər” - POLİTOLOQ



Gürcüstanda iki yeniyetmənin öldürülməsi ilə başlayan etiraz aksiyaları baş nazir Georgi Kvirikaşvilinin istefası ilə nəticələndi. İyunun 12-də Gürcüstan hökumətinin başçısı media qarşısına çıxaraq istefa verdiyini rəsmən açıqlayıb. O, baş nazir olduğu müddətdə çox mütərəqqi komanda formalaşdıra bildiklərini qeyd edib və əlavə edib ki, istefaya getməsi sonradan yaranmış bəzi fikir ayrılıqları ilə bağlıdır. 

Ekspertlər Georgi Kvirikaşvilinin istefa səbəblərini təsdiqləsə də, vəzifədən getməsinin hökumət üzvlərilə olan fikir ayrılıqlarından deyil, hakimiyyəti kənardan idarə edən Bdzina İvanaşvili ilə soyuq münasibətlərindən qaynaqlandığını deyir. 

Gürcüstandakı prosesləri şərh edən politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bildirib ki, siyasi vəziyyət son dərəcə gərgindir. Onun sözlərinə görə, Gürcüstandakı siyasi vəziyyətin mürəkkəbləşməsi Rusiyayönlü siyasətçilərlə Qərb tərəfdarları arasında yaranmış ədavətdən qaynaqlanır: "Bdzina İvanaşvili demək olar ki, fəal siyasi həyata qayıdıb və bütün bu prosesləri nəzarət altına almağa çalışır. Baş nazirin istefası da "boz kardinal"la olan “isti münaqişələrlə” bağlıdır. Kvirikaşvili Rusiyaya doğru meyllənməyə başlayan xarici siyasət xəttilə razılaşmayıb.

Ümumiyyətlə, son zamanlar daxildə də bir sıra həssas məsələlərə dair özünün tənqidi münasibətini bildirirdi. Bu səbəbdən də onunla İvanaşvili arasında ciddi gərginlik yaranıb. İvanaşvili son zamanlar ümumiyyətlə, açıq formada Rusiyayönlü siyasət yürütməyin tərəfdarı kimi çıxış edir. Bununla əlaqədar dövlətin bütün sturkturlarına təzyiq formasında tələblər irəli sürür. Rusiya xüsusi xidmət orqanlarının müəyyən fəaliyyəti və Rusiyayönlü Nino Burcanadze kimi siyasilərin də açıq şəkildə fəallaşması nəzərə çarpır. Bu isə Gürcüstanda Qərbyönlü siyasi xətt tərəfdarları arasında ciddi soyuqluğa gətirib çıxarır". 

Politoloq hesab edir ki, baş nazir də bu qarşıdurmanın qurbanı olub: "Mənə belə gəlir ki, İvanaşvilinin yenidən fəal siyasətə qayıtması Gürcüstanın qarışmasında əsas amillərdən biridir. Çünki Qərbyönlü siyasət tərəfdarları İvanaşvilinin siyasi həyata qayıtmasına ciddi  etiraz edib və kiçik formatda başlamış etirazlar genişmiqyaslı çıxışlara çevrilərək hökumətin istefası ilə nəticələndi. Hökumətin istefası isə daha ciddi dəyişikliklərə gətirib çıxara bilər". 

Gürcüstnada dəyişikliklər baş verərsə, bunun sabiq prezident Mixail Saakaşvili üçün də yararlı olacağını istisna etməyən Qabil Hüseynli hesab edir ki, hələlik bəzi siyasi partiyalar proseslərə ciddi qoşulmayıb:"Zənnimcə, əgər siyasi partiyalar proseslərə qoşulsa, xüsusilə Saakaşvilinin partiyası təşkilatçılıq işlərini həyata keçirməyə başlasa, meydan daha da qızışa bilər. Hakim elita yəqin ki, bu dəfə dinc dayanmayacaq. Repressiya tədbirlərinə əl atacaq. Belə şəraitdə isə çıxışların mahiyyəti və masştabı surətlə dəyişəcək. Saakaşvilinin ölkəyə gəlməsi üçün şərait yaranacaq". 

Elmir Murad 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений