Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sahibkarlıq kreditləri azalıb: İş yerləri də…



Ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafında sahibkarlıq fəaliyyətinin genişlənməsi önəmli amillərdən biridir.Nəzərə alsaq ki, hökumət qeyri-neft sektorunun inkişafını prioritet elan edib.Bəs bu yöndə görülən işlər hansı səviyyədədir?Görünən odur ki, müəyyən işlər görülsə də nəticə heç də gözlənilən səviyyədə deyil.Rəsmi məlumatlara görə də sahibkarlığın inkişafında müəyyən azalmalar mövcuddur. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 635,6 milyon manat olan 1950-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. 

Bu isə 2016-cı illə müqayisədə investisiya layihələrinin sayı 22 faiz, verilmiş kreditlərin məbləği isə 23,2 faiz azalıb. Fondun ötənilki fəaliyyəti 6 600-a qədər yeni iş yerinin açılmasına imkan yaradır ki, bu da əvvəlki ilə nisbətən 1 500 iş yeri və yaxud 18,5 faiz azdır. Qeyd edək ki, 2016-cı ilin yekunlarına dair hesabatda da sahibkarlığa ayrılan kreditin həcmi əvvəlki illə müqayisədə azaldığı qeyd olunurdu.

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında baş verən azalmaları müxtəlif səbəblərlə əlaqələndirib. F.İbrahimov hesab edir ki, problemin əsas səbəbi biznes mühitinin olmamasıdır:

“Sahibkarlıq fəaliyyətinin əsas məqsədi ən sonda qoyduğu sərmayədən mənfəət götürməkdən ibarətdir. Elə bir fəaliyyət növü yoxdur ki, mənfəət nəzərdə tutulmasın, ziyana işləsin.Bu baxımdan sahibkarlıq fəaliyyətinin də məqsədi məhz budur.Bundan ötrü də biznes mühiti deyilən anlayış olmalıdır ki, son nöqtədə mənfəət əldə olunsun.Azalmaya səbəb də məhz hazırda biznes mühitinin olmamasıdır.Bir müddət öncə, kreditlərin kortəbii verildiyi dövrdə bəzi sahibkarlar heç bir məsuliyyət daşımırdılar.Krediti götürüm, nə olar-olar.Yəni, məsələyə bu cür, yabanı yanaşırdılar.Problemli kreditləri qəsdən yaradan sahibkarlar da var.

Elə hallar var ki, sahibkarlar götürdükləri kreditlərlə öz problemlərini həll ediblər.Yəni, kreditlər təyinatı üzrə sərf olunmayıb.Bu gün hansı sahibkar belə bir vəziyyət yaradıb, onlar məsuliyyətə cəlb olunurlar.Bu istiqamətdə kifayət qədər cinayət işi açılıb və araşdırmalar gedir.Bu cür səbəblər ki, indi sahibkarlıq kreditlərində azalmalar baş verir. Çünki biznes mühiti olmadığı üçün heç kim məsuliyyət altına girmək istəmir. Sahibkar bilir ki, layihəsi maliyyələşsə belə, sonda mənfəətə çıxmaq çox çətin olacaq.Çünki makroiqtisadi tarazlıq pozulan kimi biznes mühiti itir.Buna görə də ilk növbədə biznes mühitinin bərpa olunması vacibdir ki, gələcəkdə bu kreditlərin artımını görə bilək. Hal-hazırda bu məsələyə iki müstəvidə yanaşmaq lazımdır: məsuliyət və biznes mühiti. Bu mühit olmadığı üçün sahibkarlar avantüraya getmirlər.Bu gün statistikada yaranan azalmanın açıqlaması məhz budur”.

Bu günə qədər Fondun verdiyi kreditlər hesabına görülən işlər qənaətbəxşdirmi? F.İbrahimov hesab edir ki, biznes mühiti olmadığı üçün görülən işlərin effektivliyindən danışmaq olmaz:

“Elə sahələr var ki, görülən işləri qənaətbəxş hesab etmək olar. Amma ümumi müstəvidə götürəndə şübhəsiz ki, istənilən effekti ala bilməmişik.Bunu hesablamaq çox çətin deyil.Ümumdaxili məhsulun statistik rəqəmlərini götürsək, görərik ki, effektivlik yoxdur.Effektli olduğunu o, zaman demək olar ki, görülən işlər rəqəmlərdə əks olunsun.Əgər rəqəmlər bunu göstərmirsə və ya ortaya yalandan rəqəmlər qoyuruqsa, bu qısa zamanda özünü büruzə verir.Yəni, model, fikir, mexanizm var, ancaq biznes mühiti yoxdur.Bu mühit olmadığı üçün görülən işlərin qənaətbəxş olmasından danışmaq olmaz”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений